• cümə, 29 Mart, 00:25
  • Baku Bakı 7°C

Dünya Çempionatında menecer kimi çalışan azərbaycanlı - PEŞƏKAR

20.01.23 03:00 3224
Dünya Çempionatında menecer kimi çalışan azərbaycanlı - PEŞƏKAR

Atif Qəmbərov: “Qətərdə Azərbaycandan olan mütəxəssislər Rusiya və Braziliyadan olan ekspertlərlə birlikdə ilk üçlükdə qərarlaşmışdı. Azərbaycan kimi gənc ölkənin mütəxəssislərinin onlarla çiyin-çiyinə fəaliyyət göstərməsi böyük uğur kimi qiymətləndirilə bilər”.

Qətərdə təşkil edilən Futbol üzrə Dünya Çempionatında işəgötürmə üzrə menecer vəzifəsində çalışıb. Deyir ki, 2 il əvvəl bu komandada çalışacağını düşünməzdi. Ancaq təklif gəlir və bunu dəyərləndirir. “Bu komandada olmaq, ölkəmizi, bayrağımızı təmsil etmək qürurverici haldır” deyən müsahibimiz həmyerlimiz Atif Qəmbərovdur.

Atif Qəmbərov 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsində politologiya ixtisasında təhsil alıb. 2011-ci ildə Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsində aparıcı mütəxəssis olaraq işə başlayıb. 2013-cü ildən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsində İşçi Qüvvəsi üzrə menecer olaraq Könüllülər Mərkəzinə rəhbərlik edib. 2021-ci ilə qədər Formula 1 yarışlarının ölkəmizdəki təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətində İşçi Qüvvəsi üzrə menecer olaraq fəaliyyət göstərib. 2016-ci ildə 42-ci Şahmat Olimpiadasında, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında, 2019-cu ildə XV Avropa Gənclər Olimpiya Festivalında işçi qüvvəsi şöbələrinin meneceri vəzifələrində çalışıb. 

Atif Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman menecmenti üzrə magistratura tələbələrinə “Könüllülərin idarə olunması” fənnini tədris edib. “Könüllülərlə iş” kitabının da həmmüəllifidir.

“Könüllü fəaliyyətim məktəb illərindən başlayıb”

- Atif bəy, karyeranızın böyük hissəsi könüllülərlə bağlı olub. Özünüz könüllü kimi fəaliyyət göstərmisiniz? 
- Bəli, könüllü fəaliyyətim məktəb illərindən başlayıb. Həmin dönəmdən bir çox aksiyalarda, tədbirlərdə iştirak etmişəm. Ali məktəbdə təhsil aldığım illərdə bir çox qeyri-hökumət, tələbə gənclər təşkilatlarında aktiv könüllü fəaliyyətilə məşğul olmuşam.

- Könüllü olmaq sizə nə qazandırdı?
- Gənc yaşlarımda könüllülüyü yalnız cəmiyyətə, ictimaiyyətə fayda vermək kimi başa düşürdüm və ona görə bu fəaliyyətlə məşğul olurdum. Amma bu sahənin içinə daxil olandan, könüllülərlə sıx işləyəndən sonra aydın oldu ki, hər kəsin könüllü fəaliyyətlə məşğul olmaq üçün fərqli səbəbləri var. Kimisi özünə yeni dostluqlar, tanışlıqlar qazanmaq, kimisi isə şəxsi inkişaf, yeni biliklər əldə etmək üçün könüllü fəaliyyətlə məşğul olur. Bəziləri də cəmiyyətə fayda vermək üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır və bunun üçün könüllü fəaliyyəti ən yaxşı vasitə hesab edir. Mən də bu fəaliyyət sayəsində çoxlu dost qazanmışam. Həmin dostluqlar indi də davam edir. 

“Könüllülükdən başlayıb kifayət qədər uğur qazanan gənclər var”

- Amma hələ də bizdə bu mövzuda ikili yanaşma var. Könüllülük işinə vaxt itkisi kimi baxanlar da var. 
- Mən vacib olduğunu düşünürəm. Çünki könüllü fəaliyyətlə məşğul olmaq insanı gündəlik rutin həyatdan kənarlaşdırır. Fərqli işlərlə məşğul olur, müxtəlif insanlar görür, qeyri-adi yerlərə gedir və özünü tanış olmadığı sahələrdə sınayırsınız. Yəni insanlar özlərini yenidən kəşf edirlər. Hansısa sahəni daha yaxşı bacardıqlarını görür, bunun üzərində işləyir, inkişaf etdirir və uğur qazanırlar. Misal olaraq tələbə gənclər təşkilatının teatr komandasında və yaxud musiqi dərnəyində səsini yoxlayıb, bu sahədə uğur qazanacağına inanan gənclər çox olub. 

- Sizin karyeranız da könüllülərlə iş sahəsində davam edib. 
- Mən tələbə olduğum dönəmlərdə tələbə gənclər təşkilatları yeni-yeni formalaşmağa başlayır və fəaliyyət istiqaməti daha çox tələbələrin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı idi. Ölkəmizdə genişmiqyaslı kütləvi tədbirlər keçirilmədiyinə və tədbirlərdə könüllülük fəaliyyəti olmadığına görə bu sahəyə yanaşma birmənalı deyildi. Avropa Oyunlarından etibarən isə cəmiyyətin könüllülərə olan münasibətini dəyişməyə çalışdıq və bacardıq. 

“Qətərdən dəvət gəlməsi mənim üçün şans idi”

- Azərbaycanda iş həyatınız, könüllülərlə fəaliyyətiniz uğurlu olub. Bəs necə oldu ki, Qətərə getdiniz? 
- İlk dəfə könüllülər komandasına 2014-cü ildə Avropa Oyunlarında rəhbərlik etmişəm. Həmin dönəmdə könüllülərə yanaşma birmənalı olmasa da, ictimaiyyətin fikrini dəyişməyi bacardıq və könüllülük ölkəmizdə geniş vüsət almağa başladı. IV İslam Həmrəyliyi Oyunlarında, 42-ci Şahmat Olimpiadasında, XV Avropa Gənclər Olimpiya Festivalında və Formula-1 yarışlarında könüllülər proqramına rəhbərlik etdik. Sonra isə beynəlxalq tədbirlərdən də dəvətlər gəlirdi. Sonuncu dəfə Qətərdə keçirilən Futbol üzrə Dünya Çempionatının İnsan Resursları komandasından dəvət aldım. Bu da mənim üçün yeni bir başlanğıc, fərqli mühitdə, müxtəlif insanlarla işləmək üçün şans idi. Yeni biliklər, tanışlıqlar əldə etmək üçün bu təklifi qəbul edib Qətərə yola düşdüm.

- Qətərdə Dünya Çempionatının bir parçası olmaq, Azərbaycanı orada təmsil etmək necə bir hissdir?
- 2 il bundan əvvələ qədər təsəvvür belə etməzdim ki, hansısa xarici ölkədəki böyük miqyaslı beynəlxalq tədbirdən dəvət gələr və oradakı işçi qüvvəsi komandasında çalışmaq imkanım yaranar. Bu, mənim üçün çox böyük uğur idi. Çünki səni heç yerə müraciət etmədən axtarıb tapıblar və öz komandalarında görmək istəyiblər. Bu komandada olmaq, ölkəmizi, bayrağımızı təmsil etmək qürurverici idi.  

“Azərbaycan gənc ölkə olsa da...”

- Maraqlıdır, işə götürdüyünüz mütəxəssislər içərisində azərbaycanlılar da var idi? 
- Qətərdəki Dünya Çempionatında iş üçün müraciət edən mütəxəssislər arasında 200 nəfər azərbaycanlı da işəgötürmə prosesindən uğurla keçərək buradakı fəaliyyətlərə cəlb olundu. Mənim şöbələrimdə də azərbaycanlı əməkdaşlar işə cəlb olunmuşdular. Dünya Çempionatının təşkil olunmasında iştirak edən şirkətlər arasında İngiltərənin məşhur konsultasiya və işəgötürmə şirkəti də var idi. Görüşlərin birində səmimi etiraf etdilər ki, Dünya Çempionatında Azərbaycandan olan mütəxəssislər Rusiya və Braziliyadan olan ekspertlərlə birlikdə ilk üçlükdə qərarlaşıb. Rusiya, Braziliyada olimpiya oyunları, Dünya Çempionatı keçirilib və onlarda mütəxəssislərin sayı kifayət qədərdir. Azərbaycanda isə nə Olimpiya oyunları, nə də Futbol üzrə Dünya Çempionatı təşkil edilməyib. Amma Azərbaycandan olan mütəxəssislər onlarla birlikdə çiyin-çiyinə məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlirdilər. 

- Son olaraq, bundan sonrakı planlarınız nələrdir? 
- Qətərdəki fəaliyyətimi başa vurduqdan sonra yerli və beynəlxalq tədbirlərdə könüllülər, işəgötürmə, işçi qüvvəsi sahəsindəki təcrübəmi bölüşməyə və yeni təcrübələr qazanmağa davam edəcəyəm.

Zərif Salmanlı
 

 

banner

Oxşar Xəbərlər