Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayır
Bakıda İspaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin (IE Hub for Leadership and Innovation) açılışı olub. PAŞA Holding və SOCAR ilə strateji tərəfdaşlıq çərçivəsində yaradılan Mərkəz Elm və Təhsil Nazirliyinin və İqtisadiyyat Nazirliyinin institusional dəstəyi ilə fəaliyyət göstərəcək.
ADA Universitetində yerləşən Mərkəzin əsas məqsədi korporativ əməkdaşlığı genişləndirmək, insan kapitalının inkişafını dəstəkləmək, yeni bilik və ideyaların tətbiqini təşviq etmək, eləcə də sahibkarlıq və innovasiya ekosisteminin inkişafına töhfə verməkdir. Mərkəz ilk növbədə Azərbaycana yönəlmiş fəaliyyətini gələcəkdə Mərkəzi Asiya regionunda əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə tamamlayacaq.
Mərkəzin fəaliyyəti üç əsas istiqaməti əhatə edir: Təhsil və inkişaf, tədqiqat və innovasiya, yeni bizneslərin yaradılması.
Mərkəzin açılış mərasimində iştirak edən PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov insan kapitalının inkişafı, bilik və təcrübə mübadiləsi, eləcə də innovativ düşüncə tərzinin təşviqinin uzunmüddətli iqtisadi inkişaf və rəqabət qabiliyyəti baxımından əhəmiyyətini vurğulayıb.
Mərkəzin açılışının mühüm hadisə olduğunu söyləyən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva isə bildirib ki, IE HUB sadəcə yeni bir məkanın yaradılması və ya yeni proqramın həyata keçirilməsi deyil. Burada əsas diqqət insanlara yönəlib. Çünki son nəticədə ən mühüm sərmayə insanlara – onların bilik və bacarıqlarına, potensialına, dəyişikliklərə uyğunlaşmaq, bu dəyişikliklərə istiqamət vermək və yeni tendensiyaların müəyyənləşdirilməsində öncül olmaq qabiliyyətinə qoyulan sərmayədir.
“Binalar inşa etmək, texnologiyalar əldə etmək mümkündür. Lakin bütün bunların işləməsini təmin edən, ideyaları reallığa çevirən, başqalarını ruhlandıran və çətinlikləri yeni imkanlara çevirən məhz insanlardır. Dayanıqlı inkişafın təməli də elə burada qoyulur. Bugünkü tədbirə xüsusi əhəmiyyət qazandıran da məhz budur”, - deyə Ziba Mustafayeva vurğulayıb.