• şənbə, 23 Noyabr, 19:27
  • Baku Bakı 14°C

Dünyada xurmaya tələbat artıb - İXRAC

20.01.23 04:00 1876
Dünyada xurmaya tələbat artıb - İXRAC

Yaranmış durumda Ukrayna münaqişəsilə əlaqədar yaranan logistika problemlərinə baxmayaraq, Azərbaycanın xurma ixracı artıb. Keçən il Azərbaycan xurması Avropa bazarlarına da çıxarılıb. Ekspertlər hesab edirlər ki, bu məhsulun ixrac həcminin artırılması, ölkəyə əlavə valyuta cəlb edilməsi üçün yaxşı perspektivlər var. 

Pandemiya dövründə ölkələr arasında idxal-ixrac prosesində böyük problemlər yaşandı. Azərbaycan da bu durumdan zərər çəkənlərdən oldu. Pandemiyanın ardınca Rusiya ilə Ukrayna arasında başlanan müharibə də bu ölkələrə ixrac edilən məhsullar üçün əlavə problemlər yaratdı. Lakin hökumət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində yerli kənd təsərrüfatı və digər məhsullar üçün adekvat bazarlara çıxış imkanı yarandı. Belə məhsullardan biri də Azərbaycanda yetişdirilən xurmadır. Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AXİİA) rəhbəri Qadir Yusifovun açıqladığı statistik məlumatlara görə, dünya bazarlarındakı xurma qıtlığı ötən il Azərbaycan xurmasını Rusiyada 2021-ci illə müqayisədə 30 faiz bahalaşdırıb: “Azərbaycanın xurma ixrac bazarında əsas iki ölkə - Rusiya və Ukrayna böyük paya sahibdir. Ötən il Ukraynaya həm Rusiya ərazisindən keçən, həm birbaşa ixrac edilən məhsulun həcmi 40-50 min ton təşkil edib. Rusiya-Ukrayna müharibəsi başlayanda biz bu bazarları itirəcəyimizdən qorxurduq. Proqnozlarımız belə idi ki, bu mövsüm bizim üçün heç də yaxşı olmayacaq. Lakin oktyabr-noyabr aylarında həyata keçirilən satış həcmləri proqnozlarla heç də uzlaşmadı”.

Q.Yusifov deyib ki, Azərbaycan xurması Avropanın bəzi ölkələrinin mağazalarında da görünməyə başlayıb: “Avropa bazarlarına yavaş-yavaş daxil oluruq. Bunun əsas səbəbi isə İspaniyadakı quraqlıqla bağlıdır”.

Göründüyü kimi, dünya bazarında xurma qıtlığı Azərbaycan xurmasına tələbatı artırıb. Eyni zamanda Avropaya da ixrac başlayıb. 2022-ci ildə Azərbaycanın xurma ixracının dəyəri 125,9 milyon ABŞ dolları olub. Artıq bu məhsul ölkəyə xeyli valyuta qazandırır. Gələcəkdə bu meyvənin ixracının artırılması üçün hansı stimulverici addımlar atmaq mümkündür? Azərbaycan xurmasının Rusiyadan başqa bazarlarda yer alması üçün daha hansı işlər görürlməlidir?   

“İntensiv kənd təsərrüfatı sahələri yaranıb”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı yüksələn xətlə inkişaf edir: “Dövlət dəstəyi sayəsində bu gün müasir intensiv kənd təsərrüfatı sahələrimiz yaranıb, dünyanın ən yaxşı meyvə və bitki sortları ölkəmizə gətirilib becərilir. Müstəqilliyimizin ilk illərində məhv edilmiş bağ sahələri müasir bağlar əkilməklə yenidən qurulub. Bu da ilbəil istehsalın və ixrac etdiyimiz kənd təsərrüfatı məhsullarının həcminin artmasına gətirib çıxardır. Bu gün Azərbaycan bir neçə kənd təsərrüfatı məhsulu istehsalı üzrə artıq dünyada öncül yerlərdədir. Onu qeyd edim ki, xurma bağlarımız da yenidən əkilib və məhsul istehsal olunur. Bu məhsul ixrac məhsulları arasında da yer alıb. Belə ki, 2022-ci ildə 125,9 milyon ABŞ dolları dəyərində xurma ixrac edilib”. 

“Sahibkarlar ancaq Rusiya bazarı ilə kifayətlənməməlidir”

A.Badamov qeyd etdi ki, bununla yanaşı, dünya bazarında da xurmaya tələbat kəskin artıb: “Daha böyük həcmdə məhsul istehsalı ixrac imkanı yaradıb. Ölkəmizin xurma ixracı bazarı əsasən Rusiyadır. Amma 2022-ci ildə xurmamızı dünya bazarına çıxarmağa nail olmuşuq. Bu da yeni xurma bağlarının əkilməsini aktuallaşdırır. Təbii ki, yeni bağların əkilməsinə dövlət büdcəsindən subsidiya verilir. Bağların genişləndirilməsi isə sahibkarların istəyindən asılıdır. Sahibkar hansı meyvəni daha rentabelli görürsə, onu da əkib becərir. Hesab edirəm ki, artıq ənənəvi ixrac bazarlarımızın genişləndirilməsinin zamanı çatıb. Sahibkarlar ancaq Rusiya bazarı ilə kifayətlənməməli, dünya bazarının tələblərini nəzərə almalı və ixracın şaxələndirilməsinə çalışmalıdır. İxracın şaxələndirilməsi eyni zamanda sahibkarların gəlirlərinin qorunmasına imkan verər və onlar öz məhsullarını daha baha qiymətə ixrac etmək imkanlarını qazanmış olarlar”.

“Rusiyada alıcılıq qabiliyyəti aşağı düşüb”

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, əvvəllər Azərbaycan xurmanı əsasən Rusiya bazarlarına ixrac edirdi: “Məhz bu bazara çıxış imkanı olduğu üçün son on ildə Azərbaycanda xurma bağları genişləndirildi. Sadəcə, ötən il Rusiyada baş verən proseslərlə əlaqədar alıcılıq qabiliyyəti aşağı düşüb. Ona görə də xurma mövsümündə Rusiyaya aparılan məhsulun qiymətləri aşağı oldu və bu da ixracın azalmasına səbəb oldu. Amma indiki halda Rusiya bazarında məhsulun qiyməti qalxıb. Onsuz da yığım dövründən fərqli olaraq yanvar ayında xurmanın qiyməti saxlanma və digər xərcləri üstünə gəlməklə qalxır. Xurmanın qiymətinin 30 faiz artması məsələsinə əvvəlki illərlə müqayisədə aşağı olan qiymətin təkrar artması kimi baxmaq olar”.

“Xurmanın maksimum 50-60 faizi ixrac oluna bilər”

C.İbrahimli vurğuladı ki, Azərbaycan xurmasının Avropa və digər ölkələrə ixracı hər zaman nəzərdə tutulub, gözdən keçirilib və bu imkanlar araşdırılıb: “Yəni dövlət daşınma, logistika sistemlərini inkişaf etdirir ki, fermerlər ölkədə istehsal olunan məhsullarını xarici bazarlara çıxara bilsin və ölkəyə valyuta gəlsin. Digər tərəfdən, fikrimcə, ölkədə istehsal olunan illik xurmanın maksimum 50-60 faizi ixrac oluna bilər. Çünki ixrac edilən məhsul keyfiyyətli olmalıdır. Bağlarda qalan məhsulun digər hissəsi itkiyə gedir. Bu baxımdan bu tipli məhsulların emal sənayesinin ölkədə inkişaf etdirilməsinin tərəfdarıyam. Emal sənayesi inkişaf etdirilərsə, ixrac parametrlərinə uyğun olmayan məhsullar emal edilmiş şəkildə həm daxili, həm də xarici bazarda satıla bilər”.    

Sanksiyalar və koronovirus

İqtisadçı Aqil Eyvazov bildirdi ki, Rusiyada Azərbaycan xurmasına tələbatın artmasının bir səbəbi tətbiq edilən sanksiyalardır: “Eyni zamanda, xurmanın koronavirusa qarşı profilaktik müalicədə müxtəlif meyvə-tərəvəz məhsulları ilə yanaşı istifadəsinin zəruriliyi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar da tələbatın artmasına səbəb olub. Deyə bilərəm ki, məsələyə təkcə xurma istehsalının və ixracının stimullaşdırılması fonunda deyil, ümumiyyətlə, ölkəmizdə ərzaq təhlükəsizliyi, yoxsulluğun və işsizliyin azaldılması, məşğulluğun və ixrac potensialının artırılmasının təmin edilməsi məqsədilə kənd təsərrüfatına hər zaman ehtiyacı olan dövlət dəstəyinin verilməsi kontekstində baxmaq lazımdır. Azərbaycanın əlverişli təbiəti demək olar ki, hər növ kənd təsərrüfatı məhsulunun yetişdirilməsinə imkan verir. Ökəmizin daxili tələbatını ödəməklə yanaşı, kənd təsərrüfatı məhsullarımız keyfiyyətinə görə beynəlxalq rəqabətqabiliyyətlidir və yüksək ixrac potensialına malikdir”.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər