• cümə axşamı, 18 aprel, 10:37
  • Baku Bakı 12°C

İnsan yuxusuz neçə müddət qala bilər?

27.03.23 15:52 406
İnsan yuxusuz neçə müddət qala bilər?

Tədqiqatlar göstərir ki, insanlar kifayət qədər uzun müddət yatmaya bilər, lakin bunun sağlamlıq üçün olduqca mənfi fəsadları var.

“Ginnesin rekordlar kitabı” 1997-ci ildən bəri uzun müddət oyaq qalma ilə bağlı rekordları qəbul etmir. Çünki uzun müddət doyunca yatmama insan orqanizmi üçün ciddi təhlükə törədir. Bununla yanaşı, insanların təxminən 2 həftə və daha çox yuxusuz qalmaları barədə ən azı iki fakt məlumdur.

İnsanın ən uzunmüddətli yuxusuz qalması faktı rəsmi şəkildə bir dəfə təsdiqlənib və bu rekord hələ 1963-cü ildə müəyyən edilib. O vaxt Amerika Birləşmiş Ştatlarının Kaliforniya şəhərinin 17 yaşlı sakini Rendi Qardner 11 gün 25 dəqiqə ərzində yatmayıb. Bir fakt da vardır ki, o, rəsmi təsdiq olunmayıb, çünki həmin vaxt Robert Makdonald adlı şəxsin oyaq qalmasını heç kim izləməyib. 1986-cı ildə yayılan məlumata görə o, təxminən 18 gün 22 saat yatmayıb.

AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Eyni zamanda, alimlər hesab edir ki, uzun müddət yuxusuz qalma insan sağlamlığına çox güclü ziyan vurur. Doyunca yatmama diabet, ürək-damar xəstəlikləri, piylənmə və depressiya kimi xəstəliklərin inkişaf riskini artıra bilər. Alimlərin fikrincə, hər bir insan sutkada fasiləsiz 6-8 saat yatmalıdır.

Nyu-Yorkdakı “Mount Sinai” tibb mərkəzinin əməkdaşı Oren Koenin sözlərinə görə, bəzi insanlar hərdənbir 24 saat ardıcıl yuxusuz qala bilər. Lakin normal ritmin bu cür pozulması insanın bəzən yuxunu reallıqdan fərqləndirə bilməməsi ilə nəticələnə bilər. Yəni beyin yuxu tələb edir və bu səbəbdən insan yuxu ilə oyaq qalma arasındakı həssas sərhəddə ola bilər.

Eyni zamanda, tam sutka ərzində yatmayan insanlarda hallüsinasiya inkişaf edə və onlar çox diqqətsiz ola bilərlər. Buna səbəb beynin aktivliyinin aşağı düşməsidir. Alimlərin sözlərinə görə, bu cür insanların nitqində qüsurlar əmələ gəlir, beyin adekvat qərarlar qəbul edə bilmir, hafizə pisləşir, əsəbilik yaranır, görmə və eşitmə qabiliyyəti pozulur.

Los-Ancelesdəki Kaliforniya Universitetinin əməkdaşı Elon Evidenin fikrincə, bir neçə həftə yuxusuz qalmaq demək olar ki, mümkün deyil. Hətta 24 saat oyaq qaldıqdan sonra beyin orqanizmi istər-istəməz yatmağa məcbur edir.

Koenin sözlərinə görə, bəzi insanlar var ki, doyunca yatmayanda müəyyən qısa vaxt ərzində özlərini həqiqətən yaxşı hiss edirlər. Bu, böyük miqdarda alkoqol qəbul edən insanın özü ilə bağlı hər şeyin qaydasında olduğunu və hətta avtomobili idarə etmək iqtidarında olmasını fikirləşməsinə bənzəyir. Lakin bu cür insanlar başa düşmürlər ki, beyin tamamilə başqa cür işləyir və bu səbəbdən onlar üçün reallıq artıq başqadır.

banner

Oxşar Xəbərlər