cümə, 12 Avqust, 07:55

Baku Bakı 22°C

İşbazların medal biznesi - ARAŞDIRMA

icon 1202 icon 09 iyul 2022 | 04:00 İşbazların medal biznesi - ARAŞDIRMA

“Şəhidlərin, qazilərin adından istifadə edərək şəxsi mənfəət üçün edilən bütün əməllərə qarşı barışmaz mövqe tutulmalıdır. Bu məsələlərin hüquqi tərəfi ilə yanaşı, mənəvi tərəfi, məsuliyyəti daha ağırdır. Bu cür hallarla bağlı da hüquq-mühafizə orqanları ciddi araşdırma aparmalıdırlar”.

Vətən Müharibəsindən sonra bir sıra QHT və media qurumları tərəfindən öz fantaziyalarına uyğun medallar təsis olunur. Ardınca da təmtəraqla qazilərimizə “hədiyyə” edilir. Media üzərindən təqdimatlarda, guya, bununla qazilərin Vətən qarşısında xidmətinə qiymət verildiyi qabardılır. 

Dəyərlər gözdən salınır

Əsl gerçəklikdə isə heç bir dəyəri olmayan bu “medallar” qazilərin sosial durumuna uyğun olaraq onlara 100-300 manat müqabilində satılır. Qazi var ki, ikinci Qarabağ savaşında iştirakına görə dövlət tərəfindən cəmi 1-2 medalla, işbaz QHT sədrləri və media qurumları tərəfindən 10-15 medalla təltif olunublar. Əməllərində sərhəd tanımayan belə işbazlar eyni qaydada şəhid ailələrinin üzvlərinə də yol tapır, onların ağrı-acısından, həssas durumundan hansısa yollarla yararlanırlar. Təbii ki, bu, ikrah doğurur. Hər hansı statusu, çəkisi olmayan belə “təltiflərlə”, əslində, milli-mənəvi dəyər hesab etdiklərimiz adiləşdirilir, gözdən salınır. Elə buna görədir ki, Şuşa adından fərdi qaydada mükafatların, diplom, sertifikat və sairin təsis olunmasına rəsmi şəkildə qadağa qoyulub.

“Medalı” sinəsinə taxıb, köksünü qabağa verənlər

Mövzu ilə bağlı fikirlərini “Kaspi” qəzetinə bölüşən millət vəkili, birinci Qarabağ müharibəsi veteranı Arzu Nağıyev söyləyib ki, orden və medallar dövlət tərəfindən təsis olunan, ayrı-ayrı şəxslərin Vətən, millət qarşısında xidmətlərinə görə verilən təltiflərdir. Deputatın sözlərinə görə, orden və medal qanunverici orqanın – Milli Məclisin qərarı ilə təsis olunur: “Qanunla təsis olunan və vətəndaşlara təqdim olunan bu təltiflərin hər biri onun sahibinin əməyini, fədakarlığını, xidmətini ifadə edir. Lakin müharibədən anlayışı olmayan, savaş görməyən, Vətən müharibəsindən sonra populyarlaşan QHT-lərin şəhidlərin ailə üzvlərinin, qazilərin heysiyyətinə toxunaraq 100-200 manat müqabilində onlara hansısa “medal” təqdim etməsi yaxşı hal deyil. Bu “medalı” alıb sinəsinə taxan, köksünü qabağa verən şəxslərin davranışı da başadüşülən deyil. Axı bunu necə qəbul etmək olar? O “medalın” hansı dəyəri, hansı statusu var? Bu, qəbuledilməzdir, cəmiyyətdə ikrah doğurur. Ordeni, medalı vətəndaşa dövlət verir və bu təltifin arxasında hansısa imtiyaz, güzəşt, xidmət dayanır. Qeyd olunan xoşagəlməz əməllərə yol verənlər qanun qarşısında cavab verməlidirlər. Bununla belə, o “təltifləri” qəbul edən şəxslər də ciddi düşünməlidirlər”.  

Passiv və aktiv rüşvətxorluq anlayışları

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev təəssüflə qeyd edib ki, son vaxtlar bir sıra şəxslərin müxtəlif adlarla “mükafatlar” təsis edərək  həm vətəndaşlar, həm də ayrı-ayrı şirkətlər, bəzi hallarda dövlət qurumlarında çalışan vəzifəli şəxslərdən pul alaraq onları “təltif etməsi” təcrübəsi geniş vüsət alıb: “Xüsusən də 44 günlük Vətən Müharibəsində şəhid olmuş, yaralanmış, veteran statusu almış vətənimizin qəhrəman övladlarının, onların ailə üzvlərinin adlarından istifadə etməklə bu cür mükafatların “təsis edilməsi” və verilməsi ciddi narahatlıq yaradır. Daha ağır əməl isə bu cür “mükafat”, təşəkkürnamə, diplom, fəxri  fərmanların, medalların, döş nişanlarının maddi və sair nemətin, imtiyazın və ya güzəştin əldə edilməsi müqabilində verilməsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (311 və 312-ci maddələr) passiv və aktiv rüşvətxorluğun anlayışları verilmişdir. Passiv rüşvətxorluq, yəni rüşvət alma – vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı yaxud güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsidir. Bu “mükafatları” pul alaraq verənlər, məhz hər hansı təşkilat və qurumun vəzifəli şəxsi kimi korrupsiya hüquqpozması törədirlər. Düşünürəm ki, həm sosial şəbəkələrdə, həm də mediada bu cür hadisələrin baş verməsi ilə bağlı yayılan məlumatlar prokurorluq orqanları tərəfindən ciddi nəzarətə götürülməli və araşdırılmalıdır”.

Mənəviyyatsızlığın ən yüksək zirvəsi

Hüquqşünas deyib ki, belə hərəkətə yol verən insanların əməlinə hüquqi qiymət verilməlidir. Onun sözlərinə görə, bu cür əməllərə qarşı qanunlar ən sərt ölçüdə tətbiq edilməlidir: “Belə “mükafatlandırma” hadisələri ilə bağlı məlumatların analizi göstərir ki, şəhid və qazi ailələri bir çox hallarda bilmədən dələduz şəxslər tərəfindən istifadə edilir. Hətta qazilərdən, şəhid ailəsi üzvlərindən müəyyən qədər vəsait alınır, guya onların xatirəsinin əbədiləşdirilməsi, tanıdılması adı altında mükafatlar verilir, tədbirlər keçirilir. Bu cür hallarla bağlı da hüquq-mühafizə orqanları ciddi araşdırma aparmalıdırlar. Bəzən həssas məsələlər kimi dözümlülük nümayiş etdirilir. Amma düşünürəm ki, bu cür yanaşma düzgün olmazdı. Şəhidlərimizin, qazilərimizin, onların ailə üzvlərinin adından istifadə edərək şəxsi mənfəət üçün edilən bütün əməllərə qarşı barışmaz mövqe tutulmalıdır. Bu məsələlərin hüquqi tərəfi ilə yanaşı, mənəvi tərəfi, məsuliyyəti daha ağırdır. Şəhid və qazilərin, onların ailə üzvlərinin adlarından istifadə edilməsi mənəviyyatsızlığın ən yüksək zirvəsidir. Cəmiyyətimiz, ziyalılar, vətəndaş cəmiyyəti, media bu cür hallara və şəxslərə qarşı sərt mövqedən çıxış etməlidir. Belə bəd əməllərə yol verənlər hər addımda tənəyə məruz qalmalıdırlar”.

Rufik İSMAYILOV