• çərşənbə axşamı, 05 noyabr, 10:48
  • Baku Bakı 11°C

Fransız demokratiyasının iç üzü

26.10.24 00:06 825
Fransız demokratiyasının iç üzü

Fransanın müstəmləkə rejimi qvadelupelilərin öz torpaqlarında yaşamasına və işləməsinə mane olmaq üçün hər şey edir. İnsanların ölkələrini tərk etməsi üçün təhlükəsizlik, içməli su çatışmazlığı problemləri yaradılır. 

Bakı Təşəbbüs Qrupu Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması, ifadə azadlığı, təbiətə dəyən ziyan barədə hesabat hazırlayıb. Bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması haqqında hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında söyləyib. O bildirib ki, hesabatda Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması və bununla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının qarşısının alındığı barədə geniş məlumat verilib.

Yeni Kaledoniyaya dəstək davam edəcək 

A.Abbasov Yeni Kaledoniyadakı son durum barədə də danışıb. Bildirib ki, Yeni Kaledoniyanın yeni seçilmiş Prezidenti Fransa hökumətinin müstəmləkəçilik siyasətini dəstəkləyir. Buna baxmayaraq Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliklə mübarizədə Yeni Koledoniyanı dəstəkləməyə davam edəcək: "Biz beynəlxalq platformalarda Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı fikir bildirir, beynəlxalq ictimaiyyətə çağırış edirik".

Mayot adasında dözülməz vəziyyət

Mayot adasının Maore Komitəsinin üzvü Abubakar Matuar mətbuat konfransında bildirib ki, Mayotda infrastruktur, içməli su problemi illərdir ki, var. Hökumətə bu problemlə bağlı dəfələrlə müraciət etmişik. Ada 2018-ci ildən bu yana hər tərəfdən bloklanıb. “Son iki ildir ki, biz içməli su ilə 2-3 gündən bir təmin olunuruq”, - deyə A.Matuar bildirib.

Zorakılıq və repressiyalar 

Qvadalupe təmsilçisi, UPLG-nin baş katibinin müavini Ali Meril isə deyib ki, Qvadelupedə mübarizə çox çətindir, çünki ölkəmiz hələ də Fransanın müstəmləkə imperiyasının tərkibindədir. O qeyd edib ki, ərazidə insan hüquqlarının pozulması məsələsi təmsil etdiyi təşkilatın və hər bir qvadelupelinin gündəlik narahatlıq mövzusudur: "Ümumiyyətlə, Qvadelupe xalqı daim qorxu içində yaşayır. Claude Jean-Pierre, "Klodo" kimi tanınan şəxsin adi bir yol yoxlaması zamanı həyatını itirməsi buna bariz nümunədir. Qvadelupelilər yaxşı bilirlər ki, ərazidə yerləşən Fransanın repressiya qüvvələri ilə adi yoxlama zamanı hər şey baş verə bilər və onlar qarşılaşdıqları hər hansı haqsızlığa görə ədalətli yanaşma görməyəcəklər". O qeyd edib ki, fransız qüvvələrinin törətdiyi zorakılıq və repressiyalar nəticəsində həyatını itirənlər arasında olan üç ailə hazırda vəkilləri ilə birlikdə mübarizə aparır ki, Fransanın məhkəmə sistemi yaxınlarının ölümü ilə bağlı ədalətli araşdırma təşkil etsin: "Lakin onlar fransız məhkəmələrinin hadisələri obyektiv şəkildə araşdırmasına və məhkəməyə çıxarmasına nail olmaqda çətinlik çəkirlər. Qvadelupe xalqı artıq əmindir ki, Fransanın hərbi və polis qüvvələri onlara hörmət bəsləmir və xalqa xidmət etmir. Qvadelupe xalqının bütün xalqlar kimi hüquqları var və onların tələbi insan hüquqlarının Qvadelupedə də eynilə dünya miqyasında hörmət edilməsidir".

Əsas insan hüquqları tanınmır

Qvadalupe təmsilçisinin sözlərinə görə, ölkəsində əsas insan hüquqları tanınmır və bu hüquqlara hörmət edilmir: "Çünki Fransanın müstəmləkə rejimi qvadelupelilərin öz torpaqlarında yaşamasına və işləməsinə mane olmaq üçün hər şey edir. Təhlükəsizlik problemləri, içməli su çatışmazlığı. bahalı həyat, işsizlik, polis zorakılığı bütün bunlar insanları ölkəni tərk etməyə məcbur etmək üçün həyata keçirilir. Ötən 60 il ərzində xalqın azadlıq, suverenlik və müstəqillik istəyinə qarşı Fransanın verdiyi cavab repressiya, rasizm və insan hüquqlarının inkarı olub".

Ali Merilin sözlərinə görə, Fransa, işğalçı dövlət olaraq, heç bir müsbət addım atmır, əksinə, hər hansı fərqli səsləri boğmaq üçün əlindən gələni edir: "Fransanın hazırkı hökuməti nə Qvadelupedə, nə də digər müstəmləkələrində insan hüquqlarını tanımaq və müdafiə etmək niyyətindədir. Qiymət artımına qarşı etiraz edən xalqlara qarşı məhkəmə təqiblərinin həyata keçiriləcəyini açıq şəkildə bəyan edir. Fransanın belə addımları, Qvadelupe, Martinika və digər müstəmləkələrdəki insanlara qarşı repressiyaların davam edəcəyini göstərir".

 

banner

Oxşar Xəbərlər