• çərşənbə, 24 Aprel, 05:11
  • Baku Bakı 14°C

Hansı simptomlar olduğu halda uşaq cərrahına müraciət edilməlidir?

10.09.22 03:45 480
Hansı simptomlar olduğu halda uşaq cərrahına müraciət edilməlidir?

Cərrahi patologiyalar müxtəlif və çoxsaylı ola bilər. Kiçik uşaqlarda əksər hallarda cərrahi xəstəliklərə xas olan simptomlar neonatoloq, yaxud pediatr tərəfindən aşkar edilir. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gündüz Ağayev deyib. Kaspi.az Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gündüz Ağayevin müsahibəsini təqdim edir.

- Gündüz müəllim, uşaqlarda ən çox qarşılaşdığınız cərrahi xəstəliklər hansılardır?

- Uşaqlarda ən çox qarşılaşdığımız cərrahi xəstəliklərə peritonun yataq çıxıntısının patologiyaları (qasıq yırtığı, hidrosele), qarnın ön divarının yırtıqları (göbək yırtığı, ağ xətt yırtığı, nadir yırtıqlar), kriptorxizm (enməmiş xaya) aiddir. Qasıq yırtığı uşaqlarda ən çox rast gəlinən anadangəlmə inkişaf qüsurudur, oğlanların təxminən 5 faizində təsadüf edilir. Qızlarda oğlanlara nisbətən 5-10 dəfə az hallarda olur. Sağ tərəfli qasıq yırtığının sola nisbəti 2:1-dir. 10 faiz hallarda ikitərəfli olur. Qızlarda ikitərəfli olma ehtimalı oğlanlara nisbətən iki dəfə çoxdur. İkitərəfli qasıq yırtığı olan qızlarda cinsi inkişafın pozulması riskinə görə cinsiyyət üzvləri diqqətlə müayinə olunmalıdırlar. Uşaqlarda qasıq yırtığının səbəbi, anatomik quruluşu və cərrahi əməliyyat texnikası böyüklərdə olan qazanılma qasıq yırtıqlarındam tam fərqlidir. Əməliyyat açıq və endoskopik oluna bilər. Son onillikdə minimal invaziv (laparoskopik) əməliyyata daha çox üstünlük verilir. Enməmiş xayanın müalicəsi cərrahidir. Cərrahi əməliyyat 6 aydan 2 yaşadək oluna bilər. Cinsi yetişkənlik dövründən sonra bir tərəfli enməmiş xaya aşkar edilibsə, o zaman xayanın xaric edilməsi məsləhətdir. Çünki gələcəkdə xərçəng xəstəliyinin inkişaf etmə riski yüksək ola bilər.

- Yeni doğulan körpələrdə anadangəlmə patologiyaların ilkin səbəbi nədir?

- Qüsurların böyük əksəriyyəti hamiləliyin ilk trimestrində, orqanogenez dövründə baş vermiş inkişaf pozgunluğundan yaranır. Anadangəlmə patologiyaların ilkin səbəbləri müxtəlifidir və irsi faktorlardan, valideynlərin, xüsusilə ananın sağlamlıq vəziyyətindən, ətraf mühit amillərindən asılıdır. Bəzi qüsurların səbəbi qeyri-cərrahi genetik xəstəliklərdir. Məsələn, sistik fibroz bətindaxilində bağırsağın burulmasına və nekrozuna, bətindaxili perironitə, bağırsağın atreziyasına, mekonial kisə.

- Hansı simptomlar olduğu halda uşaq cərrahına müraciət edilməlidir?

- Cərrahi patologiyalar müxtəlif və çoxsaylı ola bilər. Kiçik uşaqlarda əksər hallarda cərrahi xəstəliklərə xas olan simptomlar neonatoloq, yaxud pediatr tərəfindən aşkar edilir. Uşaqda qarın ağrısı, qusma, xüsusilə ödlü, qarında köp, asimmetriya olması, qasıq və xarici cinsiyyət üzvləri nahiyyəsində qızartı, şişkinlik, “səbəbsiz” qızdırma, “səbəbsiz” periodik qusma və s. çoxsaylı əlamətlər aşkarlanarsa, bu halda uşaq cərrahına, yaxud uşaq həkiminə müraciət etmək lazımdır. Məsələn, kiçik yaşlı uşaqlarda kəskin appendisit az hallarda baş verir. Xəstəlik əvvəlcə ümumi narahatlıq, halsızlıq, qidadan imtina ilə başlayır, bir neçə saatdan sonra isə hərarət yüksəlir. Qeyd edim ki, qarın ağrısı olan uşaqlarda, xüsusilə azyaşlılarda, uşaq cərrahının müayinəsi vacibdir.

- Uşaqlarda ağciyər və qaraciyərin sistləri hansı halda və neçə yaşda əməliyyat olunması məsləhət görülür?

- Uşaqlarda qaraciyər sistləri (kistalar) əksər hallarda xoşxassəli olur. Sistlər anadangəlmə (sadə, mezenximal hamartoma, epidermal, limfangioma, qaraciyərdaxili biliar, enterik), qazanılma (posttravmatik, parazitar, neoplastik) ola bilər. Ona görə də bu uşaqlar hətta klinik əlamətlər olmasa da, ətraflı müayinə olunmalı və müalicəsi aşkar edilmiş patologiyaya uyğun seçilir. Ağciyər sistləri anadangəlmə inkişaf qüsurudurlar. Əksər hallarda prenatal dövrdə aşkar edilir. Ağır hallarda prenatal hormonal müalicə, yaxud fetal manipulyasiya aparıla bilər. Postnatal dövrdə xəstədə tənəffüs çatışmazlığı inkişaf edərsə, adətən 3 aydan sonra planlı cərrahi əməliyyat məsləhət görülür.

- Uşaqlarda göbək yırtığının əmələ gəlmə səbəbi nədir və zamanla keçə bilərmi?

- Göbək yırtığı uşaqlarda tez-tez rast gəlinən patologiyadır və fassial göbək həlqəsinin defektidir. Qasıq yırtığından fərqli olaraq yırtıq qapısı əzələlərdən deyil, aponevrozdan əmələ gəldiyində göbək yırtığının boğulması çox nadir olur. 5 yaşadək uşaqların 90 faizində defekt özü bağlandığından cərrahi əməliyyata ehtiyac olmur. Göbəyə bandaj, plaster və s. qoymaqla defektin bağlanması sürətlənmir, əksinə göbək nahiyyəsində dərini zədələyir, uşağı narahat edir. Kiçik yaşlı uşaqlarda cərrahi əməliyyatdan sonra eyni problem yenidən yarana bilər. Buna görə də valideynlərə diqqətli olmaqları tövsiyə olunur.

banner

Oxşar Xəbərlər