• şənbə, 26 Sentyabr, 03:06
  • Baku Bakı 22°C

Ət bazarı üçün yeni risk

26.09.26 01:57 19
Ət bazarı üçün yeni risk

Erkən kəsimin qarşısının alınması üçün iri və xırdabuynuzlu heyvanların yaşına, çəkisinə və cinsinə uyğun yeni tələblər hazırlanacaq. Yeni qaydaların ət qiymətlərinə təsir göstərə biləcəyi bildirilir. 

Azərbaycanda iri və xırdabuynuzlu heyvanların yaşına, çəkisinə və cinsinə uyğun kəsilməsi ilə bağlı yeni tələblərin hazırlanması gündəmdədir. Bu məsələ “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Sənədə əsasən, ilk növbədə heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsinə səbəb olan amillər araşdırılacaq. Daha sonra heyvanların növü, cinsi və məhsuldarlıq xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ tələblər hazırlanacaq. Yeni qaydaların əsas məqsədi heyvandarlıq məhsullarının həcmini artırmaq və daxili bazarı qorumaqdır. Bununla belə, tələblərin fermerlərə, xüsusilə kiçik və ev təsərrüfatlarına təsiri də müzakirə mövzusudur. Heyvanların daha uzun müddət saxlanılması yem və qulluq xərclərini artırmaqla yanaşı, ət təklifinin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb ola bilərmi? Yeni tələblər yerli istehsalı stimullaşdıracaq, yoxsa idxala ehtiyacı artıracaq?

“Tələblər beynəlxalq təcrübə əsasında hazırlanacaq”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, iri və xırdabuynuzlu heyvanların kəsiminin tənzimlənməsi prosesinə qabaqcıl beynəlxalq təcrübənin ətraflı araşdırılması ilə başlanılacaq. Dünyada bu sahədə tətbiq olunan uğurlu modellər, standartlar və hüquqi tənzimləmə mexanizmləri təhlil ediləcək, ölkəmiz üçün uyğun təcrübələr əsasında təkliflər hazırlanacaq: “Proses bütövlükdə rəqəmsal nəzarət sistemləri vasitəsilə həyata keçiriləcək. İlkin mərhələdə iqtisadi, bioloji, aqrotexniki və digər amillər araşdırılacaq. Araşdırmaların nəticələrinə uyğun olaraq heyvanların optimal yaş və çəki hədlərinə dair tələblər formalaşdırılacaq”.

“Vahid göstəricilərin tətbiqi nəzərdə tutulmur”

AQTA-dan bildirilib ki, Dövlət Proqramında heyvanların cinsi və cins xüsusiyyətləri də xüsusi meyar kimi qeyd olunub. Heyvanların bioloji inkişaf tempi, damazlıq dəyəri və təsərrüfat təyinatı eyni olmadığı üçün bütün heyvanlar üçün vahid göstəricilərin tətbiqi nəzərdə tutulmur: “ Tələblər heyvanların növünə, cinsinə və məhsuldarlıq xüsusiyyətlərinə uyğun olaraq fərqləndiriləcək. Təkliflər hazırlanarkən bu müxtəliflik nəzərə alınacaq. Bu məqsədlə, ilk növbədə, normativ hüquqi bazanın formalaşdırılması ilə bağlı təkliflər hazırlanacaq və mövcud hüquqi aktlar təkmilləşdiriləcək. Müvafiq hüquqi aktlar qüvvəyə mindikdən sonra kəsim məntəqələrində rəqəmsal identifikasiya məlumatları və rəsmi çəkiölçmə sistemləri vasitəsilə qanunvericiliyin tələblərinə riayət olunmasına ciddi nəzarət ediləcək”.

Agentlikdən o da bildirilib ki, proses mərhələli şəkildə həyata keçiriləcək: “Fermerlər və sahibkarlar üçün hazırlıq və adaptasiya dövrü olacaq. Yeni qaydalar hüquqi müstəvidə təsdiqlənməzdən əvvəl və onların tətbiqi zamanı heyvandarlıqla məşğul olan subyektlər üçün geniş maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur”.

“Qaydalar qiymət artımına səbəb ola bilər”

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, əsas məqsəd erkən kəsimin qarşısını almaqdır. Bununla belə, yeni qaydaların tətbiqi qiymət artımına şərait yarada bilər: “Bazarda tələb-təklif balansının pozulması, eyni zamanda, bu sahə ilə əlaqəli digər istiqamətlərdə marjanın yüksəlməsi ümumi qiymət artımı ilə nəticələnə bilər. Bununla yanaşı, qiymətlərdə kəskin artım baş verərsə, bazarı tənzimləmək məqsədilə idxal məhsullarının həcmi də artırılacaq. Kənd təsərrüfatının heyvandarlıq, xüsusilə də ətlik məhsul istehsalı ilə məşğul olan kiçik təsərrüfat sahibləri lazımi iqtisadi islahatlar həyata keçirilmədiyi təqdirdə, bu dəyişikliklərdən daha çox zərər görə bilərlər”.

“Kiçik təsərrüfatların xərcləri artacaq”

G.Hüseynova bildirir ki, iri fermerlər kiçik təsərrüfat sahiblərindən fərqli olaraq, heyvanların yem tələbatını əsasən öz təsərrüfatlarında istehsal etdikləri ot və yem hesabına qarşılayırlar: “Təbii ki, heyvanların daha gec kəsilməsi və uzun müddət saxlanılması iri təsərrüfatların gəlirlərinin artmasına imkan verəcək. Lakin kiçik təsərrüfatlarda vəziyyət fərqlidir. Pulla alınan ot və yem heyvanların daha uzun müddət saxlanılması halında təsərrüfat sahibinin maliyyə yükünü artıracaq. Düşünürəm ki, bu qaydaların tətbiqindən əvvəl müvafiq iqtisadi islahatlar həyata keçirilməlidir. Əks təqdirdə, yeni tələblər kənd sakinlərinin və kiçik fermerlərin heyvandarlıqdan uzaqlaşmasına səbəb ola bilər. Əlavə xərclərin pərakəndə satış qiymətlərinə təsir göstərməsi də gözləniləndir. Heyvanların daha gec kəsilməsi yem və saxlama xərclərini artırmaqla yanaşı, daşınma, kəsim məntəqəsinə gətirilmə, obyektin icarəsi və digər xərclərin də yüksəlməsinə səbəb olacaq”.

“Ev təsərrüfatlarına dövlət dəstəyi verilməlidir”

Ekspert hesab edir ki, heyvandarlıqla məşğul olan ev tipli təsərrüfatlara dövlət dəstəyi göstərilməlidir: “Əgər vətəndaş öz tələbatını ödəməklə yanaşı, daxili bazarın tələbinin müəyyən hissəsini də qarşılayırsa, ona dəstək verilməlidir. Bu, həm kiçik təsərrüfatların qorunmasına, həm də yerli istehsalın davamlılığına xidmət edə bilər. Yeni qaydaların uğurlu tətbiqi üçün yalnız heyvandarlıq təsərrüfatlarına deyil, digər kənd təsərrüfatı sahələri ilə məşğul olan ev təsərrüfatlarına da dövlət dəstəyi göstərilməlidir”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər