• cümə axşamı, 25 aprel, 21:08
  • Baku Bakı 21°C

Gicitkən – təzəsi, yoxsa qurusu?

21.05.22 09:00 393
Gicitkən – təzəsi, yoxsa qurusu?

Gicitkənin tərkibi “Mendeleyev cədvəli”dir, tərkibində demək olar ki, bütün vitamin və minerallar var. Təzə halda istifadə edilərsə, qurusundan daha çox xeyirlidir.

Bunu AZƏRTAC-a açıqlamasında həkim-fitoterapevt Füzuli Hüseynov deyib.

Onun sözlərinə görə, yazın başlanğıcında, insan orqanizmi qışdan çıxanda bədəndə vitamin-mineral əskikliyi əmələ gəlir, bu əskiklik özünü uşaqlarda daha çox büruzə verir.

“Əlinizə rezin əlcək geyinib gicitkəni dərin, suda yuyun və qayçı ilə doğrayıb şüşə qabın yarısına qədər doldurun, üstünə su əlavə edib blenderlə qarışdırın, təzə gicitkən şirəniz hazırdır. Təzə yığılmış yarpaqları yuyub şirəçəkəndən keçirmək də olar, bu zaman təmiz gicitkən şirəsi əldə edəcəksiniz. Bu şirədən gündə 2 dəfə, yeməkdən əvvəl 1 stəkan için. Bədəndə çatmayan bütün vitamin və mineralların yerini dolduracaq. Əsasən də dəmirlə zəngindir, anemiyalı xəstələr üçün çox faydalıdır”, - deyə həkim bildirib.

Həkim-fitoterapevt qeyd edib ki, təzə gicitkən şirəsi qanda oksigenin miqdarını artırır və toxumaların qidalanmasını yaxşılaşdırır, qəbizliyi aradan götürür, böyrəkləri daş və qumlardan təmizləyir, dərini təravətləndirir, immuniteti artırır. Bundan başqa, təzə gicitkəndə çoxlu K vitamini vardır ki, qanın laxtalanmasını tənzimləyir. Təzə gicitkəni dərib süpürgə kimi bağlayıb, sauna və ya hamamda dizlər və bel nahiyəsi həmin süpürgə ilə döyülür. Revmatizmdə, bel ağrılarında və orqanizmi qüvvətləndirmək üçün çox faydalıdır. Təzə gicitkən ətçəkən maşından keçirilib təzə tökülmüş saçların yerinə lopa şəklində qoyulduqda yeni tük gətirir, olan saçları qalınlaşdırır. Bunu zob üzərinə qoyanda düyünlər əriyir, daban mahmızı üzərinə qoyanda isə mahmız kiçilir. Oynaqların duzlaşmasında və podaqrada tətbiq olunanda oynaqlarda olan şiş və ödem azalır. Belin aşağı hissəsində tüklər follikullara girib infeksiya törətdikdə, gicitkən əzməsi büzdümün həmin nahiyəsinə qoyulur, iltihab və ağrını azaldır. Bunu ekzema və dəmirovların üzərinə qoyanda dəri zədələnməsi əhəmiyyətli dərəcədə azalır, lipomaların isə ölçüsünü kiçildir.

“Təzə gicitkən şirəsini 10 gün içdikdən sonra 1 həftə fasilə vermək lazımdır, çünki qanı qatılaşdıra bilər. Gicitkən kökləri prostat vəzin adenomasında (xoşxassəli şişlərində) da çay kimi dəmlənib içilir. Gicitkən kökləri prostat hiperplaziyasında (böyüməsində) 3 çay qaşığı 3 stəkan suda 3-4 dəqiqə qaynadılır, ilıq olandan sonra süzülür, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir”, - deyə həkim əlavə edib.

banner

Oxşar Xəbərlər