• şənbə, 10 Oktyabr, 03:05
  • Baku Bakı 20°C

Kredit bolluğu tikinti bumuna çevriləcəkmi?

10.10.26 02:05 33
Kredit bolluğu tikinti bumuna çevriləcəkmi?

Azərbaycanda tikinti sektoruna verilən kreditlərin sürətlə artması tikinti sektorunda sürətli canlanma yarada bilərmi? Yeni maliyyə resursları tikinti layihələrinin genişlənməsinə, mənzil təklifinin artmasına və daşınmaz əmlak bazarında aktivliyin yüksəlməsinə nə dərəcədə təsir göstərə bilər?

Azərbaycanda tikinti sektoruna verilən kreditlər sürətlə artır. 2026-cı ilin ilk səkkiz ayında inşaat və tikinti sektoruna kreditlərin həcmi 40,4 faiz artaraq 2 milyard 619,7 milyon manata çatıb. İllik müqayisədə isə artım 44,4 faiz təşkil edib. Xüsusilə dövlət tikinti müəssisələrinə verilən kreditlərin bir il ərzində 27 dəfədən çox artması diqqət çəkir.
Maraqlıdır, kreditlərin artması tikinti sektorunda sürətli canlanma yarada bilərmi? Yeni maliyyə resursları tikinti layihələrinin genişlənməsinə, mənzil təklifinin artmasına və daşınmaz əmlak bazarında aktivliyin yüksəlməsinə nə dərəcədə təsir göstərə bilər?

Tikinti üçün bazar tələbi vacibdir

Azərbaycan  Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı bildirib ki, son dövrlər tikinti sektoruna yönəldilən kreditlərin artması daşınmaz əmlak bazarında aktivliyin yüksəlməsi baxımından diqqət çəkən məqamlardan biridir. Tikinti sektoru maliyyə resurslarına kifayət qədər həssas sahədir və kredit imkanlarının genişlənməsi yeni layihələrin reallaşdırılmasına, mövcud layihələrin sürətləndirilməsinə, həmçinin tikinti şirkətlərinin investisiya imkanlarının artmasına şərait yarada bilər.

Ekspert qeyd edib ki, kreditləşmənin artmasını avtomatik olaraq yeni binaların və mənzil təklifinin kəskin artacağı kimi qiymətləndirmək düzgün deyil: “Burada əsas məsələlərdən biri kreditlərin hansı istiqamətə yönəldilməsidir. Əgər maliyyə resursları yeni yaşayış layihələrinin inşasına, yarımçıq layihələrin tamamlanmasına və tikinti imkanlarının genişləndirilməsinə yönəlirsə, bunun orta müddətdə mənzil təklifinin artmasına təsir göstərməsi gözləniləndir”.

Bununla yanaşı, G.İsmayılqızı deyib ki, tikinti layihələrinin maliyyələşdirilməsi ilə həmin layihələrin hazır mənzil kimi bazara çıxarılması arasında müəyyən zaman fərqi mövcuddur. Kreditin ayrılmasından sonra layihələndirmə, tikinti, kommunikasiya və digər mərhələlər həyata keçirilməlidir. Buna görə də kreditləşmədəki artımın daşınmaz əmlak bazarında dərhal özünü göstərməsi gözlənilməməlidir.

Sədr müavini vurğulayıb ki, tikinti sektorunda canlanmanın əsas şərtlərindən biri də bazarda real tələbin mövcudluğudur.

“Şirkət üçün yeni layihəyə başlamaq yalnız maliyyə imkanının olması ilə bağlı deyil. Layihənin gələcəkdə hansı səviyyədə tələb görəcəyi, mənzillərin hansı qiymətə satılacağı və satış müddətinin nə qədər olacağı da nəzərə alınır”, - deyə G.İsmayılqızı bildirib.

Onun sözlərinə görə, bu baxımdan kreditləşmənin artması ilə yanaşı, əhalinin alıcılıq qabiliyyəti və mənzil bazarındakı tələb də mühüm rol oynayır. 

Canlanma yalnız yeni binaların inşası ilə məhdudlaşmır

G. İsmayılqızı qeyd edib ki, tikinti sektorunun canlanması yalnız yeni binaların inşası ilə məhdudlaşmır. Onun sözlərinə görə, tikinti sahəsində aktivliyin artması tikinti materialları istehsalı, nəqliyyat və logistika, mebel, məişət avadanlıqları, mühəndislik və müxtəlif xidmət sahələrində də əlavə iqtisadi fəallıq yarada bilər. Ekspert hesab edir ki, bu baxımdan tikinti sektoruna yönələn kreditlərin artması qeyri-neft sektorunun inkişafı, məşğulluğun artırılması və yeni investisiya layihələrinin həyata keçirilməsi baxımından müsbət imkan yaradır.

Kreditlərin səmərəli istifadəsi mühüm amildir

Bununla belə, onun fikrincə, kredit portfelinin böyüməsi özlüyündə dayanıqlı tikinti artımına zəmanət vermir. Onun sözlərinə görə, maliyyə resurslarının real tələbi olan və iqtisadi səmərəliliyi əsaslandırılmış layihələrə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.

Ekspert tikintinin maya dəyərinin də mühüm amil olduğunu diqqətə çatdırıb. Torpaq, tikinti materialları, əməkhaqqı, logistika və digər xərclərin dinamikasının yeni layihələrin iqtisadi səmərəliliyinə birbaşa təsir etdiyini bildirib.

Onun fikrincə, tikinti sektorunda davamlı canlanma üçün yalnız kreditləşmənin artması kifayət deyil. Maliyyə resursları ilə yanaşı, əlverişli investisiya mühiti, real mənzil tələbi, tikinti xərclərinin idarəolunan səviyyədə olması və layihələrin bazarın ehtiyaclarına uyğun qurulması da vacibdir.

Sədr müavini hesab edir ki, tikinti sektoruna kredit qoyuluşlarının artması yeni layihələrin sayının çoxalmasına və orta müddətdə mənzil təklifinin genişlənməsinə şərait yarada bilər. Lakin əsas məsələ kreditlərin sadəcə artması deyil, həmin vəsaitlərin real iqtisadi dəyər yaradan layihələrə çevrilməsidir. 

Əsas göstərici tikinti işlərinin real həcmi olacaq

İqtisadçı-ekspert Xalid Kərimli də deyib ki, tikinti sektoruna kreditlərin artması müsbət hal kimi qiymətləndirilə bilər. “Banklar hər kəsə kredit vermir. Kredit, əsasən, onu faizləri ilə birlikdə geri qaytara biləcək subyektlərə verilir. Ona görə də tikinti sektorunda kreditlərin həcmi artıbsa, bu, müəyyən mənada həmin sahədə kredit götürə bilən və maliyyələşməyə ehtiyacı olan subyektlərin sayının və imkanlarının genişləndiyini göstərir”, - deyə ekspert qeyd edib.

X. Kərimli vurğulayıb ki, kredit portfelinin böyüməsini tikinti işlərinin eyni sürətlə artacağı kimi qiymətləndirmək düzgün olmaz. “Kreditlərin artması avtomatik olaraq tikinti işlərinin də eyni sürətlə artacağı anlamına gəlmir. Kredit həmin sektorda fəaliyyət göstərən şirkətlərin maliyyə imkanlarını və ödəniş qabiliyyətini genişləndirə bilər. Lakin kreditin dərhal yeni tikintiyə yönəldiyini də düşünmək doğru deyil”, - deyə o bildirib.

Ekspertin sözlərinə görə, şirkət götürdüyü krediti mövcud borclarının restrukturizasiyasına yönəldə, borclarını bağlaya və bununla maliyyə yükünü azalda bilər. Eyni zamanda kredit vəsaiti torpaq və avadanlıq alınmasına, yaxud artıq başlanmış tikinti layihələrinin maliyyələşdirilməsinə sərf oluna bilər.

İqtisadçı hesab edir ki, kreditlərin artımının sektorda real canlanmaya çevrilib-çevrilmədiyini müəyyən etmək üçün əsas diqqət tikinti işlərinin həcminə yönəldilməlidir. “Burada müəyyən təsir əlaqəsi var, amma birbaşa səbəb-nəticə əlaqəsi olmaya da bilər. Kredit götürülə bilər, amma bunun nəticəsində tikinti işlərinin həcmi dərhal artmaya bilər. Ona görə də biz tikinti işlərinin özünə baxmalıyıq, yəni, tikinti artırmı, artmırmı?”, - deyə X. Kərimli vurğulayıb.

Sevinc Abbasova 

banner

Oxşar Xəbərlər