• şənbə, 03 Oktyabr, 04:11
  • Baku Bakı 16°C

İqtisadiyyat 2030-cu ilə köklənir

03.10.26 02:55 23
İqtisadiyyat 2030-cu ilə köklənir

Dövlət proqramlarında əksini tapan məqamlardan da göründüyü kimi, yaxın illərdə Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi məhz qeyri-neft-qaz sektoru olacaq.

Dünyada baş verən qlobal dəyişikliklər, qeyri-sabit mühit və təchizat zəncirindəki qırılmalar Azərbaycanın iqtisadi inkişafla bağlı prioritetlərini, hədəflərini yenidən formalaşdırmağa sövq edir. Bu çağırışlar fonunda iqtisadi inkişafla bağlı gələcək illərdə prioritet sayıla biləcək sahələrə xüsusi diqqət yetirilir. Konkret müddət və hədəfləri özündə əks etdirən dövlət proqramları qəbul olunur. Bəs Azərbaycan iqtisadiyyatının gələcək hədəfləri hansı sahələrdir? 

Yaxın illərin əsas inkişaf istiqamətləri

Öncə onu qeyd edək ki, prioritet istiqamətlər üzrə qəbul edilən ayrı-ayrı dövlət proqramları yaxın bir neçə ili hədəfləyir. Son tarix əksər hallarda 2030-cu il nəzərdə tutulur. 

Prezident İlham Əliyevin 30 may 2025-ci il tarixli Sərəncamı ilə 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələrinin hazırlanmasına başlanılıb. Sənədlər İqtisadi Şurada müzakirə olunaraq Azərbaycan Prezidentinə təqdim edilib. Sərəncamda da qeyd edilir ki, əsas hədəf ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsidir. Sərəncamda prioritet sektorlar üzrə müvafiq Dövlət Proqramlarının qəbulunun vacibliyi ön plana çəkilib. Buraya kənd təsərrüfatının inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı, turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı (2027–2030) daxildir. Mövcud sahələr üzrə daha konkret və aydın proqnozların hazırlanması və məlumatlara çıxışın əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının hazırlanması da prioritet elan edilib. 

Aqrar sektorda artım gözləntiləri

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” 2026-cı ilin may ayında təsdiq edilib. Proqramın əsas hədəfləri aşağıdakılardır: 

- Kənd təsərrüfatı üzrə ÜDM-in 2% və ya daha çox artırılması.
- Aqrar məhsulların ixracının altı milyard dollara çatdırılması.
- 5,9 milyard manat vəsait investisiya olaraq yatırılması.
- 300 min hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi.
- Buğda və pambıq üzrə məhsuldarlığın hər hektara 50 sentnerə yüksəldilməsi. 
- Damazlıq iribuynuzlu heyvanların xüsusi çəkisinin 10%-ə çatdırılması.
- Ət, süd və quş əti istehsalının 20–30% artırılması. 
- Akvakultura məhsulları istehsalının 7,700 tona çatdırılması.

Turizmdə 12,2 milyardlıq hədəf

Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə turizm sektorunun sistemli inkişafını və qeyri-neft iqtisadiyyatının şaxələndirilməsini hədəfləyir. Proqrama əsasən, 2030-cu ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayının 3,8 milyon nəfərə çatdırılması nəzərdə tutulur. Azərbaycanda üç yeni turizm və rekreasiya zonası yaradılacaq və bu zonaların hər birində ən azı üç turizm mərkəzi qurulacaq. Hər il ən azı bir yeni hədəf turizm istiqaməti üzrə birbaşa uçuşlara başlanılacaq və proqramın sonunadək bu istiqamətlərin sayı azı dördə çatdırılacaq. Mövcud uçuş tezlikləri 20% artırılacaq. Azərbaycan hər il azı 20 beynəlxalq turizm sərgisində təmsil olunacaq və xarici turoperatorların sayının 10% artırılmasına nail olunacaq.  2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40 % real artım hədəflənir. Gələn il sektorda 8,5 milyard manatlıq əlavə dəyər formalaşdırılacaq. Bu rəqəmin 2030-cu ildə 12,2 milyard manata çatdırılması gözlənilir.

Dağ-mədən sənayesi

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” sentyabrda Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənib. Proqramın əsas hədəfləri aşağıdakılardır:

- Sektorun illik ixrac potensialının 2030-cu ilədək 1,3 milyard manatdan 3,4 milyard manata (2,6 dəfə) çatdırılması. 
- Sənaye zəncirinin hasilatdan başlayaraq dərin emala və son məhsul istehsalına qədər ölkə daxilində tam qapalı dövrədə qurulması. 
- Mineral resurslardan səmərəli istifadə edilməsi və yeni yataqların iqtisadi dövriyyəyə cəlb olunması. 
- Yerli zənginləşdirmə və emal müəssisələri vasitəsilə yüksək əlavə dəyərli sənaye məhsullarının yaradılması.
- Regionların sosial-iqtisadi inkişafına töhfə verməklə yeni iş yerlərinin yaradılması və məşğulluğun artırılması. 
- "Made in Azerbaijan" brendinin qlobal metallurgiya bazarında mövqeyinin və rəqabət gücünün artırılması. 

Davamlı, sabit və proqnozlaşdırılan iqtisadi inkişaf

Dövlət proqramlarında əksini tapan hədəflərdən da göründüyü kimi, yaxın illərdə Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi məhz qeyri-neft-qaz sektoru olacaq. İqtisadi inkişafın məhz bu istiqamətlər üzrə daha da sürətləndirilməsi və davamlılığın təmini gözlənilir. Təbii ki, digər ənənəvi sahələr də diqqət mərkəzindədir. Həm dövlət proqramları ilə inkişafı hədəflənən, həm də mövcud çağırışlar fonunda güclü sərmayə dəstəyi ilə inkişaf etdirilən sahələrin vahid xətt üzrə inkişafı, fəaliyyətlərin koordinasiyası mühüm şərtlərdəndir. Hədəf isə davamlı, sabit və proqnozlaşdırılan iqtisadi inkişafdır. 

Azad Əliyev    

 

banner

Oxşar Xəbərlər