• çərşənbə axşamı, 24 dekabr, 03:52
  • Baku Bakı 4°C

“Heç zaman özümü bir rejissora bağlamamışam” - PEŞƏKAR

26.08.23 03:00 7570
“Heç zaman özümü bir rejissora bağlamamışam” - PEŞƏKAR

Kənan Məmmədov: “Mənim üçün işıq, texnika artıq geridə qalıb. Operator gərək bu texniki işləri o səviyyədə bilsin ki, o barədə fikirləşməsin. Heç vaxt düşünməmişəm ki hansı kamera ilə çəkəcəm, hansı işıqdan istifadə edəcəyəm?”

“Ad günü”, “Bağlı qapı”, “Qaçaq Nəbi”, “Atları yəhərləyin”, “Fəryad”, “Evin kişisi”, “Qızıl uçurum”,  “Otel otağı”, “Gecə qatarında qətl”, “İstanbul reysi”, “Küçələrə su səpmişəm”, “Sübhün səfiri” kimi neçə-necə Azərbaycan kinosu incisinin ekrana gəlməsində quruluşçu operator kimi onun böyük əməyi və sənətinin izi var. “Əliyevin Əli”, “İlham Əliyev. Diplomatiyada uğur rəmzi”, “Kəngərlilər”, “Qara Qarayev-60” kimi onlarla bioqrafik və sənədli filmlərin operatoru kimi adını Azərbaycanın sənədli film tarixinə də yazdırıb. 

İndi uzaq Kanadada yaşasa da, Bakıdakı dostlarını, həmkarlarını unutmur. Ara-sıra Vətənə gəlir. Kino çəkmək həvəsi isə onu heç vaxt tərk etmir. 

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı Kənan Məmmədov Bakıda olduğu günlərdə vaxt ayırıb “Kaspi”yə müsahibə də verdi.

Onlar hamısı getdilər…

- Kənan müəllim, müsahibə üçün görüşü “Azərbaycanfilm” kinostudiyasının qarşısına təyin etməyiniz sizin üçün nostaljidir?

- Yaxşı sualla başladınız (gülür). Müəyyən dərəcədə belə də düşünmək olar. Bu məkan mənim üçün çox əzizdir. Burada 45 il can qoymuşam. Demək olar ki, həyatımın ən yaxşı dövrü burada keçib. Mən kinostudiyaya gələndə bu məkan yox idi, sonra tədricən düzəltdilər. Buradan sanki enerji alırsan. Bu kinostudiyada 50-ə yaxın film çəkmişəm. Onlardan 28-i bədii filmdir. Sənədli filmlə də həvəslə məşğul olmuşam. Hesab eləmirəm ki, yaradıcılıq işi sayla ölçülür. Amma bu da müəyyən dərəcədə onu göstərir ki, mən fəal işləmişəm. Filmlərin bədii tərəfi insanların tələblərinə, istəklərinə nə qədər cavab verir, əsas budur. Son çəkdiyim film “Axırıncı dayanacaq” oldu. O filmi 2014-cü ildə çəkdim. Ondan əvvəl Ramiz Mirzəyevlə “Sübhün səfiri”ni ekranlaşdırdıq. Bu filmdə baş rolu Rasim Balayev oynayır. Bunlar mənim axırıncı filmlərim olub.

- Niyə “axırıncı” deyirsiniz? Bəlkə hansısa bir möcüzə baş verəcək, yenə dəvət olacaq, ya özünüz hansısa filmi çəkmək istəyəcəksiniz?

- Mən bir operator kimi realistəm. Hər şeyə açıq göz və açıq düşüncə ilə baxıram. Möcüzələrə inanmıram. Halbuki sizin sözünüzdə müəyyən əsas var. Amma mən buradan getdim. Qalsaydım, siz deyən baş verərdi. Mənim üçün problem o oldu ki, çalışdığım, işlədiyim insanlar dünyalarını dəyişdilər. Rasim Ocaqovla dörd film çəkmişəm. Sonuncu film “Otel otağı” idi. Mənə deyirdi ki, səninlə reallaşdıracağım bəzi düşüncələrim var, amma alınmadı, xəstələndi. Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Eldar Quliyev - bu rejissorlar korifeylərdir. Mən bu insanlarla çalışmışam. Onlar hamısı getdilər… İndiki cavanlarla işləmək mənim üçün çətin olardı. Ona görə möcüzə baş verməsindən ötrü gərək yaradıcı insanlar olsun. Elə bir möcüzə baş versə və mənə desələr ki, belə bir film var - çəkərəm. Sizi inandırıram, müəyyən yaradıcı xətt var ki, ondan aşağı da düşə bilmərəm. Düzdür, texnologiyalar dəyişib. Mənim işlədiyim dövr tam fərqli idi - lent dövrü idi. İndi bunların hamısı rəqəmsaldır. Hərçənd mən rəqəmsal formatda da iki film - “Sübhün səfiri” və “Axırıncı dayanacaq” filmlərini çəkmişəm. Bu nöqteyi-nəzərdən mənim üçün problem yoxdur. Amma reallıq göstərir ki, artıq zaman keçib. Yoldaşım deyir ki, sən nə vaxta qədər film çəkəcəksən, bir az otur, istirahət elə… 

Kinonun “qızıl” dövrü

- Avqustun 2-i Milli Kino Günü keçirildi. Bakıya gəlişiniz o tarixə təsadüf etdi, yoxsa qabaqcadan  planlaşdırılan səfərdir?

- Əgər desəm ki, təsadüf idi, yalan olar. Təbii ki, mən Kinostudiyanın 100, Azərbaycan kinosunun 125 illiyinin olmasından xəbərdar idim. Düşündüm ki, burada olmalıyam. Burada görüşlərim var. Köhnə dostlarla, mənim kimi sağ qalan kino adamları ilə görüşürəm. 

- Və kinomuzun “qızıl” dövrünü xatırlayırsınız…

- Mən həqiqətən Azərbaycan kinosunun "qızıl" dövründə çalışmışam. Bu mənada bəxtim gətirib. 1976-cı ildə Moskva Kinematoqrafiya İnstitutunu bitirib gəldim və ilk filmim “Ad günü” oldu. Bu filmdə ikinci operator kimi çalışdım. Baş operator Zaur Məhərrəmov idi. O, hazırda Türkiyədə yaşayır. 1978-ci ildə Tofiq Tağızadə ilə “Evin kişisi” filmini çəkdim. Bununla da yol açıldı, bir-birinin ardınca çəkilişlər başladı. İnanın ki, ailəmlə birlikdə istirahətə getməyə vaxtım yox idi. Rejissorlar həmişə mənə film təklif edirdilər. İllər keçdi… İndi 76 yaşım var, yaşlı adamam, amma özümü gümrah hiss edirəm.

Aktyorla münasibət qurmalısan ki…

- Adətən deyirlər, böyük aktyorların böyük  “kaprizləri” də olur. Onlarla işləmək çətin idi? 

- Bu günlərdə Rasim Balayevin 75 yaşını qeyd etdik. Ona dövlət tərəfindən də mükafat verildi. Rasim bütün mükafatlara layiqdir. Həm də gözəl insandır. Mən onu hələ cavanlıqda bir çox filmdə çəkmişəm. Rasim Balayev həmişə deyir ki, ən çox istədiyim kinooperator Kənandır, o, məni bir aktyor kimi başa düşür və heç vaxt incitmir. 

Fəxrəddin Manafov - böyük aktyordur. Onu kinoya Rasim Ocaqov gətirib. Fəxrəddini bir sıra filmlərdə mən çəkmişəm. Həmidə Ömərovanın ilk filmi “Qızıl uçurum” oldu. Moskvada institut qurtarıb gəlmişdi. O filmdə Məmmədrza Şeyxzamanov, Hamlet Xanızadə kimi böyük sənətkarlar da oynayırdı. 

Fuad Poladov mənim çox yaxın dostum idi. Onu bir neçə filmdə çəkdim. Amaliya Pənahovanı da filmlərdə çəkmişəm. Mən bu aktyorlarla ilk növbədə dost olmuşam. Dostluq münasibəti olmasa, çəkiliş alınmaz. Məsələn, “Təhminə” filmində Zaur roluna Moskvadan gələn aktyor çəkiləcəkdi. Nə mən, nə Rasim Ocaqov onunla yaxınlıq edə bildik. Ocaqov onu filmdən çıxardı. Aktyorla münasibət qurmalısan ki, onu çəkə biləsən. Sofa Bəsirzadə, Barat Şəkinskaya mənim xətrimi çox istəyərdilər. Barat xanımı “Evin kişisi”ndə çəkmişdim. İndi onların adlarını çəkəndə kövrəlirəm…

Dramaturji material olmasa

- Bir çox operatorlar düşünürlər ki, ən vacib şey kameradır və əlinə alan kimi şah əsəri çəkə biləcəklər. Siz kadrın yaranmasında ilk yerə hansı elementi qoyursunuz: işığı, kompozisiyanı, əhval-ruhiyyəni…?

- Mənim üçün işıq, texnika artıq geridə qalıb. Operator gərək bu texniki işləri o səviyyədə bilsin ki, o barədə fikirləşməsin. Heç vaxt düşünməmişəm ki, hansı kamera ilə çəkəcəm, hansı işıqdan istifadə edəcəyəm? Mənim üçün əsas olan dramaturji material, ssenaridir. Əgər ssenari məni qane edibsə, bir insan kimi onu hiss etmişəmsə, işləmişəm. Çünki film onunla formalaşır. Dramaturji material olmasa, heç bir film tamaşaçını özünə cəlb edə bilməz. Rejissor mənə iş təklif edəndə ssenari istəyirdim. Rasim Ocaqovla ilk filmim “Özgə ömür” olub. Baş rolda Kalyaqin oynayırdı. Bir gün evdə oturmuşdum. Qapı döyüldü. Filmin müdiri Aydın İmrani idi: “Bu ssenarini Rasim Ocaqov göndərdi, dedi oxusun, sabah səhər 10-da onu gözləyirəm” dedi. Bütün gecəni o ssenarini oxudum. Rüstəm İbrahimbəyovun ssenarisi idi. Çox xoşuma gəldi. Rasim çox dəqiq adam idi. Səhəri gün saat 10-da otaqda oldum. İnsana toxunan material olmasa, heç kim gəlib filmə baxmayacaq.

- SSRİ dövründə olub ki, operatorlar bəzən bir rejissor və ya eyni komanda ilə işləyiblər. Sizin filmoqrafiyanıza baxanda bu fərqlidir...

- Bəli, elə operatorlar olur ki, yalnız bir rejissorla işləyirlər. Amma bu, uzun müddət çəkmir. Çünki kino yaradıcı prosesdir, digər tərəfdən, istehsalatdır. Bunun da öz tələbləri var. Bu, məndə sistemə çevrilməyib. Heç zaman özümü bir rejissora bağlamamışam. Məsələn, Azərbaycan rejissorlarını götürsək, mən ən çox Rasim Ocaqovla işləmişəm, onunla dörd bədii film çəkmişəm. Eldar Quliyevlə, Əbdül Mahmudovla, Ənvər Əblucla da bir neçə filmdə işləmişəm.  

Operatora əhsən!

- 28 bədii film… “Hansını daha uğurlu hesab edirsiniz?” sualına cavab vermək, yəqin ki, sizin üçün çətin olar…

- Bəli, bu suala cavab vermək çətindir. Qoy bunu tamaşaçı desin. Amma Ənvər Əblucun “Qara gölün cəngavərləri” filmi var. Bu, mənim üçün önəmli filmdir. Rəssam Rufiz İsmayılovla o filmdə çalışırdıq. Keçən əsrin əvvəllərinin inqilabi hərəkatı, Abşeronun simasını ekranda yaratmaq, Bakı ətrafındakı mədənləri canlandırmaq, o abı-havanı ekrana gətirmək çox mühüm məsələ idi. O dövrdə ki, mən işləmişəm, bizim texniki imkanlarımız çox məhdud olub. O vaxt film lentə çəkilirdi. O filmin səsyazması o vaxt Leninqradda olub. Orada bir kadr var: polislər qəhrəmanı tutmaq üçün fəhlələrin olduğu baraka girirlər. O epizod bir kadrla çəkilib. Ənvər Əbluc deyirdi ki, o epizod səsləndiriləndə Leninqrad aktyorları “operatora əhsən” deyə alqışlayıblar. 

“Qaçaq Nəbi” filmi də çox çətin şəraitdə çəkilib. “Təhminə” möhür vurulmuş filmdir. İstehsalat nöqteyi-nəzərdən də ağır film idi. Filmin çəkiliş proseslərində Rasim Ocaqov ürəyindən əməliyyat olundu. Fəxrəddin Manafov qəzaya düşdü. Təhminə rolunu oynayan Meral Konrat mədəsindən əməliyyat olundu. Rasim dedi ki, Kənan, biz üç nəfər bu vəziyyətə düşdük, dördüncü sənsən, əgər sənə də bir şey olsa film qaldı... 

- Amma film alındı. Böyük səs-küy yaratdı. Birmənalı da qarşılanmadı…

- Bəli, elədir. O film ki, birmənalı qarşılanır, demək alınmayıb. Filmdə gərək müxtəlif fikirlər olsun. Demək film nəyəsə toxunub ki, insanlar onu müzakirə edirlər. Mənim üçün çox yaxın “Fəryad” filmi olub. Bu film “Təhminə”dən dərhal sonra çəkilib. Rəhmətlik Ceyhun Mirzəyev dostum idi. Ona çoxdan söz vermişdim ki, film çəkəcəyik.  Həmişə mənə film təklif edəndə məşğul olurdum. Bir gün “Fəryad”ın ssenarisi ilə gəldi. Materialı oxudum, əhəmiyyətli olduğunu başa düşdüm. Qarabağ savaşı haqqında faktiki birinci filmdir. Biz filmi çəkdik. Amma Ceyhun heç filmin qaralama montajını da görmədi. Filmi səsləndirən Eldəniz Rəsulovdur. O Ceyhunu elə yamsılayırdı ki, Ceyhun filmə baxsaydı elə bilərdi ki, özü səsləndirib.

Nə yaxşı ki, xatirələr var…

- Yəqin ki, maraqlı və zəngin arxiviniz var, xatirələriniz də daim sizi müşayiət edir...

- Böyük arxivim var. Bəzi fotoları və materialları Kinofonda verdim. İndi orada böyük bir stendim və arxivim var. Onlar böyük bir sevgi ilə arxivi qoruyurlar. İnsan gəlib elə bir yaşa çatır ki, ən böyük vergi xatirlərdir. Hərdən otururam, yadıma düşür. Moskvada Aleksandr Qalperin emalatxanasında oxuduğum illər… Mən Moskva dövrüm haqda bir kitab yaza bilərəm. Bəli, nə yaxşı ki, xatirələr var. Xatirələr bizi saxlayır. Bizi sanki qabağa aparır. Biz həyatımız haqqında düşünürük. 

Qalsaydım, yenə çəkəcəkdim

- Siz niyə Kanadaya getdiniz? Fikirləşdiniz ki, artıq sizin rejissorlarınız, aktyorlarınız yoxdur? Yəni, artıq filmin sonudur?

- Mənim Kanadaya köçməyim kino ilə bağlı deyil. Qızım ailəsi ilə Kanadaya köçdü. Mən ona çox bağlıyam. Onsuz yaşaya bilmirəm. Digər tərəfdən, 2014-cü ildən bu yana mən hiss elədim ki, çalışdığım insanlar dünyalarını dəyişiblər. Burada kiminlə işləyim? Bu problem qarşımda var idi, amma əsas deyildi. Qalsaydım, yenə film çəkəcəkdim. 

- İnsanın arzuları heç vaxt tükənmir. “Daha ürəyimdə heç nə qalmadı” desə belə. Əgər imkan olsa nə çəkərsiniz?

- Mən istərdim bir film çəkəm: böyük bir şəhərdə lirik bir mövzu. Ruslardakı kimi “O və o”. Sevgi mövzusu. Məhəbbət hissini bu nəhəng şəhərdə realizə etmək istərdim. Bu mövzu məni çox maraqlandırır. Belə bir ssenari olsa, elə bu saat belə çəkərdim...

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər