Cavid öz içindən başlayaraq kainatın sonsuzluğuna qədər vara bildi

Hüseyn Cavid
yaradıcılığının müstəsnalığındandır ki, vaxt ötdükcə, illər o nümunələrin yaradıldığı
zamandan duyulası dərəcədə uzaqlaşdıqca, həmin xəzinnin sirrinə yaxınlaşmaq,
ecazını anlamaq oxucuların, tədqiqatçıların nəsibi olur.
Yapon ədəbiyyatının araşdırmaçılarından biri
vaxtilə yazırdı ki, hayku şeirlərinin sadəliyini anlamaq üçün 300-400 il
yaşamaq lazımdır. Hələlik İlahi heç kəsə bu qədər ömür verməyib. Ona görə də o
qədər ömrü bir insan yox, gərək bir nəslin (hər 30-40 ildən bir təzələnən)
nümayəndələri başa düşə. Hüseyn Cavidin də yazıb-yaratdığı dövrdən bizi artıq bir
insanın deyil, bir nəslin ömrü ayırır... Şairə, filologiya üzrə fəlsəfə
doktoru, Hüseyn Cavid yaradıcılığının araşdırmaçısı Sona Vəliyeva ilə Cavidyaradıcılığından, daha çox dərəcədə isə onun "Hübuti-Adəm” şeirə barədə ətraflı
danışdıq, o şeirdən ki, tam dərki üçün onillikləri (əsri, bir nəslin ömrünü!) geridə qoymaq
lazımdı...
- Siz Hüseyn
Cavid haqqında danışarkən hər zaman deyirsiniz ki, o, məhəbbət və həqiqət aşiqi
olduğu üçün bəşəriyyət mövcud olduqca yaşayacaq. Həm də deyirsiniz ki, Hüseyn
Cavidin içində bu qədər mütləq gözəllik axtarışının olması onu göylərə
yüksəltdi, "Mən fəqət hüsnü-xuda şairiyəm, Yerə enməm də səma şairiyəm…” deyərək sübut etməyə çalışdığı ideyalarının
fövqündə ucala bildi.
- Mən bu fikri "Keçmiş
günlərdə” adlanan birinci kitabından dərk etdiklərimə əsasən söyləmişəm. İlk
yaradıcılıq nümunəsi olmasına baxmayaraq, min illərin bədii söz sınağından üzü
ağ çıxmaq gücündə olan "Hübuti-Adəm” şeiri haqqında sizinlə fikir mübadiləsi
apararaq Hüseyn Cavidin sözün həqiqi aşiqi, həqiqətin isə sözçüsü olduğunu
oxuculara da çatdırmaq istədim.
Deyirlər
bir zaman Adəmlə Həvva
Yaşarmış
rövzeyi-cənnətdə tənha.
O bir məva ki,
biganəyiz biz,
Bu
torpaqdan uzaq, qəmsiz, kədərsiz.
– Sizcə, Cavidin
birinci olaraq Adəm peyğəmbər, Həvva haqqında yazmasının səbəbi nə ola bilər?
- Cavid
yaradıcılığı haqqında danışarkən mən onun ilk yaradıcılıq nümunələrində, eləcə
də ən böyük dram əsərlərinin məğzində bir ideyanın olduğunu dərk etdim; külli-kainat
haqqında həqiqətl axtarışı. Özü də böyük eşqlə bu yola çıxan Cavid yolu öz
içindən başlayaraq kainatın sonsuzluğuna qədər vara bildi...
Əvvəla onun Adəm
və Həvva haqqında yazmasının səbəbi, insanın yaranışı və bir də onun iman
məsələsi ilə bağlıdır. Onun Tanrıya olan sevgisi, tərbiyə aldığı mühit, bu
şeirin yaranmasında əhəmiyyətli rol oynayır. Məncə, bu, çox vacib məsələdir.
Həm onun Allaha olan sevgisi və bu sevgini canına-qanına hopduran böyüdüyü
mühit, ailə tərbiyəsi və bir də İslam ənənələrinə, dini dəyərlərə sadiq
Naxçıvan mühiti... Gözəl mənəviyyat və yüksək əxlaqi keyfiyyət vəhdət təşkil
etməsəydi, belə dərin təhlilə malik yaradıcılıq nümunəsi yarana bilməzdi. Bütün
bunlar gənc ikən kamilliyə doğru getməyi qarşısına məqsəd qoyan Hüseyn Cavidi
anlamağa imkan yaradır. 13-14 yaşında M.T.Sidqinin məktəbində oxuyarkən "Gülçini biçarəyəm, mürşidi-eşq olmuşam, Yandırmışam
atəşi-hicranə könlümü” – deyirdi. Artıq bu yaşdan gələcək düşünülmüş
addımlarının müəllifi kimi özünü təsdiq edir. Yaradıcılığında bəşəri ideyaları
əks etdirən dahilər xüsusi missiyanın daşıyıcısıdır. Cavid əyalətdə doğuldu,
dünyanı dəyişə biləcək ideyaları ilə bəşərilik qazandı.
- Necə
düşünürsüznüz, sizcə, Cavidin İslam
ənənələrinə bağlılığı nədən qayanqlanıb?
- Düşünürəm ki, onun
İsalam ənənələrinə bağlılığı əsas ailə, yaşadığı mühit və mədrəsə təhsilindən
irəli gəlir. Nəzərə alsaq ki, Cavidin atası Molla Abdulla ağa Rövzəxan idi,
onda dini bir ailədə real mühit və külli-kainatın dərki haqqında eşitdiyi
həqiqi söhbətlərin şahidi kimi Cavidin daxili aləminin zənginliyinin necə
formalaşması bizə aydın olur.
Həqiqət və
məhəbbətin dərki üçün yola çıxıb onu dərk edən şair, beləliklə, özü də səma
şairi olduğunu anladı. "Mən fəqət
hüsnü-xuda şairiyəm, Yerə enməm də səma şairiyəm” – dedi. Bu fikirdən
onu dövrün heç bir qovğası çəkindirə bilmədi. Təzyiqlər çoxaldıqca Cavid
yüksəklərə ucalaraq öz böyüklüyünü təsdiq edə bildi. Yəni onun ailə
tərbiyəsilə, ailə mühiti, böyüdüyü ictimai mühit öz fikrini diktə edə bilmişdi.
Cavid Naxçıvanın Şahtaxtı kəndindən idi,
ikincisi, Tanrıya bağlılığı o mühitdən gəlirdi. İki qoldan ibarət olan Şahtaxtı
kəndinin əksəriyyəti övliya nəsilli insanlar olub. Mən də düşünürəm ki, onun
dinə bağlılığı həm də ora ilə, o məkanla bağlıdır. Bu kəndin hər bir şəxsinin
sözünün əvvəli-axırı Tanrıya şükür eləməkdir. Mənəviyyatın irfani çəkisi
Şahtaxtı mühiti üçün çox dəyərlidir. Bütün milli dəyərlərə həm də Tanrı töhfəsi
kimi baxılır.
- Dediklərinizin
davamı kimi belə bir sual meydana çıxa bilər ki, birinci yazılan "Hübuti-Adəm”
şeiri ilə sonradan qələmə alınan Peyğəmbər haqqında pyes arasında əlaqə varmı?
- Bu şeir gələcək
böyük əsərlərin ideyalarının rüşeymi kimi də dəyərləndirilə bilər. Mən
düşünürəm ki, Cavidin bütün şeirlərində belə İlahiyə bağlılığın bünövrəsin
qoyulduğu görünür. Bu şeir yaradıcılığı böyük ehtimalla onun gələcək dram
yaradıcılığına keçid rolu oynadı. Bu şeir Cavid yaradıcılığının inkişafında
ilkin mənbə və ilkin mərhələdir. Böyük dramlar yazmağa başlanan yolda bu şeirləri
ilk cığır kimi də dəyərləndirmək olar. Əsas izləniləcək böyük ideyanın –
"həqiqət və məhəbbət”in dərki addım-addım irəliləyərək "Şeyx Sənan”a, "İblis"ə,
"Peyğəmbər”ə doğru yol almaqdaydı. Ona görə də, əlbəttə ki, ideya başlanğıcı
ordadır. "Peyğəmbər”i yazmağa ilkin ideya elə "Hübuti-Adəm”dən gəlməli idi.
- O bir məva ki, ruhani, münəvvər,
Uçarmış orda zərrinpər mələklər.
O bir
məva ki, nəşr eylər sərasər
Əməllər, nəşələr, güllər, çiçəklər.
Gözəl, asudə bir məvayi-sevda;
Geniş, azadə bir səhrayi-xülya.
Xəzansız bir baharistani-xülya.
Ki solmaz orda əsla bərgi-ümmid.
- Dediyiniz "Hübuti-Adəm” şeirində o,
cənnəti təsvir etməklə özünü elə romantizm cərəyanının nümayəndəsi kimi
təsdiqləyir. Çox romantikcəsinə, gözəl bir təsvirdir. Artıq Cavidin
yaradıcılığında romantizmin rüşeymlərindən savayı, həm də poetik təsvirin ən
gözəl xarakterik nümunəsi oxucuya təqdim olunur. Hansı ki, bu ədəbi
keyfiyyətlər hər yaradıcı adama məxsus deyil. İnandırıcı, yaradıcı, təbii bir
təsvir... Sanki gedib görüb gəlmiş kimi təsvir olunur cənnət... Fikrimcə, bu,
çox mühüm məsələdir, həm də cənnəti İlahi sevgi ilə təsvir etmək - bu da zəngin
mənəviyyatdan, yüksək imandan, dərin əxlaqi kamillikdən xəbər verir.
- Belə başa düşdüm ki, romantizm Cavidin ilk
şeirində belə formalaşır. Bu, yəqin ki, onun başqa əsərlərində də davam edir.
Fərəhdən ağlar insan, bəlkə, bilməm!
Bulunmaz orda lakin hüznü matəm.
Əvət, bir öylə xoş məvadə tənha,
Yaşarmış qayğısız Adəmlə Həvva.
Maraqlı düşüncələrə yol görünür... Adəmlə Həvvanın cənnətdən çıxması
və s. o tənha qalmaqları buna səbəb ola bilərdi? Tənhalıq onları darıxdıra
bilərdimi ki, belə bir şey başa gəlsin?
- Allah taxtında təkdir, amma O, darıxmır. O, Allahdır. Mütləqi-kamildir,
qüsursuz, nöqsansızdır. Ehtiyacsızdır. Yerin, göyün sahibidir, idarə edəndir.
O, darıxmır! Amma insan onun yaratdığıdır, darıxa bilər, kamil deyil, kamilliyə
ehtiyacı var. Bu vəziyyət insan övladının həm xarakterinin, həm düşüncəsinin,
həm də arzularının sonsuzluğudur... Şeirin bu hissəsində aldığımız təəssürat
yerləşdiyi bir çevrədən kənarı görmək, nəyəsə maraq etmək, düşüncə, axtarış
sonsuzluğu və s. kimi də dəyərləndirilir.
İnsan təfəkkürünün hüdudsuz yeniliklərə münasibəti - bu da çox vacib
məsələdir. Həm də burada ideya şaxələnir. Adəmlə Həvvanın cənnətdə yerləşməsinə
İlahi münasibət və bu münasibətə qısqanclıqla yanaşan bir şeytan məsələsi də
var. Ziddiyyətlərin, konfliktlərin səbəbkarı olan Şeytanı İlahi niyə yaratdı?
Olmasaydı nə baş verərdi və ya verməzdi? Şeytan elə o vaxtdan Yer üzündə xaosun
müəllifi kimi insanlığa fəlakət gətirməklə məşğuldur. Şeytan öz xislətini
qiyamətəcən sübut etməyə çalışacaq. İnsan tamahı və sadəlövhlüyü ucbatından
daim aldanacaq, əziyyət çəkəcək. Günahın ilkin nümunəsinə Şeytan səbəb oldu.
Günahkar isə insan oldu. Deməli, ziddiyyətlər, mübarizə İlahidən insana
göndərilən keyfiyyətlərdir. Bu proseslər insanı imtahan verməyə, inkişaf
etdirməyə sövq edir.
- İndiyə kimi bizim tədqiqatçılar belə deyiblər, bu nəfsin
fəlakətidir. Amma burdan belə çıxır ki,
tənhalıq məsələsi də ideyaya çevrilə bilərdi.
- Təhlildə hər iki tərəfdən yanaşmaq olar.
- Degilmiş süs geyim onlarca adət;
Fəqət geydikləri bir tül ki, iffət.
İki dildadei-zövqü şətarət,
Olub vüslətgüzini-bəzmi-ismət;
Gülümsər daimi bir sur içində,
Yaşarkən öylə nuranur içində,
Hücum etmiş də süfli ehtirasat,
Qabarmış adəmiyyət hissi... heyhat!
O ülviyyət, o ülvi sərmədiyyət
Zəbuni-ehtiras olmuş nihayət.
Nəhayət, incə bir vəhşi təmayil,
O ülvi eşqi etmiş məhvü zail.
Birər heykəl kimi məbhutü heyran,
Hicab altında qalmışlar hərasan.
Sararmış bət-bəniz, uçmuş təravət;
Hücum etmiş haman rəngi-səfalət.
O dəm ənvarə müstəğrəq, sərazad;
Fikir
vermisinizmi, burada həm mənəviyyat və həm də zahiri gözəlliyin təsviri meydana
çıxır....
- Görürsünüz, bununla yanaşı, ismət məsələsinə münasibətin ilkin təzahürü də
görünür. Nədir ismət? Hələ ismətin nədən ibarət olması cənnətin təsvirində onun
paltarsız olması demək deyil. İsmətə, bəlkə, daxili, paklıq ölçüsü kimi
yanaşılmalı idi. Mənən saf, təmiz, yalan və tamahdan uzaq, elə cənnətə layiq
sakin olmaları ilə əsil ilahi ismət və ləyaqəti təsdiq etməli idilər. Onlar
cənnətdə geyim ismətindən daha çox yuxarılardadırlar. İlahi saflıq bədənlərinə
elə gözəl libas geydirib ki, Adəm və Həvva Şeytana aldanana qədər özlərini
zahiri ismətdən daha həyalı, ismətli və ləyaqətli olduqlarını dərk edirlər.
Burada digər bir məsələ var: insani düşüncədən irəli gələn cismani gözəllik
dərin əxlaqi dəyərlərə söykənməsə, əsl gözəllik kimi dərk oluna bilməz. Mənəvi
gözəllik və o gözəlliyin ülviliyi əsasdır. Hər hansı fiziki görünüşə verilən
dəyər mənəvi gözəlliyin kamilliyi ilə qovuşmasa, əhəmiyyətli sayıla bilməz!
Kamillik üçün insani iradəyə, düşüncəyə və zəhmətə ehtiyac var. Bu da vacib bir
məsələdir, çünki kamilliyə ucalmaqla həqiqəti dərk etmək mümkündür. Həqiqətin
dərki insanı Allahla qovuşdurur.
- Dediklərinizdən
başqa məqamlara doğru da yol almaq olur:
deməli, burda tək nəfis fəlakətləri deyil, həm tənhalıq problemi, həm də
ülvi eşq problemi var...
- Bəli. Bu şeirin
bir neçə yerində tənhalıq, ülvi eşq məsələsinə toxunulur. Cənnətdə onlar
çılpaqdır, amma bu çılpaqlıq saflığın, həqiqətin özüdür. Ülviliyin, İlahi eşqin
maddi görünüşü kimi bu səhnə kamilliyin özüdür, mükəmməlliyin görüntüsüdür.
Ətrafda çoxlu mələklər var, insan kimi də yaradılan Adəm var, Həvva var. Adəm və Həvva tamahın qurbanı olana qədər
mələkdən seçilmirlər. Şeytana uymayınca, hər şey gözəl və safdır. Çiçək və ağac
kimi tər-təmiz, günahsız idilər. Amma onların çılpaqlığı Yaradanın bir kamil
gözəlliyi kimi, bir çiçək gözəlliyi kimi qarşılanıb, bir çılpaq bədən kimi yox.
İnsanın düşüncə və əməl məsələsi ilə İlahi sevgi məsələsinin qovuşması fikri
ortada durur. Fikir, düşüncə və ondan yaranan əmələ təhrik əsas ideya
olmalıdır. İlahinin yaratdığına düşüncə kamilliyi və ya düşüncə bəsitliyi necə
dəyər verəcəksə, təhlilləri də ətrafa elə anlatmağa çalışacaq. Cavid Cənnət sakinlərinin
macərasında Tanrı həqiqətlərini axtarmağa çalışır. Onlar sonacan ülviyyəti və
ilahi eşqə sədaqəti qoruya bilmədilərsə, bu, nədən baş verdi? "Çıx ey qafil
bəşər” – deyir. Qafillik insanı hara sürükləyir. İnsan nə zamana qədər qafil
olacaq, qafilliyin səbəbi nədir? – bu məsələdə həqiqətlərə dərk yolu açılır...
-
Demiş: çıq, ey səfalətpərvər insan!
Çıx, ey qafil bəşər! Dəf ol, çəkil, get!
Bu lahuti təfərrücgahı tərk et!
Deyil layiq sana gülzari-cənnət...
O süfliyyətlə hissi-adəmiyyət
Bu ülviyyatı heç eylərmi idrak?
"Çe nesbət xakra ba aləm-e pak?!”
Düşün, baq nerdəsin, bir kərrə anla!
Bu məva öylə bir firdovsi-əla
Ki, hər bir lövsdən, hər məfsədətdən,
Bütün vəhşətdən ari bir nişimən
Bəs xeyir-şər məsələsi barədə nə deyərdiz?
- Şeirin bu yerində xeyir-şər məsələsi də ortaya çıxdı, elə deyilmi? İnsan Tanrıdan uzaqlaşdıqca şeytan onu
tora asanlıqla salacaq. İnsan nə qədər ki, uşaqdır, onun etdiyi günah sayılmır.
Bir evi yandırsa da, o, haqq qarşısında da günah sayılmır. Uşaq onu qəsdən
etmədiyi üçün bu, günah deyil. Saflıq, günahsızlıq uşağa məxsusdur. Yəni
qəsdən, bilərəkdən edilməyən hərəkətin mənası günaha yozulmaz. Adəmin, Həvvanın
aldanmasına zərurət var idi. Şeytan Tanrıdan qisas almağa, ondan üstün tutulanı
rəzil etməyə daim fürsət axtarmaqdadır. Şər törətmək, qisas almaq, paxıllıq
kimi mənfiliklər insanlığa Şeytandan aşılanan xüsusiyyətlərə çevrildi. Bu
aldanışda həm də bir uşaq saflığı yox oldu. Yerində günahla dolu insan həyatı
başladı. Qadağalara maraq insan halının vərdişinə çevrildi. Qadağa varsa, can
atılacaq... Aldanış artıq gözü açdı. Artıq bundan sonra etdikləri böyük günah
olacaq. İnsan oradan günaha başladı. İlahi kamillik, qayğısızlıq, maddiyyatdan
uzaq mənəvi ömür, əbədi saflıq itdi. Hər şey təzədən zərrə-zərrə zəhmət və
əzabla əldə olunacaq, hətta o kamilliyin yaxınlığına çatmaq üçün insan ömrünü
mənalı və dərkli şəkildə yaşayaraq ora dönməyə çalışacaq. O əbədi itən Vətənə
hey can atılacaq... Amma Şeytan insanla hər yerdə olaraq buna mane olacaq.
İnsan ilk Vətəni üçün hey çalışacaq. Cənnətə dönmək üçün kamil olmağa səy
göstərəcək. O da qismət olsa...
- Sən əvvəl
xeyrü şərdən bixəbərdin,
Çocuq ruhilə bipərva gəzərdin – deyir Cavid...
- Bəli. Uşaq kimi saf idin, uşaq vaxtı bixəbər gəzə bilərdin, gülü
ayaqlasaydın sən bağışlana bilərdin. Amma bundan sonra günahın içindən çıxmağa
özün çalışmalısan, öz bəlana özün yol
açdın. Artıq insanlıq xilqəti, insana məxsus olan günahı edə bilmək, tamahdan,
sadəlövhlükdən bəlaya yuvarlanmaq kimi hadisələrə insan özü yol açdı.
-
Əmin ol, nerdə nəfs olmuşsa hakim:
Həqiqi eşqi məhv etmiş məzalim,
Kimin ülviysə ruhu, söz onundur,
Əsiri-nəfs olan daim zəbundur – Burda Cavid əsas
ideyanın üstünə gəlir...
- Burdan da ortaya çıxan ideya budur: bir insanın düşüncə dərinliyi,
mənəviyyat yükü nədirsə, insan oğlu ondan ibarətdir. Bu dünyada etdiyi əməl nədirsə, xisləti də odur. Bir söz
var, deyirik ki, Allah-taala insanın qəlbinə görə verir. Burdan başlayıb, nəyə
layiqdirsə, onu qazanıb, bəli, məhz qazanıb... Tam ülviyyətin içində qala
bilməyən insan üçün mütləq nələrsə baş verəcəkdi ki, insan gil, çamur xislətini
göstərsin. Amma tək nəfsin məsələsi deyil. Adəm tək günah etmədi, həm də
gözəlliyə qane olmadı. O, Tanrının verdiyinə qane olmadı. O, ətrafda, kənarda
daha nə var onlara can atdı. Burda tamah da var. Amma bütövlükdə insanlığın
xisləti budur. İnsan İlahinin ruhundan bir nəfəsin daşıyıcısı olsa belə, Allah
deyil. İlahi dərk üçün rahatlıq vasitə ola bilməz. Əziyyət, iradə, kamilliyə
doğru olan saflaşma prosesinin baş verməsi gərək idi. Ondan sonra o, nəyə layiqdirsə,
onu yaşayacaqdır. Yer üzünə qayıdacaq, əzab-əziyyətlə öz ruzisini qazanacaq,
çətinliklərdən keçəcək, aldanacaq, tamahkarlıq edəcək. Yenə böyük qovğalara,
əzablı hallara düşəcək... Yaşadıqlarının, etdiklərinin qiyməti İlahi məhkəmədə
bəlli olacaq. Cənnət təzədən qazanılmalıdır. Əvvəl sonun, son əvvəlin
mövcudluğunu təsdiq etməlidi.
- Cənnət hədsiz dərəcədə gözəl təsvir edilir, bu dünya isə əzab,
dərd, kədər dolu... Bu ziddiyyət barədə nə deyərdiz?
- Cavidin ədəbiyyata işıqlı yolu burdan başladı. Həqiqətə və
məhəbbətə doğru yol başlayan Cavid bu şeirləri ilə əsil yolçuluğa başladı. "Peyğəmbər”ə,
"Şeyx Sənan”a, elə "Xəyyam”a, "Səyavuş”a çatmaq üçün o, mütləq "Hübuti-Adəm”dən
keçməli idi. Yeri gəlmişkən, sizə deyim ki, sonradan gələn gözəlliyin vəsfi,
gözəllikdə bir ülviyyət axtarmaq, tamahının insanı məhvə doğru aparması,
şeytana uymaq kimi məsələlərin əksəriyyətində ideyalar Cavidi dram əsərlərinə
doğru aparır. Rüşeym halında olan ideyalar dramalarda daha da böyüyüb, inkişaf
edib. Xüsusilə, gözəlliyin özündə faciəviliyin olması məsələsini də Cavid
ustalıqla ərsəyə gətirə bilib.
Cənnət həddən artıq gözəl, rahat idi, orada hər şey də vardı. Amma o
gözəllik, o rahatlıq bunlara bədbəxtlik gətirdi. Rahat həyat vardı. İnsan ona
qane olmadı. Rahatlıqda narahatlıq insanın axtarış dərkinə yol açmalı idi. Açdı
da...
- Beynimiz belə öyrəşib, vərdiş yaradıb ki, müasir poeziyada şeirin
ideyası axırıncı misralarda verilir. Amma Cavidi oxuyanda belə deyil. Cavidin
sonuncu misralarında nəfsin fəlakətli olduğu deyildi. Amma bu o demək deyil ki,
tək ideya sonda veriləndir... Dediyiniz kimi, orada bir çox məsələlər qoyulub,
onlardan biri də budur....
- Şeirdə gözəl bir məqam var:
Təəssüf biəsər... Pək çox yanıldım,
Nədamət bisəmər... Pək gec ayıldın.
Son peşmançılıq fayda vermədiyi üçün insanın daha çox ağıl və
ehtiyatdan istifadə etməsi ideyası da bizə maraqlı tövsiyədir. Amma ağıl o vaxt
mükəmməl, kamil vəziyyətdə ola bilməzdi, deməli, təkamül və inkişaf, tərəqqi
Tanrının insanlığa tövsiyəsidir. Çünki o qədər gözəlliyin içində olduğundan saf
idi ki, o gözəllik ona ağılla hərəkət etməyə yol vermirdi. Buna da əl atsam,
görəsən, nə olar? Bu "nələrə” can atmaq sualları onların arxasında böyük bir
fəlakətin durması, uşağın odu qırmızı görüb əl atıb yanması kimi bir hadisədir.
Yəni o, gözəl cənnət mühitində aldığı kiçik bir ehtiyatsızlıqdan faciəyə
yuvarlandı. Yaranışdan sona qədər kamilliyə yol başlamaq, qovulduğu ilk vətənə
qayıdışı özünüdərk və özünü tərbiyə üsulundan bəhrələnməlidir. Yol ağır,
zəhmətli və şərəfli yaşam tələb edir. Hər insana qismət olacaqmı kamilləşərək
itirdiyi ilk yurda qovuşmaq! Bu, insanlığa Tanrının tale yazısıdır. Ya qismət.
Kamil olan Tanrısına şərəflə qovuşacaq...
Müsahibəni
apardı: Fərid Hüseyn