• şənbə, 14 Noyabr, 02:39
  • Baku Bakı 13°C

İKT sektorunda rekord artım

14.11.26 02:26 0
İKT sektorunda rekord artım

Azərbaycanın İKT sektorunda mövcud artım tempini qorumaq və regional rəqabət qabiliyyətini gücləndirmək mümkündür. Lakin əsas uğur meyarı yalnız sektorun həcminin artması deyil, yaradılan texnoloji məhsulların, xidmət ixracının, innovativ şirkətlərin və yüksəkixtisaslı iş yerlərinin sayının artması olmalıdır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 57,4 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur. Təkcə sentyabr ayında isə sektorda 282,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,6 faiz artım deməkdir.

Ümumi Daxili Məhsulda payı 2 faizə çatan İKT sektoru ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından perspektivli istiqamətlərdən biri kimi çıxış edir. Son illərdə rəqəmsallaşma, texnoloji infrastrukturun inkişafı və İT sahəsinə investisiyaların artırılması istiqamətində atılan addımlar fonunda sektorda qeydə alınan artım xüsusi maraq doğurur.

Maraqlıdır, artım tempi İKT sahəsində son vaxtlar atılan addımların səmərə verdiyinin göstəricisi kimi qəbul edilə bilərmi? Ümumiyyətlə, Azərbaycan bu templə region ölkələri ilə arasındakı İKT fərqini azalda biləcəkmi?

“Diqqət insan kapitalının gücləndirilməsinə yönəlməlidir”

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, cari ilin yanvar-sentyabr aylarında İKT sektorunda qeydə alınan artım son iki ildə bu sahədə atılan çoxşaxəli addımların real nəticələr verdiyini açıq şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, dövlət rəhbərliyi səviyyəsində İKT sektoruna göstərilən diqqət və aidiyyəti qurumların intensiv fəaliyyəti rəqəmsal transformasiya prosesinə güclü təkan verərək artım dinamikasını kəskin sürətləndirib: “İnfrastrukturun yenilənməsi, genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsinin genişlənməsi, e-dövlət xidmətlərinin inteqrasiyası və İT ekosisteminin stimullaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Bu addımlar rəqəmsal iqtisadiyyatın fiziki həcmini genişləndirməklə yanaşı, sektorda xidmət dövriyyəsinin də indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatmasına zəmin yaradıb. Əldə olunmuş artım tempinin uzunmüddətli və davamlı olmasını təmin etmək üçün prosesin növbəti mərhələsində iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliyinə nail olmaq vacibdir. Baza infrastrukturu qurulduqdan sonra diqqət insan kapitalının gücləndirilməsinə, süni intellekt və kibertəhlükəsizlik sahələrində yerli kadrların hazırlanmasına, proqram təminatı istehsalına və özəl sektorla elmi-tədqiqat layihələrinin genişləndirilməsinə yönəldilməlidir”.

Regional rəqabətdəki boşluqlar

Region ölkələri ilə rəqabətdə mövcud olan bəzi boşluqlara gəldikdə isə, mütəxəssis bildirir ki, xüsusən İT xidmətlərinin ixracı, vençur kapitalı və startap ekosisteminin inkişaf səviyyəsində fərqlər var: “Bu fərqi aradan qaldırmaq üçün dövlət dəstəyi ilə qlobal İT nəhənglərinin ölkəyə cəlb edilməsi, vergi stimullarının daha da çevikləşdirilməsi və yerli şirkətlərin xarici bazarlara çıxışının dəstəklənməsi həlledici addımlar olacaq”.

“Yalnız infrastrukturun inkişafı kifayət deyil”

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İnnovasiya Komitəsinin sədri Mircəlal Bağırov deyir ki, Azərbaycanda İKT sektorunda müşahidə olunan artım müsbət tendensiyadır və son illərdə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini göstərir: “Xüsusilə proqram təminatının işlənməsi və məsləhət xidmətlərində 32,2 faizlik artım diqqətəlayiqdir. Lakin artım tempinin davamlı olması üçün yalnız infrastrukturun inkişafı kifayət deyil. Əsas diqqət yüksəkixtisaslı kadrların hazırlanmasına, innovasiyaların təşviqinə, yerli texnologiya şirkətlərinin inkişafına və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəldilməlidir. Azərbaycanın əsas hədəfi texnologiyaları istehlak edən ölkədən texnoloji məhsul və xidmətlər yaradan, onları beynəlxalq bazarlara ixrac edən ölkəyə çevrilmək olmalıdır. Bunun üçün vençur maliyyələşməsi, universitet-özəl sektor əməkdaşlığı və innovativ bizneslərə dövlət dəstəyi daha da gücləndirilməlidir”.

“Texnologiya bazarında daha böyük pay əldə etmək üçün ciddi potensial var”

Mütəxəssis bildirir ki, Azərbaycanın bu sahədəki inkişafını qiymətləndirərkən telekommunikasiya infrastrukturu, proqram təminatı sənayesi, texnoloji xidmətlərin ixracı və insan kapitalı ayrı-ayrılıqda nəzərdən keçirilməlidir: “Beynəlxalq Telekommunikasiya İttifaqının 2025-ci il İKT İnkişafı İndeksində Azərbaycan 85,9 bal, Gürcüstan 89,5 bal, Qazaxıstan isə 90,5 bal əldə edib. BMT-nin 2024-cü il Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycanın mövqeyi 74-cü, Gürcüstanın 69-cu, Qazaxıstanın isə 24-cü olub. Daha vacib fərqlərdən biri texnoloji xidmətlərin ixracında özünü göstərir. Dünya Bankının 2025-ci il məlumatlarına əsasən, İKT xidmətlərinin ixracı Azərbaycanda təxminən 130 milyon ABŞ dolları, Gürcüstanda 1,29 milyard dollar, Qazaxıstanda isə 1,36 milyard dollar təşkil edib. Bu rəqəmlər Azərbaycanın beynəlxalq texnologiya bazarında daha böyük pay əldə etməsi üçün ciddi potensialın mövcud olduğunu göstərir. Bu fərqi azaltmaq üçün ilk növbədə yerli İT şirkətlərinin beynəlxalq bazarlara çıxışı stimullaşdırılmalı, startapların maliyyələşmə imkanları genişləndirilməli, süni intellekt, kibertəhlükəsizlik, proqram təminatı və bulud texnologiyaları üzrə ixtisaslaşma gücləndirilməlidir. Eyni zamanda, dövlət və özəl sektorun rəqəmsallaşma layihələrində yerli texnologiya şirkətlərinin iştirakı artırılmalıdır. Beləliklə, ölkə daxilində formalaşan tələbat yerli texnoloji biznesin inkişafına və sonradan ixrac potensialının yaranmasına xidmət edə bilər”.

Ekspertin fikrincə, Azərbaycanın İKT sektorunda mövcud artım tempini qorumaq və regional rəqabət qabiliyyətini gücləndirmək mümkündür. Lakin əsas uğur meyarı yalnız sektorun həcminin artması deyil, yaradılan texnoloji məhsulların, xidmət ixracının, innovativ şirkətlərin və yüksəkixtisaslı iş yerlərinin sayının artması olmalıdır.

Aygün Əziz

banner

Oxşar Xəbərlər