10 min vergi ödəyicisi faydalanacaq
Başlıca hədəf vergitutma prosesinin sadələşdirilməsi, sahibkarlıq şəraitinin yaxşılaşdırılması, vergi ödəyicilərinin üzərindəki inzibati və maliyyə yükünün azaldılması, paralel olaraq fiskal sabitliyin qorunmasıdır.
Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin noyabrın 6-da keçirilən iclasında vergi qanunvericiliyinə dəyişikliklər müzakirə edilib.
İclasda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, dəyişikliklər biznesin inzibati və maliyyə yükünün azaldılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına və vergi sisteminin müasir iqtisadi çağırışlara uyğunlaşdırılmasına xidmət edir. Onun sözlərinə görə, başlıca hədəf vergitutma prosesinin sadələşdirilməsi, sahibkarlıq şəraitinin yaxşılaşdırılması, vergi ödəyicilərinin üzərindəki inzibati və maliyyə yükünün azaldılması, paralel olaraq fiskal sabitliyin qorunmasıdır. Sənəd ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə, strateji sahələr üzrə məqsədlərə, o cümlədən sənaye və turizm sektorlarının stimullaşdırılması vəzifələrinə əsaslanaraq hazırlanıb. Xidmət rəisi qeyd edib ki, irəli sürülən dəyişikliklərin müəyyən hissəsi sahibkarlıq subyektləri ilə aparılmış geniş həcmli müzakirələrin yekunu olaraq və onların təqdim etdiyi təkliflər nəzərə alınaraq hazırlanıb: "Müzakirələrin nəticələri cari ilin büdcə-vergi siyasətinin formalaşdırılmasında öz əksini tapıb. Ümumilikdə, hazırkı qanun layihəsində dəyişiklik təklif olunan 67 istiqamətdən 21-i sahibkarların təqdim etdiyi və Dövlət Vergi Xidməti tərəfindən məqsədəuyğun sayılan təkliflər bazasında hazırlanıb".
Mikro və kiçik sahibkarlığın inkişafının stimullaşdırılması
Orxan Nəzərli qeyd edib ki, Vergi Məcəlləsinə dəyişiklikdən təxminən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir. Biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklər mikro və kiçik sahibkarlığın dəstəklənməsini, vergi ödəyicilərinin vergi öhdəliklərini vaxtında yerinə yetirməsinin stimullaşdırılmasını, kənd təsərrüfatında yeni vergitutma mexanizminin tətbiqi ilə ayrı-ayrı sektorların inkişafını, həmçinin bir sıra vergi güzəştlərinin müddətinin uzadılmasını əhatə edir: "Bu çərçivədə növbəti il üçün təklif olunan mühüm dəyişikliklərdən biri mikro və kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına, fəaliyyətlərinin dayanıqlığının təmin edilməsinə və uzunmüddətli böyümə imkanlarının genişləndirilməsinə yönəlib. Ən azı iki il kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicilərinə müəyyən şərtlər daxilində gəlir və ya mənfəət vergisi üzrə beşillik güzəştin tətbiqi nəzərdə tutulur".
Faizlərin iki dəfə azaldılması təklif edilir
O. Nəzərli bildirib ki, vergi öhdəliklərinin vaxtında ödənilməməsinə görə hesablanan faizlərin iki dəfə azaldılması barədə təklif irəli sürülüb. Onun sözlərinə görə, ixraca yönəlmiş fəaliyyətin həvəsləndirilməsi də nəzərdə tutulan dəyişikliklərin prioritet istiqamətlərindən birini təşkil edir: "Bu sahədə ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə əlavə vergi güzəştlərinin tətbiqi təklif olunur. İrəli sürülən təşviqlər təkcə malların deyil, eyni zamanda xidmətlərin ixracını da əhatə edir. Həmin dəyişikliklər yerli sahibkarlıq subyektlərinin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ölkənin ixrac potensialının gücləndirilməsinə hesablanıb".