• cümə, 19 Aprel, 08:19
  • Baku Bakı 13°C

İranın hakim elitası parçalanır

12.11.22 01:30 1079
İranın hakim elitası parçalanır

Rejim anlamaq istəmir ki, 2022-ci ildə 1980-ci illərin standartları ilə yaşamaq qeyri-mümkündür.  İş o yerə çatıb ki, İran İslam İnqilabının lideri ayətullah Xomeyninin nəvəsi Həsən Xomeyni də “hökumət insanları dinləməyə başlamalıdır” deyib.

İranda Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar səngimir. Günbəgün artan və genişlənən aksiyaların hədəfi də artıq dəqiqləşib - mövcud molla idarəçilik rejimi. Etirazçılar sistem daxilində siyasi islahat tələb etmir, qəti şəkildə teokratik rejimin getməsini istəyir. Aksiyalar rejimin ən qatı tərəfdarı olan Qum və Məşhəd  kimi şəhərləri də əhatə edib. Aksiyalar başlayandan yüzlərlə etirazçı öldürülüb, 14 mindən çox şəxs həbs olunub.

Yaxın Şərqdə ilk dəfə olaraq qadınların etirazlara liderlik etməsi də diqqət çəkir və bu da o deməkdir ki, qadınlar rejimin onlara geyim, səyahət, iş qaydaları diqtə etməsindən artıq təngə gəliblər. Başqa bir önəmli məqam odur ki, xalq etirazları birbaşa dini rəhbərə qarşı yönəlib. Belə davam edərsə, etirazlar hakimiyyət daxilində çatların yaranmasına, vətəndaş cəmiyyəti və hakimiyyət arasında uçurumun dərinləşməsinə səbəb olacaq. Bu da onu deməyə imkan verir ki, İranda yeni bir inqilabın baş verməsi üçün şərait artıq yetişib.

Əsas problem liderin, vahid proqramın olmamasıdır

İranda yaşanan etirazların özünəməxsusluğu ondadır ki, etirazçılar hər hansı proqram, yaxud lider ətrafında birləşməyib. Qərb mediası yazır ki, etirazçılar öldürülə, həbs oluna, ev dustağı edilə biləcək liderin arxasınca getməyə ehtiyat edirlər. 2009-cu ilin kütləvi etirazlarından sonra Yaşıllar Hərəkatının aparıcı fiqurlarının taleyi belə olmuşdu. Qərb mediasına nəzər salsaq, orada hadisələrin necə nəticələnə biləcəyi ilə bağlı maraqlı ssenarilər cızılır. Məsələn, qeyd olunur ki, xalqın istəklərinə daha yaxşı reaksiya verəcək növbəti İran rejimi ölkədə və xaricdə daha az repressiv davrana bilər. Yəni İran xaricə islam inqilabı ixrac etmək fikrindən daşınsa, Yaxın Şərqdə gərginlik azalar, Körfəz ölkələri silaha daha az pul xərcləyər. Başqa bir ssenari isə belədir ki, millətçi militarist rejim ölkədə məcburi qaydaları nisbətən yüngülləşdirə, amma xaricdə silahlı dəstələri silahlandırmağa davam edə bilər. Yaxud Suriyadakı kimi, diktator hakimiyyətdən getmək əvəzinə ölkəni xarabalığa çevirər.

İran dağıla bilərmi?

Yeri gəlmişkən, İranın dağılmasının qaçılmaz olduğunu iddia edən ekspertlər bir neçə vacib məqama diqqət yetirməlidrlər. Birincisi, ölkənin əyalətlərində hökumət əleyhinə etirazlar “İrana ölüm” deyil, “diktaturaya ölüm”, “Xameneiyə ölüm” və “İslam Respublikasına ölüm” şüarları altında keçirilir. Yəni etirazlar idarəetmə formasınadır, dövlətə deyil. İkincisi, İranda əyalətlərin Tehrandan ayrılması söhbəti getmir. Hazırkı vəziyyətin maraqlı cəhətlərindən biri də odur ki, daxili siyasi vəziyyətin ciddi şəkildə gərginləşməsi fonunda ölkə hakimiyyəti bir sıra qonşularına qarşı açıq şəkildə təxribat xarakterli hərəkətlər edir: Azərbaycanla sərhəddə təxribatçı hərbi təlimlər, Türkiyə, İraq Kürdüstanı ərazisinə raket hücumları, Səudiyyə Ərəbistanına qarşı kampaniyanın güclənməsi və s. 

Siyasi elitada fikir ayrılığı

Rejim dəyişikliyi tələbi ilə davam edən etirazların tezliklə səngiyəcəyinə dair heç bir əlamət yoxdur. İran parlamentinin deputatları hakimləri etirazlara görə həbs olunanlara qarşı “qisas hökmünü icra etməyə” çağırıb. Artıq 1000-dən çox ittiham irəli sürülüb. Deputatlar etirazçıları “İslam Dövləti” terror qruplaşmasının yaraqlıları ilə müqayisə edir, eyni zamanda ABŞ-ı və “digər düşmənləri” iğtişaşları qızışdırmaqda günahlandırırlar.

Lakin parlamentin məhkəmələrə müraciəti qəbul etdiyi gün İran televiziyasının keçmiş rəhbəri Seyid Ezatullah etiraf edib ki, “İran rəsmilərinin bəzi yanaşmaları yanlışdır. Onlar rejimin öz mövqeyindən geri çəkiləcəyi təqdirdə ciddi təhlükə ilə üzləşəcəyindən qorxurlar”. Onun sözlərinə görə, İranın islahatlara ehtiyacı var.

İranın müxalif “İran İnternational” kanalının məlumatına görə, bir çox məmurların buna bənzər ictimai açıqlamaları göstərir ki, onlar hicab taxma qaydalarına dəyişiklik ediləcəyi təqdirdə etirazların sona çatacağına ümid edirlər. Hətta iş o yerə çatıb ki, İran İslam İnqilabının lideri ayətullah Xomeyninin nəvəsi Həsən Xomeyni “Etemad Online” saytına verdiyi müsahibədə “hökumət insanları dinləməyə başlamalıdır” deyib.

Vəziyyət dəyişmir və adi üsullar işə yaramır

“Sistem daxilində nə baş verdiyini dəqiq bilmirik, lakin bəzi çaşqınlıqların olduğu aydındır. Bəziləri zaman keçdikcə etirazçılara qarşı daha sərt tədbirlərin görülməsini tələb edir. Lakin vəziyyət dəyişmir və adi üsullar işə yaramır. Buna baxmayaraq, hakimiyyətin taktikasının dəyişmədiyini də görürük”. Bu fikri isə iranşünas Nikita Smaqin “Kommersant”a bildirib. Onun sözlərinə görə, hələlik İran hakimiyyətinin qətiyyətsizliyinin nə ilə bağlı olduğunu söyləmək çətindir. “Ola bilsin ki, onlar ya ordunun sədaqətinə inanmır, ya beynəlxalq ictimaiyyətin reaksiyasından qorxur, ya da həqiqətən ölkədə qırğın olmasını istəmirlər”, - deyə ekspert əlavə edib. O vurğulayıb ki, İran siyasi elitası daxilində həm daxili, həm də xarici siyasətin əsas məsələlərində fikir ayrılığı xarakterikdir. “Xalça altında döyüş adi İran hekayəsidir. Proseslərin necə getdiyini təhlil etmək bizim üçün çətindir”, - deyə Smaqin bildirib.

Malayziyanın Nottingem Universitetinin dosenti Yuliya Roknifard isə vurğulayıb ki, güclü etirazlara baxmayaraq, İranda hələ də çoxları kəskin dəyişikliklər istəmir: “Cəmiyyətin kifayət qədər əhəmiyyətli bir hissəsi var ki, İranın xarici qüvvələrin oyuncağına çevriləcəyindən qorxur. Üstəlik, çoxları alternativ lider görmürlər”.

Yekun olaraq qeyd etmək olar ki, bütün hallarda İran daha əvvəlki kimi olmayacaq. Bunu hansısa kənar siyasi müşahidəçilər deyil, İran cəmiyyətinin öz təmsilçiləri deyirlər. İran rejimi anlamaq istəmir ki, 1980-ci illərin standartları ilə 2022-ci ildə yaşamaq qeyri-mümkündür.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər