• çərşənbə, 27 Noyabr, 05:40
  • Baku Bakı 11°C

Ədaləti özümüz təmin edirik - TƏHLIL

07.10.23 06:30 4525
Ədaləti özümüz təmin edirik - TƏHLIL

Azərbaycan bu dəfə də beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi. Arayik Arutyunyan başda olmaqla separatçı rejimin keçmiş “rəhbərləri” saxlanılaraq Bakıya gətirildilər. Vaxtilə suveren ərazilərimizdə cinayətlər törədib, təmtəraqlı həyat sürənlər indi Bakı həbsxanalarında törətdikləri əməllərə görə cavab verəcəkləri məhkəmələri gözləyirlər.  

Bir neçə gün əvvəl Qarabağda separatçıların keçmiş “prezidenti” Arayik Arutyunyan saxlanılaraq Bakıya gətirilib. Məsuliyyətə cəlb edilənlər arasında xunta rejiminə rəhbərlik etmiş Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan da var. Bundan əvvəl isə Qarabağdakı separatçı qurumun təmsilçilərindən olan Lyova Mnatsakanyan və Davit Babayan, Ruben Vardanyan da hüquq-mühafizə orqanlarımız tərəfindən həbs edilmişdilər. 

Bakı həbsxanalarını "bəzəyən" canilər

Təbii ki, Ruben Vardanyanla başlayan həbslər dalğasının pik nöqtəsi Arayik Arutyunyanın saxlanılması idi. Məhz bu şəxs Azərbaycana qarşı çoxsaylı müharibə cinayətlərinin əsas təşəbbüskarıdır. Hərbi əməliyyatlar zonasından 100 kilometr aralıda yerləşən Gəncə şəhərində ballistik raket zərbələri ilə törədilən terror aktının birbaşa əmrini də Arutyunyan verib. Üç il əvvəl bu hücumla bağlı kamera qarşısında Azərbaycanı “hədələyən”, özündən əmin görünən terrorçu qısa müddət sonra ədalət məhkəməsində cavab verəcəyini gözləmirdi. Artıq hüquqi prosedur başlayıb. Vaxtilə Azərbaycanın suveren ərazilərində separatizm ocağı yaradaraq təmtəraqlı həyat sürənlər indi Bakı həbsxanalarında törətdikləri əmələ görə cavab verməyi gözləyirlər.  

Bir çoxları üçün gözlənilməz olan reallıq

Bu həbslər dalğasını fərqləndirən bir çox mühüm məqamlar mövcuddur. Öncə ondan başlayaq ki, separatçı rejim rəhbərlərinin həbsi bir çoxları üçün gözlənilməz olub. Hətta özləri belə, Azərbaycanın hansısa qüvvələrdən çəkinərək onlara Xankəndini rahat şəkildə tərk etmələrinə şərait yaradacağı qənaətində idilər. Lakin Arayik başda olmaqla xunta rejiminin keçmiş başçıları bir məqamı unudublar. Azərbaycanın ali rəhbərliyinin səsləndirdiyi hər söz reallaşır. Lokal antiterror tədbirlərindən sonra xalqa müraciətində Prezident İlham Əliyev terrorçuların həbs edilərək qanun qarşısında cavab verəcəyini bildirmişdi. Qısa zaman kəsiyində bu söz də reallığa çevrildi.   

Son 70 ildə bir ilk yaşandı

Diqqəti cəlb edən ikinci bir məqam ondan ibarətdir ki, dünyada uzun illər davam edən hərbi toqquşmalardan sonra bu sayda separatçı və hərbi cinayətkarın eyni anda saxlanılaraq məsuliyyətə cəlb edilməsi bir ilkdir. Yalnız İkinci Dünya müharibəsindən sonra alman faşistləri törətdikləri bəşəri cinayətlərə görə Nürnberq məhkəməsində cavab vermişdilər. Lakin bu iki proses arasında ciddi fərq mövcuddur. Nürnberq prosesinə dünyanın ən güclü dövlətlərinin rəhbərlik etdiyi onlarla ölkə birgə şəkildə nail olmuşdu. Lakin Qarabağda 30 ildən artıq müddətdə minlərlə dinc sakinin amansız qətlinə rəvac verən, separatizm, transmilli cinayətlər, soyqırımılar, etnik təmizləmə kimi ən ağır əməlləri törədənləri Azərbaycan təkbaşına bir günlük əməliyyatla ədalət məhkəməsi qarşısına çıxarmağa nail oldu.

Vətən müharibəsində olduğu kimi, Bakı bu dəfə də beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi. Arayik başda olmaqla xunta rejiminin keçmiş “rəhbərləri” illərlə sadaladığımız cinayət əməllərinə görə beynəlxalq axtarışa verilmişdi. Lakin çox rahat şəkildə xarici səfərlərə gedir, Azərbaycanın suveren ərazilərində separatizmin dəstəklənməsi üçün dövlətimizə qarşı aparılan kampaniyalarda yaxından iştirak edirdilər. Azərbaycanın onların həbsi tələbi isə sanki eşidilmirdi. Eynilə BMT qətnamələri ilə bağlı tələblərimiz kimi... Bu dəfə də beynəlxalq ədaləti özümüz təmin etdik.  

Həbs olunan separatçıları heç kim dəstəkləmədi

Bu prosesdə diqqəti cəlb edən digər bir məqam isə separatçıların həbsinə beynəlxalq reaksiya idi. İşğal illərində xunta başçılarını gülərək qarşılayan, onlara erməni lobbisinin göstərişi ilə “prezident”, “nazir” statusunda yanaşan siyasətçilərin heç biri indi onları müdafiə etmir, ən yaxşı halda isə susurlar. Əslində belə də olmalıdır. Çünki saxlanılanların hər biri bəşəri cinayətlərdə ittiham olunur. Bu cinayətlər təkzibedilməz faktlarla sübut olunub. Hətta Ermənistan rəhbərliyi və əhalisi belə hərbi cinayətkarların “müdafiəsinə” qalxmır. Bu faktı Rusiya Prezidenti Vadimir Putin də Valdaydakı son çıxışında etiraf edib. “Qarabağın keçmiş “liderlərini” Ermənistanda da görmək istəmirlər”, - o deyib. Maraqlı cəhət odur ki, həbs edilənlərin illərlə əsas dayağı sayılan erməni lobbisi də passivlik nümayiş etdirir. Sanki onlardan üz döndərib. Səbəb də bəllidir. İşğal illərində separatizmə dəstək üçün ayrılan yüz milyonlarla vəsait bu şəxslər tərəfindən oğurlanıb. Onların həbsi bir çox ermənipərəst siyasətçi üçün “Pandorra qutusu”na bənzəyir. İstintaq müddətində anti-Azərbaycan təbliğatı ilə bağlı açılacaq sirlər indi onların üzərində “Domokl qılıncı” kimi asılı vəziyyətdədir.   

Bu, ölkəmizin dünyaya hüquq dərsi idi

Bəli, Azərbaycan söz verdiyi kimi ölkəmizə qarşı silahı yerə qoyaraq təslim olan minlərlə qanunsuz silahlı birləşmə üzvünü bağışladı. Onların ərazilərimizi sərbəst tərk etməsinə şərait yaratdı. Bu, Azərbaycanın dünyaya humanizm dərsi idi. Daha sonra isə Arayik Arutyunyan, Ruben Vardanyan başda olmaqla dövlətimizə qarşı bəşəri cinayət törədənlər həbs edilərək ədalət mühakiməsinə təslim edildi. Bu isə ölkəmizin dünyaya hüquq, ədalət dərsi idi. İndi bu siyahının tamamlanması üçün sadəcə iki ad çatışmır - Serj Sarqsyan və Robert Koçaryan. Onların da Azərbaycanın ədalət məhkəməsində cavab verəcəkləri gün uzaqda deyil. 

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər