• cümə axşamı, 28 mart, 18:24
  • Baku Bakı 13°C

Gün ərzində təxminən hər bir milyon insandan 3 min nəfəri miqrendən əziyyət çəkir

22.07.22 17:30 1351
Gün ərzində təxminən hər bir milyon insandan 3 min nəfəri miqrendən əziyyət çəkir

Miqren əhali arasında ən geniş rast gəlinən problemlərdən biridir. Miqren ağrılarını birdəfəlik müalicə etmək mümkün deyil. Eləcə də bu problemin dəqiq səbəbi bu günə kimi bəlli deyil. Son illərdə miqren problemlərinə hətta uşaqlarda da rast gəlinir.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, nevroloji miqren xəstəliyi böyüklərdə 4-24 saat, uşaqlarda isə 1-12 saat davam edə bilir. İldə bir neçə dəfə təkrarlana bilən miqren xəstəliyi özünü kəskin ağrılar şəklində büruzə verir. Miqrenin əsas təzahürü baş ağrılarıdır. Bununla yanaşı, miqren özünü ürəkbulanma və qusma, eyni zamanda işığa və səsə qarşı həssaslıq formasında göstərə bilər. Miqren dünyada ən geniş yayılmış xəstəliklər sırasında 3-cü yerdədir. Bu növ başağrısı şəkərli diabet, epilepsiya və bronxial-astma xəstəliklərindən daha çox yayılıb.

Statistikaya görə, gün ərzində təxminən hər bir milyon insandan 3 min nəfəri miqrendən əziyyət çəkir. Miqren tutmasını yarada biləcək amillərə stress, zehni gərginlik, yorğunluq, yuxusuzluq, çənə oynağının disfunksiyası, meteoroloji və temperatur dəyişkənliyi, səyahətlər, kəskin qoxular, gur işıq, yüksək səs və fiziki aktivlik, maye qəbulunun az olması, kəllə-beyin travması, uzaq uçuş ilə əlaqəli bioritmin pozulması, kompüter, aclıq və ya yemək qəbulunun gecikməsi, soyuq qida, yüksək kofeinli içkilər, alkoqollu içkilər, şokolad kimi bəzi qida məhsulları daxildir.

Külək, fırtına, günəş işığı, rütubətin yüksək səviyyəsi də miqren yarada bilər. Miqren ağrılarının şiddətlənməsinə səbəb baş və beyin damarlarının genişlənməsidir. Uşaqlarda, hətta körpələrdə belə, miqren ağrıları müşahidə edilə bilər. Bu ağrılar fərqli olur. Uzun müddət ara ilə müşahidə edilən ağrılar "epizodik ağrılar" adlanır. Ağrıların müddəti daha uzun olursa, bu, artıq xroniki miqrendir. Xroniki miqrenə depressiya, yuxusuzluq və digər hallar səbəb ola bilər. Xroniki miqren müalicə edilmədikdə, ciddi fəsadlara yol açır.

Miqren ağrılarının yaranmasının konkret səbəbi olmadığı kimi, müalicəsi də yoxdur. Xəstəliyin müalicəsi məqsədilə, sadəcə olaraq, ağrını aradan götürmək üçün ağrıkəsicilərdən istifadə etmək olar. Miqren ağrıları zamanı istifadə edilən dərmanlardan uzunmüddətli istifadə məsləhətli deyil. Unutmayaq ki, həddindən artıq ağrikəsicilərin istifadəsi ağrıların çoxalması və xronikləşməsinə səbəb ola bilər.

Tez-tez şiddətli başağrısı, hərarətin artması, cüt görmə, keyimə, danışıqda problem, ani bir hərəkətdən sonra başağrısı, 50 yaşdan sonra kəskin artan baş ağrıları hiss etdikdə mütləq nevroloqa müraciət etmək lazımdır. Qadınlarda miqren xəstəliyi kişilərə nisbətən daha çox olur. Miqrenli xəstələr düzgün və sağlam qidalanmalı, ac qalmamalıdır. Bol su içmək, idmanla məşğul olmaq, eyni zamanda, açıq havada gəzmək, yuxu rejiminə diqqət yetirmək, yuxusuz qalmamaq, stressi artıran hadisələrdən uzaq olmaq lazımdır. Narahat edən hava şəraiti zamanı isə evdən çıxmamaq məsləhətdir.

banner

Oxşar Xəbərlər