• bazar, 22 Dekabr, 09:25
  • Baku Bakı 8°C

“Bizim kinematoqraf gərək poeziyadan bəhrələnsin” - PEŞƏKAR

03.08.24 04:27 5622
“Bizim kinematoqraf gərək poeziyadan bəhrələnsin” - PEŞƏKAR

Yavər Rzayev: “Bizim milli dəyərlər var, kinematoqraf onun yolunu tapmalıdır. Bu, rejissorun intellektindən, biliyindən, istəyindən asılıdır. İnanıram ki, belə istedadlı uşaqlar var, bu yolla öz sözlərini deyəcəklər”.

“Milli Kino Günüdür. Kimlə görüşək?” Ağıla ilk gələn o oldu: Yavər Rzayev. “Milli kinomuzun gerçək vəziyyətini ondan yaxşı bilən olmaz”, - deyə düşündük. Deyəsən, yanılmamışıq... 

Kinorejissor, ssenarist, aktyor, Əməkdar incəsənət xadimi Yavər Rzayevlə müsahibəmizdə kinematoqrafiyamızın vəziyyətinə nəzər salmağa çalışdıq.

"Senzura pis şey deyil"

- Yavər müəllim, kino niyə qəliz məsələdir?

- Siz gəlməmişdən əvvəl mən də elə bunu düşünürdüm: kino niyə qəliz məsələdir? Kino başqa sənətlərin sintezidir. Yazıçı qələmi, kağızı, rəssam  fırçanı, kətanı götürür, istədiyini yazır, çəkir... Amma kino bir neçə sənəti kombinə edir. Təəssüf ki, indi gənc nəsil kinoda başqa istiqamət seçib - yığcam süjet, bir-iki qəhrəman, ailə münaqişələri və s. Kütlənin ən aşağı təbəqəsi var ki, məncə, o tərbiyə olunmur. Tez-tez telekanallarda ailə məişət zəminində kriminal hadisələr göstərilir: ata oğulu, gəlin qayınananı, qardaş bacını öldürür. Bilmirəm, seriallara baxırlar, nədir? Amma bu, yaxşı hal deyil. Dövlət sifarişləri ilə kommersiya filmlərini ayırmaq lazımdır. Bunlar fərqli şeylərdir. Əgər dövlət sifariş edirsə, onun öz tələbləri olmalıdır. 

- Senzuranı nəzərdə tutursunuz?

-Siz senzura nəyə deyirsiniz? Senzura pis şey deyil. Psixiatriya da insanı şizofreniyadan qoruyan yoldur. Söhbət dövlətdən gedir: demokratik, islam inancları olan dövlətdən. Yəni “mənim on milyon əhalim var, belə məsələlərə toxuna bilmərəm”. Siz çox yaralı yerə toxundunuz. Düzdür, indi artıq bir az ümid var. Mədəniyyət Nazirliyində Kino Agentliyi (ARKA) yaranıb və onların istəyi böyükdür. Bilirsinizmi, bizim böyük alimlərimiz, filosoflarımız, yazıçılarımız, bəstəkarlarımız olub.  Vaqif Mustafazadə, Lütfizadə, Nəriman Nərimanov, Qara Qarayev, Səttar Bəhlulzadə - bunlar hamısı dahi insanlardır. Bu siyahını uzatmaq da olar. Bu cür şəxsiyyətlərlə bağlı fərqli layihələr olmalıdır. Bu insanlar millətin dəyərləridir. Onların həyatını örnək  kimi nümayiş etdirmək, insanları maarifləndirmək lazımdır. 

Musiqi susur, amma...

- Hər il avqustun 2-də ənənəvi olaraq Milli Kino Gününü qeyd edirik. Səmimi olsaq, son illərin kinematoqrafik mənzərəsi haqda nə deyə bilərsiniz?

- Səmimi olsaq... Belə bir söz var: “Toplar atılanda musiqi susur”. Amma mən bir vurğu etmək istəyirəm: musiqi susur, amma ölmür. Dünya sivilizasiyasında gedən proseslər, xristianlıq sivilizasiyasının süqutu... Hər sivilizasiyanın başlanğıcdan sona qədər iki min il ömrü var. Bu dövr başa çatdı. Amma xristian sivilizasiyasının dalğası ilə getmək istəyənlər var. Siz senzura dediniz, amma mən tənqid deyirəm. Cavanların yanlış düşüncəsi nədir? Söhbət bisavad və ya bitərəflərdən gedir, hansı ki, kənara xoş gəlmək istəyirlər. Kənarda isə bizdən dağıdıcı şeylər istəyirlər. Düzdür, bu gənclərin arasında istedadlı olanlar da var. Söhbət olan kimi festivaldan danışırlar. Amma bilənlər bilir ki, 40-50 yaşı olmayan festival heç də festival deyil. Gənclər millilik axtarmaqdansa başqa təsirlərə meyl edirlər. Baxın İran kinematoqrafiyasına, dünyaya meydan oxuyurlar. Adi, sadə tarixçələrlə necə filmlər yaratdılar. Türk kinosunda Nuri Bilgə Ceylan Avropadan daha üstün sənət yaratdı. Azərbaycanın da öz milli filmi olmalıdır. Bizim kinematoqraf gərək poeziyadan bəhrələnsin. Axı poeziyanın da öz strukturu var. O kinematoqrafı bir az Sergey Paracanov eləmişdi. Bizə nə lazım olduğunu başa düşmək lazımdır. Ailə kökləri, milli dəyərləri, təhsil məsələlərini kinoya gətirmək lazımdır. Bunlar Qərbə də maraqlı olar. Onları cəlb edər ki, ötən əsrin əvvəlindən müsəlman ölkəsində opera-balet var, qadınlara seçki hüququ verilib.

- Demək, biz hələ də kinoda millilik məsələsini tapa biməmişik...

- Mən inanıram ki, tapacağıq. Bəlkə indi kinematoqrafiya çox vacib məsələ deyil. Bəlkə çox başa düşülmür. Leninin “bütün incəsənət növlərindən bizim üçün ən vacibi kinodur” sözləri əhəmiyyətini itirməyib. Çünki 90 dəqiqə ərzində siz ədəbiyyatı göstərirsiniz, musiqini eşidirsiniz, dəyərləri görürsünüz. Bunlar çox vacib şeylərdir. Amma bu haqda düşünən yoxdur. Siz nə gözləyirsiniz? Mədəniyyət və İncəsənət Universitetinə 60-80 balla qəbul olunurlar. Mən bu ali məktəbdə oxuyanda ora düşmək o qədər də asan deyildi. Sonra Moskvada Kinematoqrafiya İnstitutunda oxuyanda ora ən nüfuzlu təhsil ocaqlarından biri idi. İndi çoxu uşağını xaricdə oxumağa göndərir. Əgər bu təhsil yeni texnologiyalarla bağlıdırsa, çox yaxşı! Qoy gedib Londonda, Kembricdə oxusunlar. Ancaq orada onlara Azərbaycanın fəlsəfəsi, milli dəyərləri haqqında heç kim mühazirə oxumayacaq. 

Qərbdən gələn trendlər

- Kinorejissor Andrey Konçalovski bir müsahibəsində bütün dünyada kinoya münasibəti, məncə, gözəl şərh edib: “Marketinq, superulduz sözü çıxmamışdan kino incəsənət idi. “Super” sözündən sonra kino öldü. Müasir insana kino lazım deyil. Ona əyləncə, fast-food, “McDonald’s” lazımdır…”  

- Yenə o söhbətə qayıdıram: bizim milli dəyərlər var, kinematoqraf onun yolunu tapmalıdır. Bu, rejissorun intellektindən, biliyindən, istəyindən asılıdır. İnanıram ki, belə istedadlı uşaqlar var, bu yolla öz sözlərini deyəcəklər. Yenə də burada 10 milyon insan və dövlət söhbəti var. Bizim dövlət nəylə unikaldır? Bizdə çox millətlər var. Multikulturalizm sözü necə yaranıb? Azərbaycan dünyaya nümunədir. Bu məkanda yaşayan xalqların dəyərləri nədir? Ləzgi, talış etnosundan, ümumən etnik rəngarənglikdən necə layihələr hazırlamaq olar? Hər bir millət özünəməxsus fərqli mədəniyyətin elementlərini, koloriti qoruyub saxlayıb. Biz gərək bunu kinematoqrafiyanın gücü ilə dünyaya çatdıraq. Biz mərkəzəqaçma funksiyaları eləməliyik.

- Etiraf edək ki, zamanla, dövrün dəyişikliyi ilə, informasiya texnologiyalarının basqısı ilə sıradan çıxmaqda olan peşələr, sahələr var. Bu dalğanın kinoya təsiri də olmaya bilməz...

- Əlbəttə, o da var. Bu, biliyi dərinləşdirmir, amma yayır. Bir çox tanıdığım adamlarda internet təhsilinin olduğunu görürəm. “Kamyu” deyən kimi əlindəki mobil cihazda tapır. O beyində necə ideya püxtələşə bilər? Dünyada böyük proseslər, sistemləşmə gedir. Bu da qərbdən gələn trenddir. Amma bu iqtisadiyyat üçün sərfəlidir, incəsənət, mədəniyyət üçün yox. Bu keçid yumşaq olmalıdır, aqressiv yox. Əsas odur ki, bizim dövlət o zamana uyğun nəsil yaratsın.

Hay-küyün içində batan ideyalar...

- Filmoqrafiyanıza nəzər salanda filmlər arasında dörd-beş il fasilə var. Bu boşluğa rejissorun “nəfəsalması” deyirsiniz? 

- Yox, bu, rejissorun “nəfəsalması” deyil, ovaxtkı kino aparatının “nəfəsalması”dır. “Sarı gəlin”dən sonra mənim başıma çox iş gəldi. Yeddi il film çəkmədim. İndi onları xatırlamaq ağırdır. Mən həmişə deyirəm ki, 90-cı illər Azərbaycan kinosunun eniş dövrüdür. Amma Həsən Seyidbəylinin, Arif Babayevin filmləri o zaman dəyərli festivallara çıxa bilsəydi, nələr qazanmazdı... Bu filmlərdə hadisələr gözəl idi. “Sən niyə susursan?”, “Telefonçu qız”... İtalyan neorealzminə bənzəyən əhvalatlardır. Kino ədəbiyyata qayıtmalıdır. Ona görə də mən həmişə deyirəm: əvvəlcə ssenarini qəbul edin. Bu, çox ciddi məsələdir. “Oskar” alan filmlərin hamısı romanlar əsasında çəkilən filmlərdir. Əsas əhvalatdır, ssenaridir.

- “Sarı gəlin”dən sonra belə bir fikir demişdiniz: “Müharibə haqqında çəkilən ən gözəl filmlər məhz davanı görməyən rejissorların çəkdikləri filmlər olub”. Bəs 44 günlük müharibə haqqında nə düşünürsünüz? 

- Bir-iki ideyam var, amma hamısı bu hay-küyün  içində batır. Bir neçə layihə var ki, mən utana-utana kiməsə “məndə bu var” deyirəm.

Nəticəni gözləyirəm...

- Sizcə, büdcəsi böyük olan filmlər yaradıcılıq azadlığını genişləndirir?

- Çox gözəl sualdır... Yenə məsələ dövlət sifarişinə dirənir. Elxan Cəfərovun çəkdiyi “Yarımçıq xatirələr” filmində mən ssenari müəlliflərindən biriyəm. Film dövlət sifarişidir. Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin qəhrəmanlığından bəhs edir. Bu büdcə ucuz ola bilməz. Amma Baydarov ”Səpələnmiş ölümlər arasında” filmini poeziyanın üstündə qurmaq istəmişdi. O, filmi bəlkə 5-10 min dollara çəkmişdi və Venesiya Film Festivalında nümayiş olundu. Yəni kiçik büdcə ilə də çəkib söz demək olur. 

Bacarırsan, bu fırça, bu da kətan... 

- Sizcə, rejissor peşəsini öyrətmək lazımdırmı? Yoxsa, rejissor olmaq istəyən fransız rejissoru Jan Qodar kimi sadəcə olaraq kameranı götürüb çəkilişlərə başlamalıdır?

- Bəli, rejissorluq peşəsini öyrənmək mütləq lazımdır. Elə Qodarı nümunə gətirək: 60-cı illərdə orada bir qiyam baş verdi: Qodar, Trüffo... Ümumiyyətlə, Fellinidən sonra kino mənim üçün getdi. O, qəbiristanlıqda tabuta sonuncu mıxları vurandı. Amma kino-əsərlər olmalıdır. İndi kommersiya filmləri çəkirlər. Oyuncaq kimidir. Onlardan xalqa böyük bir təsir gözləmək olmaz. Forma və məzmun həmişə əsasdır.

- Son illər “Oskar” alan filmlər haqqında fikirləriniz də maraqlıdır.

- Gözəl filmlər var. Onların əsasında roman dayanır. Sadəcə, “Hər şey hər yerdə və dərhal” filmi məni çaşdırdı. Bəlkə də sonra başa düşdüm ki, bu ssenarini süni intellekt yazıb. Eksperiment kimi çəkilib. Mənim çoxdan bir fikrim vardı, “Yeni dalğa”da eləmişdim, bəlkə də onu təzələdim: qrafikasız - təmiz kino. Bacarırsan, bu fırça, bu da kətan... 

- Bu tablonu yaratmaq indi çətindir?

- Çətin deyil, amma mövzu axtarışı cavanlarda düzgün istiqamətdə deyil.

- Siz “cavanlar” deyib, elə bil yükü öz üzərinizdən atmaq istəyirsiniz...

- Yox, mən çəkmək istəyirəm. 1-2 ssenarim də var. Bu haqda müraciət etmişəm...

- Yavər müəllim, çox istərdim müsahibəmizi optimist notlarla bitirək...

- Kino Agentliyinin yaradılması, onlara səlahiyyət verilməsi məndə ümidlər yaradıb ki, kinostudiya dirçələcək, əvvəlki dövrünə qayıdacaq. Burada həmin emalatxanalar yaranacaq. İnanıram ki, olacaq, sadəcə, bir az dözmək lazımdır. Ona görə deyirəm ki, toplar atılanda musiqi susur, amma ölməməlidir...

Söhbətləşdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər