• çərşənbə axşamı, 25 fevral, 18:06
  • Baku Bakı 4°C

Qızıl bazarına nəzarət gəlir  

25.02.25 14:11 0
Qızıl bazarına nəzarət gəlir  

Qiymətli metallar bazarına dövlət nəzarəti gücləndirilir. Bu funksiyanı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirəcək. Ekspertlər məlum qərarı çoxdan gözlədiklərini qeyd edirlər. 

Qızıl və digər qiymətli metallar bazarındakı əsas problemlərdən biri həllini tapmaq üzrədir. Söhbət zərgərlik məmulatlarının keyfiyyətinə nəzarətdən gedir. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı Fərman ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi təsdiq edilib. Agentlik bundan sonra ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və sair sahələrdə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bəs bu yenilik qızıl bazarına necə təsir edəcək?

Həm sahibkarlar, həm istehlakçılar üçün vacibdir

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyevin fikrincə, qiymətli daşlara nəzarət çox vacibdir: “Azərbaycan Zərgərlər Assosiasiyası olaraq son dörd il ərzində bir neçə dəfə bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etmişdik. Keçmiş Əyar Palatasının funksiyaları zərgərlik sahəsi üçün çox önəmli idi. Çünki hər bir qiymətli daş laboratoriyadan keçməli, qiymətli metallar əyarlanmalı və damğalanmalıdır. Bu, qızıl bazarı üçün çox önəmli amillərdən biridir. Sahibkarlar üçün vacibdir ki, aralarında ədalətli rəqabət olsun. İstehlakçılar üçün önəmlidir ki, aldıqları məhsulun keyfiyyətinə, əyarına, daşların xüsusiyyətlərinə, həqiqiliyinə əmin olsunlar”. 

T.Abbasquliyev düşünür ki, damğalanma və digər nüansların bazara müəyyən təsir göstərməsi mümkündür: “Nəzərə alaq ki, bu yenilik qiymətlərin artımına da səbəb ola bilər. Çünki tariflərə əsasən əyarlanma və damğalanma müəyyən bir məbləğ qarşılığında həyata keçirilir. Təbii olaraq sahibkarlar da bunun üçün ödədikləri həmin vəsaitləri zərgərlik məmulatlarının qiymətinin üzərinə əlavə edəcəklər. Bu da qiymət artımına müəyyən qədər təsir göstərəcək”. 

Boşluqların aradan qalxmasına şərait yaradacaq

İqtisadçı Pərviz Heydərov bildirdi ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əslində inhisarçılığa qarşı və istehlak bazarına nəzarət funksiyasını yerinə yetirir. Bu qurumun qiymətli metalların emalı, idxalı, ixracı, dövriyyəsi, saxlanması kimi məsələlərə də nəzarət etməsi təqdirəlayiqdir: “Bizdə qiymətli metalların hasilatı ilə “AzərGold” məşğul olur. Həmçinin ölkəmiz dünya bazarlarına qiymətli metallar ixrac edir. Bu, ölkəmizə xarici valyutanın daxil olması deməkdir. Digər ölkələrdən də qızıl alışını həyata keçiririk”. İqtisadçının sözlərinə görə, qızıl bazarında vahid bir qurumun nəzarətindən sonra bu sahədəki bir çox qanunsuz faktlar aradan qalxmış olacaq: “Ölkəmizdə qiymətli metallar bazarına bundan əvvəl də nəzarət mövcud idi. Amma bu nəzarət artıq konkret müvafiq qurum tərəfindən həyata keçiriləcək. Nəticədə istər qızıl, istərsə də digər qiymətli metal sahəsində kortəbii halların, hərc-mərcliyin və qeyri-leqal məsələlərin aradan qalxmasına şərait yaradılacaq. Bu nəzarət bazarda qiymətlərin formalaşması və saxta məhsulların bazara daxil olmasının, vətəndaşların aldanmasının qarşısını alacaq”. 

Süni qiymət artımının qarşısı alınacaq

Ekspert deyir ki, bazardakı qiymətlərə təsir edən süni amillər də var. Hansı ki, bu, bazarın nəzarətsiz qalması nəticəsində ortaya çıxırdı: “Məsələn, müxtəlif dəllallar, qızıl alverçiləri, qiymətli metalların, məmulatlarının idxal və ixracı ilə məşğul olanlar bazardakı nəzarətsizlikdən istifadə edərək süni təsirlər yaradırlar. 

Əgər bazarda spekulyativ təsirlər, amillər aradan qalxarsa, bu, qiymətlərin təbii qanunlar əsasında formalaşmasına zəmin yarada bilər. Əslində belə də olmalıdır. Nəzarət bazarda neqativ halların aradan qalxması üçün əsaslı zəmin rolunu oynayacaq.  Nəticədə qiymətli metallar bazarında süni qiymət artımının, qiymətlərin şişirdilməsinin qarşısı alınacaq”. 

Qiyməti tələb-təklif nisbəti müəyyən edir

P.Heydərov bildirdi ki, qızıl bazarındakı qiymətlər əsasən xarici amillərlə tənzimlənir. Bu səbəbdən nəzarətedici orqanın müəyyənləşməsindən sonra qiymətlərdə ciddi dəyişiklik gözlənilmir: “Qızıl bazarındakı qiymətləri iqtisadi qanunlar müəyyənləşdirir, tələb və təklifin nisbəti əsasında formalaşır. Məsələn, dünyada qızılın bahalaşması bir müddətdir davam edir. Bu, daxili bazara da təsir edir. Ona görə də yeni qurumun nəzarət funksiyası həyata keçirildikdən sonra da bazarda ciddi qiymət dəyişikliyinin olması gözlənilmir”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər