"SOCAR Avropa bazarında iştirakını genişləndirəcək"
"Italiana Petroli" şirkətinin alınması Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) "downstream" seqmentində fəaliyyətin şaxələndirilməsini əhəmiyyətli dərəcədə gücləndirmək imkanı verəcək.
"Report" xəbər verir ki, bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionu üzrə korporativ reytinqlər qrupunun direktoru Yakub Zasada Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" tədbiri çərçivəsində bildirib.
"Reytinqlərə təsir edən əsas amillərdən danışırıqsa, ötən il başa çatmış "Italiana Petroli"nin alınması üzrə sövdələşməni xüsusi qeyd etmək lazımdır. Qiymətləndirmələrimizə görə, bu aktiv SOCAR-a Avropa bazarında iştirakını genişləndirmək və "downstream" seqmentində şaxələndirməni gücləndirmək imkanı verəcək", - reytinq agentliyinin nümayəndəsi vurğulayıb.
Y.Zasada həmçinin xatırladıb ki, sentyabr ayında "Fitch Ratings" şirkətin borc yükünün azalması və maliyyə göstəricilərinin yaxşılaşması fonunda SOCAR-ın müstəqil kredit profilini (SCP) "BB-" səviyyəsindən "BB" səviyyəsinə yüksəldib: "Bununla belə, dövlət dəstəyi ehtimalının son dərəcə yüksək olması və şirkətin ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyəti səbəbindən SOCAR-ın yekun uzunmüddətli reytinqi əvvəlki kimi Azərbaycanın suveren reytinqinə uyğundur".