• çərşənbə axşamı, 25 fevral, 18:26
  • Baku Bakı 4°C

Avtomobil almaq asanlaşır, amma...

25.02.25 14:20 0
Avtomobil almaq asanlaşır, amma...

Avtomobil kreditlərinin faiz dərəcələrinin azalması nəqliyyat sektoru üçün həm müsbət, həm də mənfi təsirlərə malik ola bilər. Ekspertlər bildirirlər ki, bu addım avtomobil parkının yenilənməsinə səbəb olacaq, ancaq tıxacları da artıracaq.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2024-cü ildə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi bir faiz bəndi azalaraq 10 faizə düşüb. Yəni ölkədə avtomobil kreditləri ucuzlaşıb. İndi istənilən şəxs çox da böyük olmayan ilkin ödənişi edib münasib faizlə avtomobili kreditə götürə bilir. Bəs bu ucuzlaşmanın səbəbi nədir? Bu kredit şərtləri avtomobil parkında elektromobillərin sayının artmasına təsir edirmi? Faizin getdikcə azalmasının ümumilikdə nəqliyyat sektoru üçün hansı müsbət və mənfi tərəfləri var? Ekspertlər düşünürlər ki, avtomobil kreditlərinin faizlərinin azalması ümumilikdə müsbət tendensiyadır. 

Tətbiq edilən güzəştlər

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, 2022-ci ildən ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinə, yəni elektrikli və hibrid avtomobillərə bir çox güzəştlər tətbiq olunub: “Elektrikli avtomobillərdə gömrük rüsumu və ƏDV, hibrid avtomobillərdə ƏDV ləğv edildi. Bu da ölkəmizə gətirilən avtomobillərin sayının artmasına səbəb oldu. Elə həmin dövrdə də Mərkəzi Bank tərəfindən elektrikli avtomobillər üçün ilkin ödəniş 10 faiz, hibrid avtomobillər üçün isə ilkin ödəniş 20 faiz olmaqla kredit xətti açılmasına icazə verildi. Bu, ölkəmizin avtomobil parkının yenilənməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin təbliğatı istiqamətində müsbət rol oynadı”. 

Bu avtomobillər də nəzərə alınmalıdır

Mütəxəssis deyir ki, avtomobil parkının yenilənməsi üçün daxili yanma mühərrikli, yəni ənənəvi benzinlə işləyən avtomobillərə də güzəştlər edilməlidir: “Hazırda da ölkədə elektrikli avtomobillərinin stimullaşdırılması istiqamətində addımlar atılır. Ölkəyə gələn bu cür avtomobillər gömrükdən rahat şəkildə rüsum ödəmədən keçir. İllik faiz nisbətinin azalması, ümumilikdə avtomobil kreditlərinin ucuzlaşması ölkənin avtomobil parkının yenilənməsi üçün dövlət tərəfindən atılan böyük addımlardır. Ümid edirəm ki, bu güzəştlər daxili yanma mühərrikli yəni, ənənəvi benzinlə işləyən avtomobillərə də şamil ediləcək. Belə olarsa, bu avtomobillər üçün verilən bank kreditləri 50 faiz nisbətindən aşağı düşər. Çünki təkcə elektrikli və hibrid avtomobilləri ilə 80 faizdən yuxarı olan köhnə avtomobil parkını yeniləmək mümkün deyil. Güzəştlər tətbiq edilsə, vətəndaşlar ucuz, köhnə avtomobilə deyil, yeni avtomobillərə maraq göstərər”.

Nəqliyyat sektoru üçün imkanlar

Mütəxəssis Adil Nəbiyev deyir ki, avtomobil kreditlərinin ucuzlaşması nəqliyyat sektoru üçün geniş imkanlar yaradır. Onun sözlərinə görə, avtomobil kreditlərinin faiz dərəcələrinin azalması nəqliyyat sektoru üçün həm müsbət, həm də mənfi təsirlərə malik ola bilər: “Müsbət tərəfi odur ki, faiz dərəcələrinin azalması, avtomobil kreditlərinin daha əlçatan olmasına səbəb olur ki, bu da avtomobil satışlarının artmasına gətirib çıxara bilər. Nəticədə nəqliyyat şirkətləri və fərdi sahibkarlar daha asanlıqla nəqliyyat vasitələri əldə edə bilərlər. Həmçinin nəqliyyat parkı yenilənir. Çünki aşağı faizli avtomobil kreditləri köhnəlmiş avtomobillərin yeni və daha müasir avtomobillərlə əvəz edilməsini sürətləndirir”. 

Yollarda sıxlıq, tıxac...

Mənfi cəhətinə gəldikdə isə, həmsöhbətimiz vurğulayır ki, daha çox insanın yeni avtomobil alması ilə yollarda avtomobil sıxlığı arta bilər: “Bu isə tıxaclara və nəqliyyatda sərf olunan vaxtın uzanmasına səbəb olacaq. Bununla yanaşı, avtomobil sayının artması şəhər mərkəzlərində parkinq yerlərinin çatışmazlığını daha da artıraraq nəqliyyat problemlərini dərinləşdirəcək. Təbii ki, bu da özü ilə bərabər daha ciddi ekoloji problemlərə səbəb olur”.

Bir çoxları lizinqə üstünlük verir

A.Nəbiyev hazırda ölkə bazarında kreditlə satılan avtomobil qiymətlərindən narazıdır. Deyir ki, hazırda lizinq şirkətləri çox asanlıqla kredit verdiyi üçün avtomobil almaq istəyənlər lizinqə üz tutur, avtomobili rahat əldə edir, amma daha çox pul ödəyirlər: “Məsələn, mən də güzəştləri eşidib avtomobil aldım. Aldığım avtomobilin qiyməti 27 min manatdır. Yeddi min ilkin ödəniş verdim, digər məbləğ isə 36 aya bölündü, hər ay 900 manatdan ödəniş etdim. Deməli, 27 min manata aldığımız avtomobil mənə üç ilə 40 min manata başa gəldi. Ümumiyyətlə, lizinqlə deyil, bankdan istehlak kredit götürüb avtomobil almaq daha sərfəlidir. Amma lizinq şirkətləri rahatlıqla kredit verdiyi üçün hamı onlara üz tutur”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər