Hasilat artır, bəs qiymət?

OPEC+ hasilatı artırmaq qərarı verib. Ekspertlərin fikrincə, bu qərar gözlənilən idi. Çünki dünyada neftə tələbat artır. Lakin hasilatın artırılmasının Azərbaycan üçün ciddi risk daşımadığı qənaəti mövcuddur.
OPEC+ hasilatı artırmaq qərarı verib. Tərəfdaş ölkələr noyabrda neft hasilatını sutkada 137 min barel artırmağa razılaşıblar. Məlumata görə, ən böyük artım Səudiyyə Ərəbistanında gözlənilir və burada neft hasilatı sutkada 41 min barel artacaq. Bəs hasilatın artmasına səbəb nədir? Bu, qiymətlərə necə təsir edəcək? Azərbaycan üçün bu dəyişikliklər nəyə səbəb ola bilər?
“Hasilat həcmlərinin artırılması doğru addımdır”
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin sözlərinə görə, OPEC dövlətləri iddia edirlər ki, hasilat artımı sağlam bazar əsasları, xam neft həcmlərinin azalması ilə bağlıdır: “Burada qlobal perspektivlərin qənaətbəxş olmasını vurğulayırlar. İndiki geosiyasi vəziyyətdə bütün enerji bazarlarında neft balansını qoruyub saxlamaq o qədər də asan deyil. Çünki tədarük zənciri demək olar ki, pozulub, neft axını xətləri daim öz istiqamətini dəyişir. Bu baxımdan bazarda uzunmüddətli balansın saxlanması üçün hasilat artımı müsbət addımdır. Hasilatı artıran dövlətlər iddia edirlər ki, son bir neçə ayda həm təyyarə yanacağına, həm dizel yanacağına tələbat durmadan artır. Belə vəziyyətdə hasilat həcmlərinin artırılması doğru addımdır”.
“Hasilatın artırılması vacib idi”
Z.Vəliyevin fikrincə, dünyada baş verən proseslər fonunda hasilatın artırılması vacib idi: “Rusiya, İran, Venesuela beynəlxalq sanksiya altındadır. Bu dövlətlərin neft ixracı həcmləri haqqında dəqiq məlumat vermək mümkün deyil. Rusiya-Ukrayna müharibəsinin gedişində Rusiyanın 12-ə yaxın neft emal zavodu yararsız hala düşüb. Neftin ilkin emal qurğuları fəaliyyət göstərmir. Gündəlik 1 milyon bareldən artıq neft emaldan kənar qalıb. Bu neft həcmləri bazara qayıda bilər. Rusiyanın neft ixracına da məhdudiyyətlər var. Əgər sanksiyalar tam gücü ilə davam edərsə, Rusiyanın beynəlxalq ixrac qabiliyyəti məhdudlaşacaq. Bu vəziyyətdə neft bazarlarında yüngül və ağır neft balansı pozulacaq. ABŞ-nin neft hasilatı gələn il də artacaq. Amma onların nefti yüngül neftdir. Bazar payı aşağıdır. Bir çox dövlətlər ABŞ neftinə maraq göstərmirlər. Bazarda qiyməti müəyyən edən dünyada neft emalı güclərinin tələbatına uyğun neft həcmlərinin mövcudluğudur”.
“Neft qiymətlərində ciddi eniş olmayacaq”
Z.Vəliyev düşünür ki, hasilatın artması qiymətlərə təsir göstərməyəcək: “Neft qiymətlərinin 60-65 dollar civarında dəyişməsi nə istehlakçılara, nə də neft təsisatçılarına sərfəli deyil. Neft ixrac edən ölkələrin fikrincə qiymətlərin 75-80 dollar civarında dəyişməsi neft hasil edən və neft idxal edən ölkələr üçün sərfəlidir. Neft qiymətlərinə təsir edən iki əsas səbəb var: biri geosiyasi vəziyyət, digəri tələb-təklif balansındakı qeyri-müəyyənlik. Bazarda uzun müddət dalğalanmanın olması həm emal güclərinin fəaliyyətinə, həm də neft hasil edən ölkələrin hasilat siyasətinə mənfi təsir edir. O səbəbdən bazarda uzun müddətli sabitliyin qalması vacibdir. 2026-cı ildə neft qiymətlərində elə də ciddi eniş gözlənilmir. Qarşıdakı illərdə neftə olan tələbatın azalması da gözlənilmir. Tələbatın pik dövrü 2030-cu ildən sonra baş verəcək. O dövrə kimi hər il neft hasilatında artım baş verməlidir”.
Azərbaycan bazarına təsiri
Z.Vəliyev hasilatdakı dəyişiklərin Azərbaycan bazarına təsirindən də danışdı: “Azərbaycanın 2025-ci ilin iyun ayına kimi sutkalıq neft hasilatı 464 min barel təşkil edib. Sentyabr ayında 462 min civarındadır. Azərbaycan OPEC dövlətlərinin təyin etdiyi kvotaya əməl edə bilmir. Hasilat kvotamız 2026-cı ilə kimi gündəlik 551 min bareldir. Cari ilin yanvar-avqust aylarında 18 milyon 391 min ton xam neft hasil edilib. Bu, keçən illə müqayisədə 4,8 faiz azdır. Deməli hər il hasilatımız azalır. Düşünürəm ki, investisiya yönəldilərsə, Azərbaycanda neft hasilatını bir müddət sabit saxlamaq mümkündür. Azərbaycan nefti Qara və Aralıq dənizi regionunda yüksək tələbatlı neft olduğundan brend etalon markalı neftə nisbətdə premiya ilə satılır. Yəni üzərinə 2 dollar 58 sent əlavə edilir. O səbəbdən Azərbaycan neftinin də kəskin ucuzlaşması mümkün deyil”.
“Neft hasilatımız azalır”
İqtisadçı Eldəniz Əmirov da düşünür ki, OPEC+ tərəfindən neft hasilatını artırmaq ilə bağlı qərar gözlənilən idi: “Çünki Rusiyaya qarşı sanksiyaların artması, Rusiyanı sanksiyalardan yayındırmağa cəhd edən ölkələrin qarşısının alınması nəticədə qlobal bazarlarda neft təklifi həcmini azaldır. Belə bir məqamda neft hasilatı həcmlərinin artırılması gözlənilirdi. Bu qərar ABŞ tərəfindən də dəstəklənib. Yaxud ABŞ tərəfindən istiqamətləndirildikdən sonra belə qərara gəlinib”.
E.Əmirovun sözlərinə görə, neft həcmlərinin artırılması Azərbaycan üçün o qədər də uğurlu olmayacaq: “Azərbaycan OPEC+ ayırdığı kvota həcmində neft hasil edə bilmir. Azərbaycanın neft hasilat həcmləri getdikcə azalmaqdadır. Hasilat artırılmasaydı da mövcud kvota Azərbaycan üçün yetərli idi. Amma kvotanın artırılması ölkəmiz üçün sərfəli deyil. Çünki həcmlərin artırılması neft qiymətlərinə mənfi təsir göstərəcək. Bu isə Azərbaycan üçün arzuolunan deyil”.
Zərif Salmanlı
