• çərşənbə axşamı, 25 fevral, 17:49
  • Baku Bakı 4°C

Kolxozlar geri qayıdır? 

25.02.25 14:42 0
Kolxozlar geri qayıdır? 

Aqroparklar aqrar sahədə məhsuldarlığın yüksək olmasına zəmin yaradır, məşğulluğun təmini və genişlənməsi üçün başlıca vasitə hesab olunur. Lakin ekspertlər bu məsələdə bəzi məqamların nəzərə alınmasını zəruri sayırlar.

Azərbaycanda 22 rayon üzrə 66,3 min hektar ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib. O bildirib ki, 23 aqropark artıq fəaliyyətə başlayıb, bir aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan altısı heyvandarlıq, altısı meyvəçilik, 11-i əkinçilik, biri isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb.

Maraqlıdır, aqroparklar keçmiş kolxozları əvəzləyə, rayonlarda və kəndlərdə məşğulluğu təmin edə bilərmi? 

"Daha çox məhsul istehsalı hədəflənib"

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, aqroparkların yaradılması daha çox məhsul istehsalına hədəflənib: “Torpaq islahatı haqqında” qanundan sonra əkin üçün məhsuldar olan torpaqlar əhali arasında paylanıldı, ailə təsərrüfatları yaradıldı. Lakin sonralar bunun effektli olmadığı ortaya çıxdı. Çünki ərazilər kiçik olduğu üçün həm suvarma, aqrotexniki qaydalar, həm də növbəli əkin baxımından sərfəli deyildi. Daha sonra nisbətən məhsuldar torpaqlarda, dövlətin əlində olan ərazilərdə böyük aqroparklar yaradıldı. Bu aqroparklar texniki avadanlıqlar, müasir suvarma sistemləri ilə təmin olunub. Burada aqrotexniki qaydalardan istifadə edərək daha çox məhsul istehsal olunması hədəflənib”. 

"Bu, məşğulluğa müsbət təsir edir"

Mütəxəssis bildirir ki, aqroparkların yaradılması və fəaliyyəti insanların məşğulluğuna müsbət təsir edir. Lakin iki məqama diqqət etmək gərəkdir: “Nəzərə almaq lazımdır ki, aqroparklar zamanında əkin sahələri yox, örüş, heyvandarlıq üçün istifadə olunan sahələr olub. Hazırda diqqət olunası məsələlərdən biri aqroparkların sayının artmasının heyvandarlığa mənfi təsir etməməsidir. İkinci vacib məsələ isə, köhnə, ənənəvi daha məhsuldar torpaqlar ki var, bu aqroparkların formalaşması həmin məhsuldar ərazilərdə digər imkanların zəifləməsinə gətirib çıxara bilər. Həmin region üçün bu iki məsələ yoxdursa, orada aqropark yaratmaq çox yaxşı addımdır. Nəticələrdən də görünür ki, belə intensiv təsərrüfatlarda daha çox məhsul istehsal olunur. Təbii ki, belə təsərrüfatların yaradılması ilə orada kifayət qədər böyük texnika, avadanlıq işlədilir, bu da insanların məşğulluğuna müsbət təsir edir”.

“Kolxoz, sovxoz sistemindən qurtulmuşuq”

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, aqroparklar müasir dövrdə, tənzimlənən bazar iqtisadiyyatı şəraitində kənd təsərrüfatının inkişafında mühüm rol oynayan mexanizm sayılır: “Biz artıq sovet sistemindəki kolxoz, sovxoz idarəetmə mexanizmindən tamamilə qurtulmuşuq. 90-ci illərin ortalarında aparılan torpaq islahatları ilə aqrar sahənin inkişafını şəxsi, fərdi təsərrüfatların öhdəsinə, fermer təsərrüfatlarına buraxmışıq. Lakin ötən dövr ərzində təcrübə də bunu göstərdi ki, populyasiya, qarşılıqlı əlaqələndirilmiş formada təsərrüfat fəaliyyəti aqrar sahədə daha çox nailiyyətlər əldə etməyə imkan verir. Bu, həm məhsuldarlıq, həm daha çox ixrac yönümlü məhsulların istehsalı, həm də məşğulluq baxımından daha məqbul variant sayılır. Bu mənada aqroparklar kənd təsərrüfatı üçün ən optimal mexanizm hesab olunur. Ümumiyyətlə, sənaye parklarının və aqroparkların yaradılması ölkədə qeyri-neft və qaz sektorunun inkişafı sahəsində qarşıya qoyulan vəzifələrin əldə olunmasına, o vəzifələrin həllinə birbaşa vasitə sayılır”. 

Aqroparklar, yoxsa kiçik təsərrüfatlar?

Mütəxəssis vurğulayır ki, ölkədə çoxlu sayda aqroparkların yaradılması vacibdir: “Aqroparklar kənd təsərrüfatı sahəsində məhsul əkin-biçini, tədarükü və emalı proseslərinin zəncirvari təşkil olunması üçün gözəl vasitə hesab olunur. Dövlətin aqrar sektor sahəsindəki güzəştləri, ayırdığı subsidiyalar, müxtəlif maliyyə dəstəyi formalarının həyata keçirilməsinin yaratdığı imkanlar aqroparklarda daha geniş xarakter daşıyır. Məsələn, ayrı-ayrı xırda fərdi təsərrüfatlar üzrə tətbiq olunan güzəştlər bəzən təyinatı üzrə istifadə olunmur. Amma aqroparkların yaradılması şəraitində, bütün bunlar daha yaxşı effekt verir. Aqroparklar aqrar sahədə məhsuldarlığın yüksək olmasına, daha çox ixrac yönümlü məhsul istehsalına zəmin yaradır, məşğulluğun təmini və genişlənməsi üçün başlıca vasitə hesab olunur”.

3720 nəfər işlə təmin olunub

Qeyd edək ki, qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

2024-cü ildə əkin dövriyyəsinə cəlb olunmuş 42,5 min hektar torpaq sahəsinin 35,7 min hektarı suvarılan ərazilərdir ki, bunun da 26 min hektarında (73%-i) mütərəqqi suvarma sistemləri qurulub. 2024-cü ildə aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ədəd ting əkilib. Aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib. Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər