Britaniya yenidən Avropaya üz tutur
Böyük Britaniya sakinləri ölkələrinin yenidən Avropa İttifaqına üzv olmasını arzulayırlar. İctimai rəy sorğuları adalıların arzusunu təsdiqləsə də, hələlik bu arzunun reallaşması heç də asan görünmür.
Avropa və dünya nəhəngi Böyük Britaniya təlatümlü günlər yaşayır. Baş nazir Kir Starmerin istefası ilə eyni vaxtda ölkənin yenidən Avropa İttifaqına (Aİ) geri dönüşü geniş müzakirə olunan məsələlər sırasındadır. 2016-cı ildə keçirilən referendum nəticəsində Böyük Britaniya Aİ-dən çıxdı. Tarixə “Brexit” adı ilə düşən bu qərar Avropa üçün ən mühüm siyasi hadisələrdən biri oldu. Həmin vaxt britaniyalı seçicilərin 52 faizi Aİ-dən ayrılmağa səs versə də, son on ildə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə baş verən dəyişikliklər bu qərarın yenidən müzakirə olunmasına səbəb olub. Bu gün əsas suallardan biri belədir: Britaniya yenidən Aİ-yə qayıda bilərmi?
“Brexit”dən əvvəlki mövqe dəyişir
“Brexit” tərəfdarları ilk illərdə hesab edirdilər ki, Aİ-dən çıxmaq Böyük Britaniyaya sərhədlər, miqrasiya siyasəti və iqtisadi qərarlar üzərində daha çox nəzarət imkanı verəcək. Lakin son illərdə aparılan iqtisadi təhlillər göstərir ki, “Brexit” ticarət əlaqələrinin zəifləməsinə, investisiyaların azalmasına və iqtisadi artım tempinin aşağı düşməsinə təsir edib. Bir çox ekspertlər Böyük Britaniyanın ən böyük ticarət tərəfdaşı olan Aİ ilə münasibətlərin əvvəlki səviyyədən uzaqlaşmasının iqtisadi itkilər yaratdığını bildirirlər. Eyni zamanda, bir-birini əvəzləyən Britaniya hökumətləri müxtəlif sahələrdə Aİ ilə əməkdaşlığı genişləndirməyə çalışırlar. Xüsusilə müdafiə, enerji, elm və ticarət sahələrində daha sıx əməkdaşlıq istiqamətində addımlar atılır.
Britaniyalıların əksəriyyəti “Brexit”in nəticələrindən narazıdır
Aparılmış araşdırmaların nəticələrinə görə, hazırda britaniyalıların böyük hissəsi “Brexit”in iqtisadi və sosial nəticələrindən narazıdır. Məsələn, 2022-ci ildən 2024-cü ilə qədər 67 milyonluq ölkədə miqrantların sayı 2 milyon nəfər artıb. Avropalılar gedib, onların yerini digər ölkələrin vətəndaşları tutub. “Brexit” üzrə referendumun keçirildiyi 2016-cı ildə Britaniyaya miqrantların gəldiyi ölkələr siyahısında ilk iki yeri Polşa (85 min nəfər) və Rumıniya (75 min) tuturdu. 2023-cü ildə isə Hindistan (250 min) və Nigeriya (140 min nəfər) liderdir. Ötən il miqrasiya kəskin şəkildə azalaraq 170 minə düşüb. Buna baxmayaraq, antimiqrant və anti-Avropa "Reform UK" partiyası sorğularda davamlı olaraq hakim leyboristləri və digər siyasi qüvvələri qabaqlayır. Gənc nəsil arasında isə Aİ-yə qayıdışa dəstək xüsusilə yüksəkdir.
Amma bir reallıq da var ki, Britaniyanın yenidən Aİ-yə üzv olması yaxın perspektivdə elə də asan görünmür.
Yaxın gələcəkdə yox, amma uzunmüddətli perspektivdə istisna edilmir
Rusiyanın Ukraynaya qarşı müharibəsi, ABŞ ilə Avropa arasında dəyişən münasibətlər və qlobal iqtisadi rəqabət Avropa dövlətlərini daha sıx əməkdaşlığa sövq edir. Bu fonda həm Londonda, həm də Brüsseldə Britaniya-Aİ münasibətlərinin dərinləşdirilməsi ideyası daha çox dəstək qazanır. Bir çox analitik hesab edir ki, Böyük Britaniya ilə Aİ arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq gələcəkdə daha inteqrasiya olunmuş münasibətlər üçün zəmin yarada bilər. “Britaniya Aİ-yə qayıdacaqmı?” sualına bu gün üçün ən düzgün cavab belədir: yaxın gələcəkdə yox, amma uzunmüddətli perspektivdə bu ehtimal istisna edilmir. Hətta britaniyalılar vahid Avropaya münasibətlərini kökündən dəyişsələr belə, onların fikri işin yalnız yarısıdır. Aİ-nin hər zaman özlərinə xüsusi münasibət tələb edən şıltaq adalıları yenidən ailəyə buraxmaq istəyi də lazımdır.
Aİ-Böyük Britaniya sammiti uğurlu olacaqmı?
Aİ rəhbərliyi “Brexit”dən sonra Böyük Britaniya ilə münasibətlərin dərinləşdirilməsini alqışlayır, lakin ölkənin Aİ-yə mümkün qayıdışının müzakirəsi deyil, Londonla tərəfdaşlığın daha da inkişaf etdirilməsinə diqqət yetirir. Bu, Avropa Şurasının sədri Antoniu Koştanın Brüsseldəki son mətbuat konfransındakı bəyanatlarında da özünü göstərib. “Brexit”dən on il sonra britaniyalıların əksəriyyətinin Aİ-yə qayıdışı dəstəklədiyinə dair sorğuların nəticələri barədə suala cavab verən Koşta bəyan edib ki, son illərin əsas nailiyyəti Brüssel və London arasında münasibətlərin "yenidən işə salınması" olub. Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətlərdə, həmçinin təhlükəsizlik, müdafiə və Ukraynaya dəstək məsələlərində əhəmiyyətli irəliləyişə nail olublar. "Mənim arzum odur ki, biz Birləşmiş Krallıqla münasibətlərimizdəki bu uğurlu yolu davam etdirək", - Koşta deyib. O qeyd edib ki, tərəflər ikinci Aİ-Böyük Britaniya sammitinə böyük səy və həvəslə hazırlaşıblar. "İndi, şübhəsiz, biz onu təxirə salmalı olacağıq, lakin biz bu yeni sammitin keçirilməsi imkanlarını nəzərdən keçiririk", - o deyib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Aİ ilə Böyük Britaniya arasında sabit əlaqələrin vacibliyini vurğulayıb. "Mən Birləşmiş Krallıq xalqı ilə möhkəm və sabit münasibətlərin bərpasına ümid edirəm", - o bəyan edib. Maraqlıdır ki, nə Koşta, nə də fon der Lyayen Böyük Britaniyanın Aİ-yə yenidən daxil olması perspektivini birbaşa şərh etməyiblər.
Azər Nuriyev