Kiçik sahədən böyük gəlir
Aqrar sahədə növbəti hədəflərdən biri giləmeyvə istehsalının artırılması olacaq. Ekspertlər ilk növbədə bütöv təchizat zəncirinin formalaşdırılmasını zəruri hesab edirlər.
Azərbaycanda giləmeyvə istehsalının genişləndirilməsi qarşıdakı dövr üçün əsas aqrar hədəflərdən biri olacaq. Bu istiqamətdə məqsəd yalnız istehsal həcmini artırmaq deyil, həm də məhsuldarlığı yüksəltmək, emal imkanlarını genişləndirmək və yerli giləmeyvələrin xarici bazarlara çıxışını artırmaqdır. Göygöldə keçirilən "III Moruq festivalı"nda kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bildirib ki, ölkədə intensiv bağlar istiqamətində genişlənmə müşahidə olunur. Növbəti hədəflərdən biri isə giləmeyvə istehsalının artırılması olacaq.
Bəs, görəsən, bu hədəfə çatmaq üçün hansı addımlar atılmalıdır?
Mütəxəssislərin fikrincə, giləmeyvəçiliyin inkişafı üçün fermerlərin keyfiyyətli əkin materialı ilə təmin edilməsi, müasir becərmə texnologiyalarının tətbiqi, su təminatının yaxşılaşdırılması və məhsulun saxlanması üçün infrastrukturun genişləndirilməsi vacibdir. Xüsusilə giləmeyvələrin tez xarab olan məhsullar olması soyuducu anbarların və düzgün logistika sisteminin əhəmiyyətini artırır.
Digər tərəfdən, istehsalın artması ilə yanaşı emal imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Moruq və digər giləmeyvələrin dondurulmuş, qurudulmuş, şirə və digər emal olunmuş məhsullar formasında bazara çıxarılması əlavə dəyərin yüksəldilməsinə imkan verə bilər.
İstehsalın artırılması üçün potensial var
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov bildirib ki, giləmeyvə istehsalının genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Onun sözlərinə görə, xüsusilə moruq həm daxili, həm də xarici bazarlarda yaxşı qiymətə satılan məhsullardan biridir. "Düzdür, məhsulun rəf ömrü çox qısadır və onu digər meyvələr kimi uzun müddət saxlamaq çətindir. Buna baxmayaraq, moruq həm daxili, həm də xarici bazarda qiymət baxımından əlverişli məhsuldur", - ekspert qeyd edib. Onun fikrincə, son illər xaricdən daha məhsuldar yeni sortların gətirilməsi fermerlərin bu sahəyə marağını artırıb. Bununla belə, bu istehsal istiqaməti Azərbaycanda hələ geniş yayılmayıb və fermerlər üçün ənənəvi sahələrdən biri hesab olunmur.
Fermerləri qorxudan səbəb
Ekspert hesab edir ki, fermerlərin giləmeyvə istehsalına daha çox maraq göstərməsi üçün əsas məsələlərdən biri məhsulun tədarükü və saxlanması ilə bağlı problemlərin həllidir. "Əgər tədarükçülər məhsulu fermerdən vaxtında və yaxşı qiymətə alsalar, soyuducu anbarlar kifayət qədər olsa, fermerin bu sahəyə marağı daha da artar. Moruq uzun müddət saxlanıla bilən məhsul deyil. Məhsul qısa müddətdə bazara çıxarılmalı və ya ixrac edilməlidir", – M.Həsənov vurğulayıb. O bildirib ki, regionlar üzrə də vəziyyət fərqlidir. Qərb bölgəsində giləmeyvə istehsalı daha geniş yayılsa da, burada soyuducu anbarların sayı nisbətən azdır. Şimal bölgəsində isə soyuducu anbar imkanları daha yaxşı olsa da, giləmeyvə istehsalı hələ geniş yayılmayıb.
M.Həsənovun sözlərinə görə, fermerlərlə tədarükçü və ixrac şirkətləri arasında əlaqələrin gücləndirilməsi sahənin inkişafına ciddi təkan verə bilər. Fermer məhsulunun əvvəlcədən alıcısının və satış kanalının olduğunu bildikdə istehsalı artırmaqda daha maraqlı olur.
Bu sahə məşğulluğun artırılması baxımından da əhəmiyyətlidir
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, Azərbaycanın giləmeyvəçiliyi, xüsusilə moruq istehsalını prioritet istiqamətlərdən birinə çevirmək qərarı kifayət qədər əsaslıdır. Onun sözlərinə görə, ölkənin müxtəlif torpaq-iqlim şəraiti moruq, qarağat, çiyələk, böyürtkən və digər giləmeyvələrin yetişdirilməsi üçün əlverişli imkanlar yaradır.
Göygöl, Qəbələ, Şəki, Qax və Zaqatala kimi rayonların mikroiqlim xüsusiyyətləri giləmeyvəçilik üçün xüsusilə əlverişlidir.
İqtisadçının fikrincə, bu sahənin əsas üstünlüklərindən biri nisbətən kiçik ərazidən yüksək gəlir əldə etmək imkanının olmasıdır. Eyni zamanda, məhsulun emal edilməsi əlavə dəyərin formalaşdırılmasına şərait yaradır. "Cem, mürəbbə, şirə və dondurulmuş məhsul istehsalı ilə yanaşı, xarici bazarlarda təzə və dondurulmuş giləmeyvələrə tələbat da ixrac üçün imkan yaradır", - ekspert qeyd edib.
A.Nəsirli hesab edir ki, sahənin inkişafı məşğulluğun artırılması baxımından da əhəmiyyətlidir.
İstehsal zənciri tam formalaşmayıb
Bununla belə, iqtisadçı Azərbaycanın mövcud potensialından hələ tam istifadə etmədiyini düşünür. Onun sözlərinə görə, istehsalda artım müşahidə olunsa da, giləmeyvə əkinlərinin ümumi meyvəçilikdə payı hələ məhduddur.
A.Nəsirli əsas problemlər sırasında müasir sortların və intensiv aqrotexnikanın kifayət qədər geniş yayılmamasını, suvarma imkanlarının məhdudluğunu, giləmeyvələrin tez xarab olması səbəbindən soyuq zəncir və logistika infrastrukturunun çatışmazlığını göstərib. O, həmçinin emal müəssisələrinin imkanlarının genişləndirilməsinə, beynəlxalq sertifikatlaşdırmanın fermerlər üçün daha əlçatan olmasına və kiçik istehsalçıların kooperativlərdə birləşməsinə ehtiyac olduğunu vurğulayıb.
Ekspertin fikrincə, dövlət dəstəyi yalnız bağların salınmasına deyil, bütün istehsal zəncirinə yönəlməlidir. İntensiv bağların və məhsuldar sortların dəstəklənməsi ilə yanaşı, damcı suvarma sistemlərinə, soyuducu anbarlara, logistika və emal müəssisələrinə investisiyalar artırılmalıdır. "Ən vacib məsələ məhsul istehsal etdikdən sonra onun necə və kimə satılacağıdır. Əgər fermer yalnız məhsul istehsal edir, lakin soyuducu anbarı, emal müəssisəsi və ixrac kanalı yoxdursa, yüksək məhsuldarlıq belə gəlirliliyə çevrilməyə bilər", – A.Nəsirli bildirib.
Ekspert hesab edir ki, giləmeyvəçilik üzrə siyasət yalnız "bağ salaq" prinsipi ilə deyil, "istehsal-saxlama-emal-sertifikatlaşdırma-ixrac" zəncirinin bütöv şəkildə qurulması prinsipi ilə aparılmalıdır.
Sevinc Abbasova