İdmanla məşğul olmaq qrip və pnevmoniyadan ölüm riskini azalda bilər
İdmanla məşğul olmaq qrip və ya pnevmoniyadan ölüm riskini 48 faiz azalda bilər. Aparılan yeni bir tədqiqat həftədə iki dəfə əzələ gücləndirici idman hərəkətlərinin ani ölüm riskini təxminən yarıya qədər azaltdığını aşkar edib.
AZƏRTAC StudyFinds saytına istinadla bildirir ki, tədqiqatçılar böyüklərə həftədə 150 dəqiqə aktiv fiziki məşqlərdə iştirak etməyi tövsiyə edir. Eyni zamanda, böyüklər həftədə ən azı iki dəfə orta və ya intensiv əzələ gücləndirici hərəkətlərlə idman etməlidir. Tədqiqatçılar 1998-2018-ci illər arasında keçirilən Milli Sağlamlıq Müsahibə Sorğusunda iştirak edən təxminən 578 min şəxsin məlumatlarını təhlil edib. Tədqiqat nəticəsində məlum olub ki, həm ürək-damar, həm də əzələləri gücləndirmək üçün tövsiyə olunan fiziki aktivliklə məşğul olan iştirakçıların qrip və ya pnevmoniyadan ölüm riski 48 faiz azalıb.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin Qidalanma, Fiziki Fəaliyyət şöbəsinin həkimi Bryant Vebber həftədə 600 dəqiqə aerob fiziki fəaliyyətlə məşğul olmağın orqanizmdə yarana biləcək bir çox xəstəlik riskini minimuma endirdiyini deyib: “Tövsiyə olunan müddətdən daha az idman hərəkətsizliyə nisbətən sağlamlıq üçün faydalıdır. Aerob fiziki məşqlərə sürətli gəzinti, üzgüçülük, qaçış və pilləkənlərə qalxma kimi fəaliyyətlər daxildir. Tədqiqat zamanı əzələ gücləndirmək üçün normadan artıq edilən məşqlərin potensial olaraq zərərli ola biləcəyi aşkar edilib. Sorğuda iştirak edənlər aerobik və əzələ gücləndirici fəaliyyətlər üçün tövsiyə olunan həftəlik hədəflərə riayət etmələri əsasında kateqoriyalara bölündülər. Onlara həftəlik orta və ya güclü fiziki fəaliyyət müddətləri, əzələləri gücləndirən seansların tezliyi barədə məlumat verildi. Maraqlıdır ki, iştirakçıların yarısı həftəlik hədəflərdən heç birini yekunlaşdıra bilmədi və 34 faizi aerob fiziki hərəkətlərdə qeyri-aktiv olduqlarını bildirdi”.
Tədqiqat British Journal of Sports Medicine jurnalında dərc olunub.