• bazar, 24 Noyabr, 03:52
  • Baku Bakı 13°C

İrəvan itirir, Bakı qazanır - TƏHLİL

02.09.23 06:30 2859
İrəvan itirir, Bakı qazanır - TƏHLİL

Azərbaycan-Ermənistan münasibətləri çoxtərəflidir, regional təsirlərə malik ola biləcək böyük bir gündəliyi əhatə edir. Ona görə də nə qədər irəliləyişlər olsa da, hələ iki ölkə arasında hərtərəfli və yekun sülhdən danışmaq tezdir.  

Qarabağ münaqişəsi bitsə də, ortada həll edilməmiş məsələlər qalır. Bu amil Cənubi Qafqaz üçün ciddi siqnaldır.  Azərbaycanla Ermənistan arasında açıq qalan məsələlərin həllinə yekun həll işığı salınmadıqca, regionda hərarət artır, hər bir xırda detal belə, bölgədə liderlik uğurundakı mübarizəni tətikləyir. 

Region uğrunda rəqabət 

Azərbaycan və Türkiyə strateji müttəfiqlik müstəvisində hərəkət edərək çoxqütblü beynəlxalq siyasi nizamın içərisində əməkdaşlıq formatına açıq şəkildə meydan verməklə regional temperaturu normasına qaytarmaqda israrlıdır. 

Rusiya və Qərb isə Ukraynadakı müharibə səbəbindən bir-birilə rəqabəti kəskinləşdirərək regionlar üzrə pay bölgüsündə ən “bərəkətli” yerlərdə nəzarəti ələ keçirmək üçün çalışırlar. Qərb-Rusiya hibrid müharibəsinin yedəyində İran da özünün siyasi şiəlik xəttini parlatmaq üçün enerji sərf edir. İranın rəqibi İsrail isə artıq Cənubi Qafqazda oyunçuya çevrilir. 

Regiondakı vitrinə Çin və Hindistan da öz “məhsulları”nı yerləşdirmək üçün əllərindən gələni edirlər. Hərçənd Yeni Dehli Pekinlə rəqabətdə geridədir. 

Azərbaycan regional oyunçuya çevrilir

Bütün bunlar Azərbaycan-Ermənistan münasibətlərindəki açıq qalan məsələlərin mümkün həlli fonunda regionun gələcəyini təsvir etməyə bir neçə ipucu verir. 

Yəni, sual olunur, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansa, regiondakı rəqabət alovu sönəcəkmi? 
Bu suala birmənalı olaraq proqnozlaşdırıla bilən müsbət cavab vermək olduqca çətindir. Çünki Bakı-İrəvan gündəliyi üzrə bütün parametrlərdə dəqiqləşmələr olsa belə, qlobal və regional aktorlar ambisiyalarını gerçəkləşdirmək həvəsindən düşməyəcəklər. 

Rəqabətin tündləşməsi ona görə davam edəcək ki, ortaya Rusiya ilə Qərb arasında incə balansı saxlayan, Türkiyə ilə strateji müttəfiqlik quran, Çin, İsrail, Pakistan kimi oyunçularla yaxşı münasibətlərə malik olan Azərbaycan regional oyunçuluq qabiliyyətinə yiyələnir. 

Üstəgəl, Azərbaycanın zəngin neft-qaz yataqları, Avropaya enerji nəqli, gələcək üçün yaşıl enerji üzrə ixrac potensialı ölkəni oyunçuların gözündə cazibəli edir. Bu şövqlə Azərbaycana qarşı qısqanclıq nümayiş etdirən ölkələrin maraqları toqquşmaq potensialındadır. 

Ermənistan de-yure dövlət olsa da...

İkinci bir tərəfdən, regiondakı həssaslıq dərəcəsinin Rusiya-Ukrayna müharibəsi səbəbilə çoxalması ehtimalları daha güclü variant kimi səslənir. Ermənistan de-yure dövlət olsa da, faktiki olaraq müxtəlif oyunçuların əsarət zəncirinə bağlanıb, Gürcüstan isə ərazi münaqişəsindən əziyyət çəkir. 

Ermənistanın gələcəyi ilə bağlı böyük sual işarələri mövcuddur, ümumiyyətlə, hətta Azərbaycanla sülh müqaviləsi imzalansa belə, Ermənistan dövlət kimi qala bilmək potensialını saxlayacaqmı? 

Bu sual ona görə aktualdır ki, Ermənistan istisna olmaqla, regionda hər bir oyunçu öz miqyası çərçivəsində meydan oxuya bilmək tərzinə sahibdir. 

Kreml əlindəki kartları oynayır

İrəvan Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə ümid bağlayırdı, güman edirdi ki, Moskva həmin kartını Ermənistanın xeyrinə istifadə edəcək. Təbii ki, Kreml əlindəki kartları oynayır, regional təsir dairələrini genişləndirmək məqsədləri naminə onları gah bir masaya, gah da başqa masaya qoyur. Ancaq Rusiya bunu Ermənistanı qorumaq, rəsmi İrəvandakı xəstə təxəyyülləri mühafizə etməkdən ötrü etmir. 

Azərbaycanla Ermənistan arasındakı münasibətləri tənzimləyən baza sənəd 10 Noyabr Bəyanatıdır, Rusiya bu sənədi regional ambisiyalarının davamı kimi inkişaf etdirmək istədikcə, Qərb də Bakı-İrəvan gündəliyinə effektiv təsir etmək rıçaqlarını axtarır. 
Beləliklə, Azərbaycan Rusiya və Qərb arasındakı mövqelərini Ermənistanın sıxışdırılması ilə bərkidir, yəni Bakı İrəvanın itirdiyi bütün nöqtələrə əlverişli çıxış imkanları əldə edir. 

Bakı üçün bu, böyük bir strategiyanın tərkib hissəsidir, ancaq Azərbaycan maksimalist məqsədlərinə çatmaqdan ötrü Rusiya sülhməramlılarının regiondan çıxarılmasını da təmin etmək çağırışı ilə qarşı-qarşıyadır. 

Rusiya sülhməramlılarının regionu tərk etməsi barədə siqnallar Prezident İlham Əliyevin mesajlarında görünür, çünki o, Azərbaycanın bütün ərazilərində dövlətin suverenliyini təmin edəcəyi iddiasını ortaya qoyur. 

Bunun konkret nə zaman baş verəcəyi dəqiq deyil, hərçənd ki, sülhməramlıların qalma müddəti 5 il üçün nəzərdə tutulub. Məntiqlə Azərbaycan 10 Noyabr Bəyanatının 5-ci ilinə qədər Qarabağda açıq qalan məsələləri hərtərəfli həll variantında yoluna qoymaq üçün Moskva ilə münasibətlərdə manvrlər edir. 

Rəsmi Bakının manevrləri onun NATO ilə genişlənən əməkdaşlıq çərçivələrinin regional gələcəyini qiymətləndirməyə əsas verir. Bu cümlənin açılımı odur ki, Azərbaycan NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqliyin fonunu müəyyən həddə qədər Qərbə istiqamətlənə biləcək sahə kimi dəyərləndirir. 

İmperiya iddialarına qarşı alternativ platforma

Bu, olduqca vacib və perspektiv dəyəri ola biləcək gücə malikdir, Rusiyanın imperiya iddialarına qarşı alternativ təqdim edəcək platformadır. 
Elə bu səbəbdəndir ki, Azərbaycan Ermənistanla münasibətlərin gələcəyini Rusiyanın monopoliyasına verməmək üçün Qərbin qurduğu sülh masasına da müsbət yanaşır. 

Ancaq geniş mənada Azərbaycan-Ermənistan münasibətləri çoxtərəflidir, regional təsirlərə malik ola biləcək böyük bir gündəliyi əhatə edir. 
Nə qədər irəliləyişlər olsa da, hələ hərtərəfli və yekun sülhdən danışmaq tezdir. Çünki ortada Azərbaycan-Ermənistan münasibətlərindəki sərhədlərin delimitasiyasından tutmuş Qərbi azərbaycanlıların geri qayıdışına qədər çoxşaxəli gündəlik var. 

Həmin gündəliyi əhatə edən məsələlərin icrası Azərbaycan üçün böyük bir sifarişdir. Reallıq budur ki, rəsmi Bakı alternativlər təklif etməklə geosiyasi blokların Cənubi Qafqaza baxışını dəyişmək yolunda inamla addımlayır. 

Aqşin Kərimov 

 

 

 

 

 

banner

Oxşar Xəbərlər