şənbə, 13 Avqust, 20:03

Baku Bakı 33°C

Çay ya yeməkdən 1-2 saat əvvəl, ya da 1-2 saat sonra qəbul edilməlidir

icon 119 icon 30 iyun 2022 | 19:00 Çay ya yeməkdən 1-2 saat əvvəl, ya da 1-2 saat sonra qəbul edilməlidir

Çay xalqımızın ən çox sevdiyi içkilərdən biridir. Keyfiyyətli çay yorğunluğu aradan qaldırır, xəstəliklərin müalicəsində köməkçi rol oynayır. Çaylar istər rənginə və tamına, istərsə də emal üsullarına görə bir-birindən fərqlənir.

AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Gülnarə Quluzadə deyib: “Çayın keyfiyyəti onun qoxusuna görə təyin edilir. Çayın kəskin qoxulu olması onun daha çox süni ətirləndiricilərdən istifadə olunması hesabına alınmasından xəbər verir. Süni ətirləndiricilərdən çox istifadə edilməsi orqanizmdə allergik reaksiyalara səbəb ola bilər. Vaxtsiz içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki kofein və tanin turşusu qida vasitəsilə qəbul olunan dəmirin bağırsaqlardan sorulmasını ləngidir. Qan azlığı zamanı çox çay içmək tövsiyə edilmir. Ümumiyyətlə, çayı ya yeməkdən 1-2 saat əvvəl, ya da 1-2 saat sonra qəbul etmək məqsədəuyğundur”.

Həkim-terapevt Nahid Məhərrəmov isə bildirib: “Əgər mədədə narahatlıq yoxdursa, çaydan istifadə etmək heç bir problem doğurmur. Çaydan istifadə zamanı həzm sistemində, öd kisəsində hansısa narahatlıq varsa, ağrı yaranırsa, onda çay yox, ilıq maye - adi su qəbul etmək lazımdır. Həzm sistemində narahatlıq baş vermirsə, çaydan istifadə etmək olar, çünki orqanizm üçün faydalı içki sayılır”.

Boyat çayların da içilməsi məqsədəuyğun deyil, çünki köhnə dəmlənmiş çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur. Çay sərin, quru və havası tez-tez dəyişilən yerdə əsasən hava ilə təmasa mane olan çini qabda saxlanılmalıdır.