Keyfiyyətə yox, kəmiyyətə fokuslanma
Azərbaycanda startap bazarı inkişaf etməyə başlayıb. Geridə qalan 2024-cü ildə 65 startap öz statusunu minimal işlək məhsul səviyyəsinə çatdırıb. Ötən ay tamamlanan akselerasiya proqramlarından birində yerli startaplar 700 min avro investisiya əldə edib. Bəzi yerli startaplar artıq xarici bazarlara da çıxıblar.
“Ötən il Azərbaycanda 65 startap öz statusunu minimal işlək məhsul səviyyəsinə çatdırıb”. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov deyib. Qurum rəsmisi qeyd edib ki, ötən il bazar əlçatanlığının artırılması üçün doqquz "Demo day" keçirilib. Bu tədbirlərdə 100-dən çox startap iştirak edib və onları 300-dən çox şəxs təmsil edib.
Müxtəlif səviyyələrdə startaplara dəstək imkanları olsa da, bu sahədə ciddi irəliləyiş müşahidə edilmir. Bunun səbəbi nədir? Azərbaycanda startaplarla bağlı problemlər və perspektivlər nədir?
Yerli startaplar 700 min avro vəsait əldə edib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) “Kaspi” qəzetinə verilən məlumata görə, bu istiqamətdə ciddi işlər aparılır: “Bu dəstək akselerasiya və inkubasiya proqramlarına cəlb olunma, mentorluq xidmətlərindən faydalanma, investisiya alətlərinə çıxış, xarici bazarlarda əməkdaşlıq kimi sahələri əhatə edir. Bu səylərin nəticəsi artıq özünü göstərməyə başlayıb. Məsələn, ötən ay tamamlanan akselerasiya proqramlarından birində yerli startaplar 700 min avro investisiya əldə edib ki, bunun 350 mini nağd vəsait, 350 mini isə mentorluq dəstəyi şəklində təmin olunub. Bəzi yerli startaplar artıq xarici bazarlara çıxaraq uğurla fəaliyyət göstərirlər. Məsələn, "Corpowid" startapı Türkiyə bazarında, "Recepta" Səudiyyə Ərəbistanı və ABŞ bazarlarında, "Epoint" Gürcüstanda, "Coffein" isə Kanadada fəaliyyətini davam etdirir. Bu startapların hamısı ekosistemdə son illərdə yaradılmış layihələrdir və həyata keçirilən işlərin uğurlu nəticəsini təsdiqləyir”.
20-dən çox startap üçün bir milyon dollar
Qurumdan bildirilir ki, startapların yalnız sayı deyil, keyfiyyəti də böyük əhəmiyyət daşıyır: “Son iki ildə təxminən 400 startap bizim təşkil etdiyimiz və dəstəklədiyimiz müxtəlif müsabiqə, proqram və tədbirlərdə iştirak edib. 2024-cü il üçün isə 65 minimal işlək məhsul səviyyəsinin (MVP) yaradılması ilə yanaşı, bu startapların keyfiyyətinin və inkişafının artırılmasına xüsusi diqqət ayrılacaq. Startapların əldə etdiyi investisiyalar da artmaqda davam edir. Ötən iki il "Caucasus Ventures" tərəfindən 20-dən çox startapa 1 milyon ABŞ dollarından çox məbləğ investisiya verilib. Hazırda 300 min ABŞ dollarından çox məbləğin daha altı startapa ayrılması üzərində işlər gedir. 2024-cü ildə isə akselerasiya proqramları çərçivəsində bir milyon avroya yaxın investisiya yerli startaplara təqdim olunub”.
Yerli mentorların azlığı əsas problemlərdən biridir
İRİA-nın məlumatına görə, regionların inkişafı da diqqət mərkəzindədir. Ötən il oktyabr və noyabr aylarında keçirilən hakatonlarda 50-dən çox layihə iştirak edib: “İnkişaf prosesi təbii olaraq müəyyən çətinliklərlə müşayiət olunur. Məsələn, yerli mentorların azlığı əsas problemlərdən biri olaraq qalır. Lakin bu sahədə də irəliləyiş əldə etmək üçün ciddi addımlar atılır. 2023-cü ildən bu yana 100-dən çox yerli mentorun yetişdirilməsi dəstəklənib və onlar hazırda ekosistemdə fəal şəkildə iştirak edərək öz bilik və təcrübələrini bölüşürlər. Bu sahənin daha da genişlənməsi üçün peşəkar mütəxəssislərin sahibkarlıq istiqaməti ilə bağlı öyrənmələri, sahibkarlığın müasir dövrdə nə qədər perspektivli bir yol olduğunu anlamaları mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, media vasitələrinin bu istiqamətdə maarifləndirmə və təbliğat işlərinə cəlb olunması, sahibkarlığın cəmiyyət arasında daha geniş təşviqi üçün vacibdir”.
Keyfiyyətin aşağı olmasının müxtəlif səbəbləri var
"İstiqbal-1" dron layihəsinin həmmüəllifi, innovasiya üzrə Gənclər üçün Prezident mükafatçısı Suat Muradov deyir ki, minimal işlək məhsul səviyyəsi (MVP) məhsulun ilkin minimal işlək versiyasıdır. Onların keyfiyyətli olmamasının müxtəlif səbəbləri var: “Birincisi, bizdəki inkubatorlar, akselerasiya mərkəzləri hələ təzə-təzə təşəbbüslər irəli sürməyə başlayıblar. Bir şeylər yeni olanda, bir növ xaricdən klonlama prosesi ilə gedir. Yəni, adətən daha çox Dubaydakı, Rusiyadakı modellər Azərbaycana klonlanır. Burada problem odur ki, Azərbaycan konteksti həmişə nəzərə alınmır. Belə rəqabət mühitlərində haradakı resurslar məhduddur, haradakı maliyyə vəsaitləri ayrılır və yeni fürsətlər var, həmin təşəbbüsün fokusu ya özünüreklam, ya da sadəcə vəsaitə çıxış və onun istismarı olur. Proqressiv opportunizm baş verir. Bunun da nəticəsi odur ki, keyfiyyətə yox, kəmiyyətə fokuslanma çox olur”.
Pul ayrılır, amma keyfiyyətli iş olmur
Bəzi startapların keyfiyyətli olmaması məsələsinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, “Startup Pitch” düzgün qurulmur: “Startup Pitch” startapın mahiyyətini, ideyasını, planını və potensialını izah edən təqdimatdır. Təqdimat zamanı startapçı investorları inandırmalıdır ki, onların startapına investisiya ayırmağa dəyər. Bir növ satış platformasının demosudur. “Pitch”lər adətən bir neçə dəqiqə çəkir. Orada bazar araşdırması olmalıdır. Burada startapın hansı bazarı hədəflədiyini və müştərilərin hansı problemləri həll edə biləcəyini qeyd etmək lazımdır. Həmçinin hansı rəqiblərin olduğu və startapın onlardan nə ilə fərqləndiyi də izah olunmalıdır. Pul ayrılır, amma ortada keyfiyyətli iş olmur”.
65 uğurlu rəqəmdir
İnvestisiya məsələsində gəldikdə isə, S.Muradov Azərbaycanda yatırım bazarının ümumilikdə kifayət qədər zəif olduğunu düşünür: “Bizdə böyük yatırımçılar çoxdur. Onlar da daha konservativ sahələrə yatırım edirlər. Bu tip sahələrə onların yatırımlarını gözləmək Azərbaycan mühitində real deyil. Bəli, akselerasiya mərkəzlərindən həqiqətən yararlanan, fayda götürən komandalar var, amma bu say kifayət qədər deyil. Çünki mərkəzlərə baş çəkən investorların çox kiçik faizi yatırım edir. Hazırkı reallıqda 65 rəqəmi olduqca uğurlu rəqəmdir”.
Aygün Əziz