• çərşənbə, 24 Aprel, 10:56
  • Baku Bakı 13°C

Kiyev-Tbilisi gərginliyi artır

17.09.22 00:00 968
Kiyev-Tbilisi gərginliyi artır

Gürcüstan hakimiyyəti müxalifəti və Ukraynanı ölkəni Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edir. Ukraynadakı siyasətçilər və Gürcüstan müxalifəti isə rəsmi Tbilisini bitərəf qalmaqda, Rusiyanın təcavüzünə qarşı loyallıqda ittiham edirlər. 

Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi postsovet məkanında ikitirəlik yaratmaqdadır. İlk gündən neytral qalmağa üstünlük verən ölkələrlə yanaşı, açıq şəkildə Rusiya və Ukraynanı müdafiə edənlər də oldu. Moldova isə bu günlərdə bir qədər irəli gedərək Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulub. O ki qaldı Gürcüstana - gözləntilərin əksinə olaraq rəsmi Tbilisi hərbi əməliyyatların ilk günündən bitərəf qalaraq Kiyevə açıq dəstək nümayiş etdirmədi. Səbəblər də bəllidir. Əvvəla, Tbilisi Mixail Saakaşvili ilə bağlı Ukrayna hakimiyyətinin tutduğu mövqeni unuda bilmir. Digər səbəb hakim “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili faktorudur. Gürcü əsilli rusiyalı milyarder qeyri-rəsmi olaraq Gürcüstanın lideridir və onun bütün kapitalı Rusiya ərazisindədir. Eyni zamanda, rəsmi Tbilisi rus turistlərinin də ölkəyə gəlməsində maraqlıdır.

Gürcüstan hətta Qərblə gərginliyə gedərək Rusiyanın təcavüzünü pisləməkdən də imtina edib və indi də bunun acısını yaşayır. Belə ki, Avropa İttifaqı üzvlüklə bağlı Moldova və Ukraynaya dəqiq tarix verib, Gürcüstana isə yox. Minlərlə insanın etirazı belə, rəsmi Tbilisini yolundan döndərməyib.

Müxalifət və Ukrayna Tbilisinin hədəfində

Gərginlik o həddə çatıb ki, Gürcüstan hakimiyyəti müxalifəti və Ukrayna rəhbərliyini ölkəni Rusiya-Ukrayna münaqişəsinə sürükləməkdə ittiham edib. Hakim “Gürcü Arzusu”nun lideri İrakli Kobaxidze isə bu məsələ ilə bağlı hətta referendum keçirilməsini təklif edib: əgər Gürcüstan əhalisi ikinci cəbhənin açılmasına səs verirsə, belə də olsun. Tbilisi bununla da Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Milli Agentliyinin hazırladığı və sanksiya tətbiq edilməli olan Gürcüstan vətəndaşlarının siyahısına özünəməxsus formada reaksiya verib. “Qara siyahı”ya keçmiş baş nazir, “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili, onun həyat yoldaşı Ketevan Xaraidze, yaxın qohumları, biznes tərəfdaşları, həmçinin Aleksandr Duqinin dostları, tanınmış sahibkarlar Levan Vasadze və Vano Çxartişvili daxildir.

Bu siyahının Gürcüstanda üzə çıxması Ukrayna Ali Radasının “Xalqın qulluqçusu” fraksiyasının lideri David Araxamiyanın üsyankar şərhi ilə müşayiət olunub: “Cənab İvanişvili, söz verdiyim kimi Ukraynadan sizə böyük salamlar var. Biz işləməyə davam edirik. Əziz gürcülər, əgər siz təkbaşına deoliqarxizasiyanın öhdəsindən gələ bilməsəniz, biz sizə kömək edəcəyik”.

Maraqlı olan məqam Kiyev siyasi dairələrinin Tbilisiyə qarşı yeni hücumunun heç kimin gözləmədiyi vaxtda baş verməsidir. Çünki bir neçə gün əvvəl prezident Volodimir Zelenski həmkarı Salome Zurabişviliyə Ukrayna və Rusiya arasındakı qarşıdurmada Gürcüstanın göstərdiyi həmrəyliyə görə çox emosional formada təşəkkür etmişdi. Təbii ki, minnətdar olmaq üçün səbəb də var. Münaqişə başlayandan minlərlə ukraynalı Gürcüstana sığınıb. Çoxları burada sərfəli şərtlərlə biznes fəaliyyəti göstərirlər. Gürcüstana gələnlərin əksəriyyətinin uzun müddət mənzil pulunu ödəməmək imkanı olub. Bu müavinət ləğv edildikdən sonra Gürcüstan hakimiyyəti hər bir ukraynalı ailəyə azı 200 lari (təxminən 70 dollar) ayırmağı öhdəsinə götürüb. Pulun məbləği əlbəttə ki, azdır, lakin Gürcüstan da zəngin ölkə deyil. Bundan əlavə, uşaq bağçaları və məktəblər ukraynalı uşaqlar üçün pulsuz olaraq qalır.

Gürcüstan Ukraynaya kifayət qədər kömək etmir

Bununla belə, bir qrup tanınmış ukraynalı siyasətçi hesab edir ki, Gürcüstan Ukraynaya kifayət qədər kömək etmir. Tbilisini ittiham edirlər ki, şərab bazarını itirməkdən qorxaraq Rusiyaya qarşı loyal münasibətlərini davam etdirirlər. Bu cür tənqidlərdə gürcü xalqını hakimiyyətdən fərqləndirmək meyli də hiss olunur. Qeyd olunur ki, gürcü xalqı Ukraynanın qələbəsinin tərəfdarıdır, lakin hakimiyyət fərqli mövqe tutur.

Rusiyanı açıq tənqid edənlər Gürcüstandan deportasiya olunurlar

Son zamanlar Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən şəxslərin Gürcüstandan deportasiyası və ya ölkəyə buraxılmaması halları da tez-tez baş verir. Belə ki, ötən gün jurnalist Vasili Krestyaninov sərhəddə saxlanılıb. Maksim Qalkinin və Andrey Makareviçin “Zaman maşını”nın konsertləri ləğv edilib. Hakimiyyət bunu təkzib edərək bildirib ki, konsertləri özəl strukturlar təşkil edir və ləğv olunmanın səbəbini onlardan soruşmaq lazımdır. Eyni zamanda Gürcüstanda daşınmaz əmlakı olan, həyat yoldaşı və qızı Tbilisidə yaşayan digər tanınmış jurnalist və xeyriyyəçi Mitya Aleşkovski (Rusiyada xarici agent kimi tanınıb) də deportasiya olunub.

İvanişvili ittihamlara cavab vermir

Gürcüstanın faktiki sahibi Bidzina İvanişvilinin özü isə susur. O, İsveçrə banklarından birini məhkəməyə verib. Digər tərəfdən, sanksiyalar siyahısına daxil edilmiş digər gürcü biznesmen Vano Çxartişvili müxalifətin ona qarşı qarayaxma kampaniyası apardığını bildirib. Biznesmenin açıq məktubunda deyilir ki, “haqqımda yayılan bütün məlumatlar saxtadır, müəyyən gürcü siyasətçiləri və onların nəzarətində olan media tərəfindən tərtib edilib”. Çxartişvili vurğulayıb ki, onun Rusiya şirkətləri ilə əlaqəsi barədə deyilənlər həqiqətə uyğun deyil. O, beynəlxalq məhkəmələrə müraciət etmək və külli miqdarda təzminat almağa çalışmaq niyyətindədir.

Gürcüstanı incik salan səbəb

Bu bir faktdır ki, Ukrayna ilə Rusiya arasında müharibə başlayan gündən Qərb Moskva ilə qarşıdurmada Kiyevə hərtərəfli dəstək verir. Bu dəstək hətta o səviyyəyə çatıb ki, ABŞ ikinci dünya müharibəsindən sonra ilk dəfə olaraq lend-liz proqramını işə salıb. Amma vaxtilə Gürcüstan Rusiya tərəfindən hücuma məruz qalanda ona bu sayaq dəstək göstərilmədi. 2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum edəndə Qərb prosesi sadəcə kənardan izləməklə işini bitirmiş hesab etdi. Nəticədə Gürcüstan Cənubi Osetiya və Abxaziyanı itirdi.

Azər NURİYEV    

 

banner

Oxşar Xəbərlər