Cəfəng fikirlərdən ibarət kağız parçası - ŞƏRH
Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qərəzli qətnamə bitmiş münaqişəni yenidən “alovlandırmaq” cəhdidir. Həqiqətdən uzaq, yalan və iftira dolu müddəaları özündə əks etdirən bu qətnamənin qəbulundan sonra Fransanın hələ də vasitəçilik iddiasında olması həyasızlıqdır.
Bir neçə gün bundan öncə Fransa Senatında Azərbaycan əleyhinə qərəzli qətnamə qəbul olunub. Qətnamə tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaları özündə əks etdirib. Bu “sənəd” açıq təxribat xarakteri daşımaqla, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.
“Dayanıqlı sülhün təşviq edilməsindən” uzaq “sənəd”
Azərbaycanın Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı məlumatda qeyd olunduğu kimi, Fransa Senatı tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirib. Qətnamədə qeyd edilən, reallıqlardan uzaq olan iddialar onun müəlliflərinin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını nümayiş etdirib. XİN-in bəyanatında vurğulanıb ki, Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik, tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır. Maraqlıdır, bütün bu baş verənlərdən sonra Fransanın Azərbaycan və Ermənistan arasındakı danışıqlarda vasitəçilik təşəbbüsü ilə çıxış etməyə üzü varmı? Açıq-aşkar erməni mövqeyi nümayiş etdirən rəsmi Paris Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə hansısa töhfə verə bilərmi?
Bitmiş münaqişəni yenidən “alovlandırmaq” cəhdi
Millət vəkili Aydın Hüseynov mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, qətnamənin qəbulundan sonra Fransanın hələ də vasitəçilik iddiasında olması həyasızlıqdır. Onun sözlərinə görə, Azərbaycana qarşı olan bu “sənəd” təkcə senatın yox, həm də Makron hökumətinin mövqeyidir, çünki bu ölkənin Xarici İşlər Nazirliyi qətnaməyə etiraz etməyib. Deputat deyib ki, bir müddət əvvəl Makronun məlum müsahibəsində səsləndirdiyi fikirlər də qətnamədəki müddəalarla eynidir: “Senatın qəbul etdiyi sənəd nəinki Ermənistanı dəstəkləməkdir, bütün beynəlxalq hüquq və prinsiplərə ziddir. Başdan ayağa böhtan və iftiralarla dolu qətnamədə birmənalı şəkildə Azərbaycana qarşı düşmən münasibət var. Cəfəng fikirlərdən ibarət bu kağız parçası Fransanın həqiqi simasını göstərir. Maraqlısı budur ki, hətta Ermənistan belə qondarma DQR-in “müstəqillik” məsələsini dilə gətirməkdən çəkinir. Amma Fransa bitmiş münaqişəni yenidən “alovlandırmağa” çalışır. Fransa bu qətnamə ilə bütün vasitəçilik imkanlarını itirdi. Bu kağız parçasının bir hüquqi qüvvəsi olmasa da, Ermənistandakı revanşistləri və separatçıları cəsarətləndirməyə və məsələnin yenidən hərbi müstəviyə keçməsinə xidmət edir. Ermənistan və separatçılar bu qətnamədən arxayınlaşıb hər hansı bir təxribatçı addım atarsa, bunun cavabı ağır olacaq. Bunun məsuliyyəti isə həm də Fransanın üzərinə düşəcək. Halbuki, bu ölkənin prezidenti Emmanuel Makron qətnamə qəbul edilməmişdən əvvəl Azərbaycan Prezidentinə zəng edərək “tərəfsiz vasitəçilikdən”, Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə “töhfə vermək istəyindən” danışmışdı. Bu, bir daha Fransanın Azərbaycana qarşı, qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir”.
“Brüsseldə Senatın qətnaməsinin dəstəklənməsi şansı yoxdur”
Politoloq Şəbnəm Həsənova da hesab edir ki, Fransa Senatının Azərbaycan əleyhinə 15 noyabr tarixli qətnaməsi başdan-ayağa yalan, şər-böhtan üzərində qurulub. Onun qənaətincə, Azərbaycan cəmiyyəti Fransanın ilk olmayan, belə görünür ki, son da olmayacaq növbəti hoqqabazlığına, siyasi riyakarlığına, ədalətsizliyinə və alçaqlığına şahidlik edir. Politoloq söyləyib ki, özünü mədəniyyətin, insan haqlarının beşiyi hesab edən bir dövlətin beynəlxalq hüququ, siyasi etikanı ayaqlar altına ataraq, riyakarlığı təbliğ edərək, erməni diasporunun maraqlarını təmin etməkdən ötrü bu qədər tərəfkeş davranıb, dövlət kimi öz imicinə xələl yetirməsi Fransaya başucalığı gətirməyəcək: “Qətnamə qəbul olunar-olunmaz verilən reaksiyamız bizim bütün cəmiyyət olaraq Fransaya olan münasibətimizdir. Amma “soyuq baş”la düşündüyümüz zaman, təcrübədə Paris çətin ki, Bakıya qarşı ciddi birtərəfli addımlar atsın. Üstəlik, onun o qədər də güclü təsir alətləri mövcud deyil. Avropa İttifaqı Bakı ilə İrəvan arasındakı münaqişədə neytral mövqe tutur və yalnız Fransa faktiki, qəti dəstək almadan Ermənistanın tərəfində yer alır. Bu səbəbdən Brüsseldə Senatın qətnaməsinin dəstəklənməsi şansını görmürəm. Çox güman ki, senatorların özləri də bunu başa düşürlər”.
Politoloq söyləyib ki, məlum qətnamə 44 günlük Vətən müharibəsi zamanı regiona burnunu soxmağa icazə verilməyən Fransanın Bakıya təzyiq vasitəsidir: “Fransa qərəzli siyasətinə nəinki son verməməkdə, bunu daha da alovlandırmaqda maraqlıdır. Fransa bir daha müharibəni, qan-qadanı, yalanı, indiki tarixi gələcək üçün saxtalaşdırmağı üstün tutdu”.
Rufik İSMAYILOV