• cümə axşamı, 25 aprel, 12:22
  • Baku Bakı 23°C

Brüsseldə Paşinyana sancılan oxlar - TƏHLİL

20.05.23 00:30 1495
Brüsseldə Paşinyana sancılan oxlar - TƏHLİL

Şarl Mişelin bəyanatındakı nöqtələr Azərbaycanın artan əhəmiyyətinə, oyunçuluq qabiliyyətinə verilən müsbət reaksiya kimi başa düşülə bilər. Belə görünür ki, Paşinyan da bu reallıqları gec-tez qəbul etmək məcburiyyətindədir. 

Nəhayət ki, müəyyən intervaldan sonra, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüssel formatında görüş bərpa olundu.

Liderlərin yenidən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gəlməsi ümumilikdə müsbət haldır və regiondakı bataqlıqların qurudulması yönündə ümidləri öldürmür.

Mayın 14-də İlham Əliyevlə Paşinyanın Qərbin siyasi mərkəzi olan Brüsseldə danışıqlara qatılması bir neçə istiqamət baxımından önəm qazanır.

Görüş öncəsi durum

Öncəliklə, görüşdən öncəki hadisələrin axarına fikir vermək lazımdır. Ermənistan Azərbaycanla sərhəddə təxribata əl ataraq hərbi mövqe qazanmaq istəyirdi.

Ancaq Azərbaycan Ordusunun gördüyü adekvat tədbirlər nəticəsində Ermənistanın hərbi eskalasiya yaradıb regionu döyüş meydanına çevirmək, bununla da beynəlxalq missiyaların rəsmi Bakıya qarşı münasibətini körükləmək planı baş tutmadı.

Paşinyan istədiyinə nail olmadıqdan sonra regional təcriddə batmağın ssenarisini təsəvvür edərək Brüsselə yol aldı və Azərbaycanın Ermənistanın revanşist meyllərinə qarşı ardıcıl strategiyasının oxları ona “sancıldı”.

Sözsüz ki, Paşinyan Brüsseldə həmin “sancılar”dan qıvrılıb, bunun əlamətlərini Şarl Mişelin danışıqlardan sonrakı bəyanatının sətirləri arasında axtarmaq olar. O məsələ üzərinə gələcəyik, buna qədər bir neçə detala da toxunmaq lazımdır.

Paşinyan gah Avropa İttifaqının Ermənistandakı missiyasına, gah Rusiya tərəfindən beyninə yeridilən tezislərə, gah Fransanın ədalətdən kənar və qərəzli mövqeyinə, gah İranın vurnuxmasına bel bağlaya-bağlaya ağlar günə qalır.

Onun hesablamalarında xətalar mövcuddur, Paşinyan strateji gedişatları və onun perspektiv nəticələrini oxumaqda çətinlik çəkir. Əks təqdirdə, Azərbaycanla ölkəsi arasındakı qüvvələr nisbətinin fərqini anlayıb düzgün qərarlar verərdi.

Beynəlxalq konyunkturada söz sahibliyini itirən Fransa, qlobal səhnədə büdrəyən İran, Ukrayna cəbhəsində taktiki uğursuzluqlara düçar olan Rusiya onun köməyinə gələ bilməz. Xüsusilə Moskva İrəvanı “edam kürsüsünə” çıxarmaqda israrlıdır, Azərbaycan və Türkiyə ilə əməkdaşlığı üstün tutur. Yəni Paşinyana Kreml tərəfindən vəd edilən nələrsə xamdır, çiydir və cilalanmayıb.

Qərbdən gələn siqnallar da Paşinyanı sakitləşdirməlidir. O, Azərbaycanın Avropa enerji bazarlarındakı artan rolu səbəbindən ölkəsinin genişmiqyaslı dəstək almayacağını anlamaq məcburiyyətindədir.

Mişelin “oxuduqları”

Şarl Mişelin bəyanatındakı nöqtələr Azərbaycanın artan əhəmiyyətinə, oyunçuluq qabiliyyətinə verilən müsbət reaksiya kimi başa düşülə bilər, hərçənd ki, Qərbdə hələ də fərqli mövqedə duranlar var.

Şarl Mişel bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü 86 600 kvadratkilometr, Ermənistanınkı isə 29 800 kvadratkilometr. Bu, artıq Azərbaycanın ərazi bütövlüyünə qarşı ikibaşlı mövqelərə aydın cavabdır, qısası, rəsmi Bakı Qərbin bir qolu olan Avropa İttifaqını öz ərazi suverenliyi ilə bağlı tezislərinə inandırıb.

İkinci, Mişelin bəyanatında Zəngəzur dəhlizinə önəmli vurğu əks olunur, cənab Mişel bildirir: “Tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər”.

Bu artıq yeni detaldır və Zəngəzur dəhlizi layihəsinin prioritetlərində Azərbaycana beynəlxalq dəstəyi artıran mexanizmləri hazırlayacaq.

Humanitar məsələlərə gəlincə, qarşıdakı həftələr ərzində Azərbaycan və Ermənistanda saxlanılan şəxslərin qarşılıqlı azad edilməsi gözlənilir. Bu mənada Ermənistanda həbs edilən iki Azərbaycan hərbçisinin azad edilməsi üçün Paşinyanın öhdəlik götürdüyünü deyə bilərik.

Hələ sülh yoxdur

Ümumiyyətlə, hələ sülhdən danışmaq tezdir, Brüssel görüşü sadəcə mütləq sülhə aparan yolda bir addım da irəliyə getməkdir.

Sülhün davamlılığını təmin etmək üçün Azərbaycan Ermənistanı hərbisizləşdirən bəndləri razılaşmaların mətninə daxil etdirə bilər.  

Avropa İttifaqının məxfi və regional xəritəni dəyişəcək ambisiyalı gündəliyi yoxdur, ona görə də həmin istiqamətdəki müzakirələr üçün ən yaxşı platforma elə Brüsseldir.

Brüssel formatının Qərbin maraqlarına xidmət edən davamı Moldovanın paytaxtı Kişinyovda gerçəkləşəcək. Belə ki, liderlər Avropa Siyasi Birliyi sammiti çərçivəsində iyunun 1-də Moldovada bir araya gəlməyi planlaşdırır.

Bu, Ermənistanın Qərbdə də populyarlığının azalması tendensiyası fonunda maraqlı bir mənzərə yaradır, lakin gözlər həm də Rusiyaya dikilib.

Düzdür, Rusiya mərkəzli danışıqlar da heyrətamiz mənzərə çıxarmayacaq, lakin bu, Qərbdəki razılaşmaların Kreml saatı ilə tutuşdurulması baxımından önəmə sahibdir.

Proqnozlara gəlincə, Azərbaycan şərtlərini gücləndirmək üçün Paşinyanın qeyri-müəyyən mövqeyindən istifadə edərək ona dərs verəcək. Azərbaycan Ermənistanın sülhlə bağlı addımlarındakı real və manipulyasiyaedici mövqeləri fərqləndirərək sərhəddəki məqsədlərini irəlilədəcək.

Aqşin Kərimov 

banner

Oxşar Xəbərlər