Gözlənilməz kiçilməni yaradan faktorlar

2025-ci ildə ölkədə ÜDM-nin artacağı proqnoz edilsə də, yanvar ayının yekunları belə olmadı. Ekspertlər düşünürlər ki, ilin əvvəlində ÜDM-də müşahidə edilən bu azalmanın səbəbləri növbəti aylarda aradan qaldırıla bilər.
Azərbaycanda bu ilin ilk ayında doqquz milyard 430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər dörd faiz azalıb, qeyri neft-qaz sektorunda isə bir faiz artıb. Qeyd edək ki, proqnozlarda ÜDM-nin bu il artacağı vurğulanırdı. Bəs ilin əvvəlində ÜDM-də müşahidə edilən bu azalmanın səbəbləri hansılardır?
“İqtisadi artım sonrakı aylarda bərpa ediləcək”
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, ÜDM-də azalmanın əsas səbəbi neft-qaz sektorunda hasilatın aşağı düşməsidir: “Belə ki, bu ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər dörd faiz azalıb, qeyri neft-qaz sektorunda isə bir faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb. Bütövlükdə isə neft-qaz sektorunda sənaye 4,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb”.
V.Bayramovun fikrincə, 2025-ci ilin ilk ayında ÜDM-də azalmanın qeydə alınmasına rəğmən iqtisadi artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənilir: “ÜDM-də azalmaya baxmayaraq qeyri neft-qaz sahəsindəki 9,9 faiz artım bu il qeyri-resurs sektorunun iqtisadi artımda drayver olacağından xəbər verir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlarla da bağlıdır. Bu baxımdan, 2025-ci il üçün proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir”.
“Hasilat artmışdı, amma...”
İqtisadçı Rəşad Həsənov da düşünür ki, azalmada ən böyük pay iqtisadiyyatımızın əsası olan neft-qaz sektorunun üzərinə düşür: “ÜDM müəyyən dövr ərzində istehsal olunan bütün mal və xidmətlərin bazar qiyməti ilə ifadəsidir. İqtisadiyyatın özü hesab olunur. 2025-ci il başlayandan ÜDM-də azalma müşahidə edilir. Burada ən ciddi təzyiq neft sektorunda baş verən azalmadan qaynaqlanır. Hansı ki, əslində ötən ilin noyabr-dekabr aylarında bu sektorda hasilatın sabitləşməsi ilə bağlı gözləntilər artmışdı, demək olar ki, hasilat sabitləşirdi. Hətta ili müəyyən bir artımla başa vurmuşdu. Amma yanvar ayında sektorda gözlənilməyən ciddi kiçilmə iqtisadiyyatımıza təsirsiz ötüşmədi. Qeyri-neft sektorunda baş verən böyümə də bu kiçilməni kompensasiya edə bilmədi. Çünki bir faiz böyümə kiçilmənin qarşısında cüzi rəqəmdir”.
R.Həsənov bildirdi ki, qeyri-neft sektorunun daha çox artmasını əngəlləyən müəyyən faktorlar mövcuddur: “Görünən budur ki, ilin birinci rübündə tikinti sektoru da artım nümayiş etdirə bilməyib. Böyük ehtimal ki, bu, həmin istiqamətdə xərcləmələrin tempinin aşağı düşməsi ilə əlaqədardır. Bu tendensiya davam edərsə, növbəti dövrlərdə xidmət sektoru iqtisadi artımı daha çox dəstəkləyən sahə kimi ortaya çıxacaq. Bu il iqtisadi artım nəqliyyat və anbar xidmətlərinin təşkili, ticarət, turistlərin yerləşdirilməsi, iaşə və rabitə xidmətləri sahəsində özünü göstərəcək. Tikinti sektorunda da növbəti aylarda müvafiq fərq azalacaq”.
“İqtisadiyyatımıza müəyyən təzyiqlər yarana bilər”
İqtisadçının sözlərinə görə, proseslər belə davam edərsə, proqnoz edilən artımlara çatmağımız çətinləşəcək: “Azərbaycan iqtisadiyyatı ili ümumi artımla başa vursa da, gözlənilən 2,4 faizlik artıma nail olunması ilə bağlı müəyyən risklər artıq ortadadır. Eyni zamanda, xarici iqtisadi proseslər də proqnozlaşdırıla bilmir. Bu istiqamətdə də iqtisadiyyatımıza müəyyən təzyiqlərin yaranması mümkündür. Bu səbəbdən düşünürəm ki, 2025-ci ildə qarşıya qoyulmuş 2,5 faizlik iqtisadi artım hədəfinə nail olmaq çox çətin olacaq”.
“İlin əvvəli üçün normal haldır”
İqtisadi məsələlər üzrə ekspert Eyyub Kərimli isə ilin əvvəli üçün belə azalmaların normal olduğu qənaətindədir: “ÜDM-in azalması iqtisadi aktivliyin aşağı olması ilə əlaqədardır. Amma bu, çox da arzulanan bir hal deyil. Hər ilin başlanğıcında bəzən iqtisadi fəaliyyət səngiyir. Bu həm ödəmələrin ləngiməsi, həm postbayram ab-havası, həm də müəyyən iqtisadi fəaliyyətin zəifləməsi ilə əlaqədardır”.
E.Kərimlinin fikrincə, ÜDM-in artırılması üçün gələcək dövrdə müəyyən işlər görülməlidir: “Düşünürəm ki, növbəti aylarda vəziyyət bir qədər fərqli olacaq, ÜDM-də müəyyən artım müşahidə edə biləcəyik. Gələcəkdə qeyri-neft sektorunun imkanlarının artırılması, nəqliyyat və loqistika imkanlarının daha da genişləndirilməsi, tranzit haqlarının yenidən formalaşması, həmçinin yaşıl enerji, yeni texnologiyaların tətbiqi, buraya qoyulan investisiyaların artırılması ÜDM-yə müsbət təsir göstərəcək. Digər tərəfdən, geniş turizm potensialımız var ki, bunu da inkişaf etdirməliyik. İT texnologiyaları və digər yeniliklərin tətbiqini inkişaf etdirsək, iqtisadiyyatımızda hədəflənən artımlara nail olmağımız mümkündür”.
Zərif Salmanlı
