“Bütün sahələrdə əməkdaşlıqda maraqlıyıq” - MÜSAHİBƏ
Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid: “Bizi qane etməyən iki ölkə arasında ticarət mübadiləsinin aşağı səviyyədə olmasıdır. Mövcud rəqəmlər iki ölkənin potensialını özündə əks etdirmir”.
“Ölkələrimiz arasında əməkdaşlıq güclənib. Prezidentlərin qarşılıqlı səfərlərindən sonra iki ölkə arasında münasibətlərin daha da sıxlaşmasına töhfə verən cəhətlərdən biri investisiya marağı, digəri adət-ənənələrin oxşarlığıdır”. Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid “Kaspi” qəzetinə müsahibəsi zamanı Azərbaycanla Misir arasında qarşılıqlı əlaqələrdən və gələcək üçün planlaşdırılan və arzulanan əməkdaşlıqdan danışdı.
Əlaqələrin gücləndirilməsinə dəstək
- Cənab səfir, Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən biri də ərəb dövlətləri ilə əlaqələrdir. Prezident İlham Əliyevin iyunda Misirə baş tutan rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə hansı töhfələri verir?
- Öncə Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edirəm. Son illərdə ölkələrimiz arasında əməkdaşlıq çox güclənib. Bu, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin 2023-ci ilin yanvarında Azərbaycana səfəri, 2024-cü ilin iyun ayında isə Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfərinin nəticəsi kimi qəbul edilə bilər. Prezidentlərin qarşılıqlı səfərlərindən sonra iki ölkə arasında münasibətlərin daha da sıxlaşmasına töhfə verən cəhətlərdən biri investisiya marağı, digəri adət-ənənələrin oxşarlığıdır. Yüksək səviyyəli digər səfərlərə misal olaraq, Böyük İmam Əl-Əzhərin şeyxinin Azərbaycana ilk səfərini qeyd etmək olar. Misir Respublikasının baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti COP29-da iştirak etdi. Dekabrın 19-da Qahirə şəhərində Azərbaycanın D8 təşkilatının üzvü seçilməsi münasibətilə də Azərbaycanı təbrik edirəm. Əlaqələrin güclənməsi iki ölkənin mənafeyinə xidmət edir. Ölkələrimiz arasında hökumətlərarası müştərək komissiya fəaliyyət göstərir. Komissiyanın iclası iki ildən bir keçirilir. Siyasət, mədəniyyət, incəsənət, investisiya, elm və təhsil və s. sahələri əhatə olunur. Bütün bunlar iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş bir müstəvi açır.
Onu da qeyd edim ki, Misirin İsgəndəriyyə kitabxanası dünyanın ən böyük kitabxanalarındandır. Bu kitabxanada Azərbaycan şairi Nizami Gəncəvinin guşəsi var. O cümlədən, Azərbaycanla Misirin bəzi şəhərləri arasında qardaşlıq sazişləri var. Bakı Qahirə ilə, Sumqayıt İsgəndəriyyə ilə, Abşeron əl Qəlyubiyyə ilə, Qəbələ Cənubi Sinay əyaləti ilə qardaşlaşıb.
“Əməkdaşlıq üçün təkliflərə açığıq”
- Sizcə, daha hansı sahələrdə əlaqələrin genişləndirilməsinə ehtiyac var?
- Bizi qane etməyən iki ölkə arasında ticarət mübadiləsinin aşağı səviyyədə olmasıdır. Mövcud rəqəmlər iki ölkənin potensialını özündə əks etdirmir. Hazırda bizim əməkdaşlıq edə biləcəyimiz sahələrdən biri əczaçılıqdır. Bu sahədə əməkdaşlıq etmək üçün Azərbaycanın aidiyyəti qurumları ilə əlaqə yaradırıq. Tikinti, infrastruktur, təhsil, turizm sahələrində də əməkdaşlıq edə bilərik. Azərbaycanda qədim abidələrin restavrasiyası ilə bağlı təkliflərimizi də təqdim etmişik və cavab gözləyirik. Biz Azərbaycanı Süveyş Kanalı İqtisadi Zonasına investisiya yatırmağa dəvət edirik. Həmin iqtisadi zonada müxtəlif dövlətlərin - Çinin, Rusiyanın, Hindistanın investisiyaları var. Misir Azərbaycana Afrika ölkələri ilə əməkdaşlığın qurulmasında da yardımçı ola bilər. Bir sözlə, biz bütün sahələrdə əməkdaşlığa maraqlıyıq.
Təhsil sahəsində əməkdaşlıq
- Hazırda Misir azərbaycanlıların ali təhsil almaq üçün seçdiyi ölkələr arasındadır. Qarşılıqlı tələbə mübadiləsi və tələbələr üçün təqaüd imkanları necədir?
- İki ölkə arasında təhsil sahəsində saziş və icra proqramı var. ADA Universiteti ilə Misirin Diplomatiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Azərbaycan artıq misirlilər üçün tibb, dənizçilik, stomatologiya sahəsində əsas təhsil istiqamətlərindən birinə çevrilir. Hazırda misirli tələbələr bu sahələr üzrə Azərbaycanda təhsil alırlar. Misir Səfirliyinin Mədəniyyət və Təhsil əlaqələri Mərkəzinin rəhbəri vəzifəsini icra edən şəxs Azərbaycan Neft və Sənaye Universitetinin məzunudur. Eləcə də Azərbaycandan Misirin müxtəlif universitetlərində təhsil alanlar var. Biz Misirin özəl universitetləri ilə də əməkdaşlığın yaranması üçün yollar axtarırıq. Ölkələr arasında ali təhsil sahəsində qarşılıqlı təqaüd proqramları da mövcuddur.
- Misirin ölkəmizdəki Mədəniyyət Mərkəzi əvvəllər ərəb dili kursları elan edirdi. Bu gün də kurslar davam edirmi?
- Mərkəzin fəaliyyəti yenidən bərpa edilib. Bu kursların həyata keçirilməsi məsələsinə baxılır. Mərkəzdə təkcə ərəb dili kursları deyil, rəssamlıq və s. kurslar da fəaliyyət göstərəcək.
“Azərbaycan mühüm turizm istiqamətlərindən birinə çevrilir”
- Şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında aviasiya əlaqələri də böyük rol oynayır.
- Bakı ilə Şarm Əl Şeyx arasında birbaşa təyyarə reysləri var və həftədə bir dəfə həyata keçirilir. Hazırda iki ölkənin paytaxtları arasında hava reyslərinın açılması üçün də danışıqlar aparırıq. Uzun müddətdir ki, ölkələrimizin aviasiya qurumları arasında bu mövzuda müzakirələr davam etdirilir. Düşünürəm ki, artıq bu müzakirələri tamamlamaq vaxtıdır.
- Qarşılıqlı turizm əlaqələrinə toxunaq. Azərbaycanlılar səyahət üçün Misiri çox seçirlər. Misirdə Azərbaycana maraq necədir?
- Hazırda azərbaycanlılar təkcə Şarm Əl Şeyxlə kifayətlənmirlər, Misirin digər şəhərlərinə də gedirlər. Əvvəllər Azərbaycan misirlilər tərəfindən o qədər tanınmırdı. Bu gün isə Azərbaycana səfər edən misirli turistlərin sayında artım var. Azərbaycan artıq misirlilər üçün də mühüm turizm istiqamətlərindən birinə çevrilir. Bunu nəzərə alaraq Bakı ilə Qahirə arasında birbaşa reyslərin açılması istiqamətində səylərimizi davam etdiririk.
- Cənab səfir, hazırda dünyamız çox narahatdır. Yeni ilə qədəm qoyuruq. Dünyamıza arzunuz nədir?
- Sülh bir nemətdir. Arzum budur ki, dünyamızda sülh bərqərar olsun. Dünyadakı faciələr, müharibələr insanlığı qorumaqla öz həllini tapsın. Bu istiqamətdə böyük dövlətlərin üzərinə böyük missiyalar düşür. Fürsətdən istifadə edərək, Misir Səfirliyinin rahat fəaliyyətinə şərait yaratdığına görə Azərbaycan rəhbərliyinə təşəkkürümü bildirirəm! Azərbaycanın haqqıdır ki, gündən-günə inkişaf etsin və çiçəklənsin.
- Müsahibə üçün təşəkkür edirik!
Təranə Məhərrəmova