• cümə axşamı, 25 aprel, 13:11
  • Baku Bakı 23°C

Efir yağları ilə müalicə fizioterapiayada da tətbiq edilir

29.04.23 17:00 352
Efir yağları ilə müalicə fizioterapiayada da tətbiq edilir

Efir yağları və müxtəlif qoxularla müalicə aromaterapiya adlanır. Efir yağları müxtəlif bitkilərin hissələrindən ekstraksiya yolu ilə alınır. Müalicə məqsədilə 400 adda efir yağlarından istifadə olunur. Lakin onunla müalicə bəzi həssas insanlarda allergiya yarada bilər. Aromaterapiyanın üstünlükləri olduğu kimi əks təsirləri də var.

AZƏRTAC xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu bəzi xəstəliklər zamanı həmin üsulla müalicənin ümumiyyətlə tövsiyə edilmədiyini bildirib: “Depressiya, həyəcan, vaxtaşırı baş ağrılarının olması, özünə qapanma, əhval-ruhiyyənin itməsi hallarında aromaterapiyadan istifadə olunur. Hamiləliyin kəskin dövrlərində və yaxud hamiləlik toksikozu zamanı, 2 yaşına qədər uşaqlarda, xüsusilə yüksək allergiyadan əziyyət çəkənlərə, dəri həssaslığı, ekzeması olanlara onun istifadəsi məhdudlaşdırılmalı və yaxud da istifadə edilməməlidir. Tam sağlam olan, lakin yata bilməyənlər həmin müalicədən daha çox istifadə edirlər”.

O, müalicə proseduru barədə bunları deyib: “Gün ərzində bir dəfə də olsa hər ələ 3-4 damla lavanda yağı əlavə olunur, 3-4 dəqiqə ərzində gicgahlara və alın nahiyəsinə sürtülür. Onun tətbiqi yuxunu dərinləşdirir, beyini rahatlaşdırır, baş ağrılarını aradan qaldırır. Dəri səpgiləri olan xanımlar kosmetoloji prosedurlarda aromaterapiyadan daha geniş istifadə edilir. Dəri tam yuyulub təmizləndikdən sonra limon və kəklikotu yağı çəkilir”.

Aromaterapiyanın tətbiq sahələrindən biri də fizioterapiyadır. Paralel müalicə zamanı müxtəlif masajların edilməsi gərginliyi aradan qaldırır.

Təbabətin təsir gücünü özündə birləşdirən aromaterapiya dəriyə qulluq, immun sisteminin möhkəmləndirilməsi və kosmetik məqsədlərlə də istifadə olunur. Bitki ekstratları, efir yağları və qoxularla müalicə insanı müsbət əhval-ruhiyyəyə kökləyir.

banner

Oxşar Xəbərlər