• şənbə, 21 Dekabr, 17:26
  • Baku Bakı 10°C

“Bizim canımızda qorxu yox idi”

30.09.23 02:30 3741
“Bizim canımızda qorxu yox idi”

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev: “Yaşananlar heç vaxt yaddaşdan silinməyəcək. Əgər bir hadisə qanla yazılıbsa, heç vaxt yaddaşdan silinməz. Bu qələbəni qazanmaqdan ötrü hər birimiz sevə-sevə canımızı sipər etmişik”.

“Keçdiyimiz döyüş yolunu paylaşmaq, şagirdlərlə vətənpərvər ruhda söhbət etmək, bu hissləri bölüşmək şərəfli bir andır...” Qəhrəmanlığına qədər yüksəldiyi Vətən müharibəsinin acılarını xatırlamaq onun üçün nə qədər kədərli olsa da, qazanılan Zəfərin sevincini yaşamaq daha böyük qürurdur. Hərbçi peşəsində ona ən böyük  şərəf və fəxarət hissini yaşadan də məhz 44 günlük müharibənin son nöqtəsi - Zəfər Günüdür. 

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev 27 Sentyabr - Anım Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və “Kaspi” qəzetinin birgə layihəsi olan “Məktəbdə” qonaq olarkən bu sevincini şagirdlərlə bölüşdü. Binəqədi rayonundakı 300 saylı tam orta məktəbdə baş tutan görüşdə şagirdlər qəhrəman hərbçinin keçdiyi döyüş yolu hekayəsini dinlədilər, öz gələcək həyatları ilə bağlı tövsiyələrini eşitdilər.

Bizi qələbəyə ruhlandıran amillər

“44 günlük müharibə xalqımızın qəhrəmanlıq salnaməsinin xüsusi nümunəsidir”, - deyə Anar Mirzəyev Vətən müharibəsinin yaxın tarixini vərəqlədi: “Azərbaycan Silahlı Qüvvələri düşmənin silahlı bölmələrini darmadağın edərək 30 illik həsrətə son qoydular. Bu da bizim milli kimliyimizi bütün dünyaya nümayiş etdirdi. Hər bir uğurun əldə edilməsini şərtləndirən səbəblər var. Bu, ilk növbədə Prezidentimizin yürütdüyü qətiyyətli və inamlı siyasətidir. İkinci amil - biz öz doğma torpaqlarımız üçün, sərhədlərimiz çərçivəsində müharibə aparmışıq. Üçüncü amil isə xalqın birliyi, orduya verdiyi dəstək olub. Mən həmişə deyirəm ki, 44 günlük müharibədə qəhrəman bütün Azərbaycan xalqıdır. Sosial şəbəkələrdə görmüsünüzmü? Bir qoca nənə bir qazan aş bişirib neçə minlik orduya göndərib və düşünüb ki, hamıya çatacaq. Bax, qəhrəman o nənədir. Onu görən, hiss edən Azərbaycan əsgəri qəhrəmancasına döyüşməyə bilməzdi”. 

“Düşmənin gülləsi bizi yıxa bilməz”

Polkovnik-leytenant 27 sentyabrda başladıqları əks-hücum əməliyyatlarını xatırladı: “Hərbi hissə daimi yaşayış məntəqəsini tərk edən zaman bizim texnikalar çıxan avtoparka gəldim. Tankçıların bayraq üzərinə “Ya Qarabağ, ya ölüm” şüarını yazdıqlarını gördüm. Əsəbi formada “bu şüarı çıxarın” dedim. Bir anlıq duruxdular. “Ya Qarabağ, ya da Qarabağ” yazın. Bizim ikinci seçimimiz yoxdur. Nəyin bahasına olursa-olsun, Qarabağ düşmən işğalından azad olunmalıdır” dedim. Şüarı dərhal dəyişdirdilər”. A.Mirzəyev tariximizin bu şərəfli səhifəsinin yazılmasında iştirak etdiyi üçün özünü xoşbəxt hesab edir: “Biz Füzulidən “Qırmızı bazar” istiqamətinə qədər piyada hərəkət etdik. Amma çətinliklərin heç biri bizə maneə olmadı. 

Döyüşlərin qızğın vaxtında boğazımdan qəlpə yarası aldım. Özüm yarama sarğı qoydum və “İgidlər, düşmənin gülləsi bizi yıxa bilməz” dedim. Mənimlə döyüşən hər bir hərbi qulluqçu bunu söylədi və hədəfə doğru irəlilədik”. 

Yaddaşdan silinməyəcək günlər

Polkovnik-leytenantı diqqətlə dinləyən şagirdlər onları maraqlandıran sualları ünvanladılar. “44 günlük Vətən müharibəsinin başlanmasının 3 ili tamam oldu. Yaşananlar nə vaxtsa yaddaşınızdan çıxarmı?” - deyə şagirdlərdən biri soruşdu: “Yaşananlar heç vaxt yaddaşdan silinməyəcək. Əgər bir hadisə qanla yazılıbsa, heç vaxt yaddaşdan silinməz. Bu qələbəni qazanmaqdan ötrü hər birimiz sevə-sevə canımızı sipər etmişik. Biz deyirdik ki, Vətəndən pay olmaz, sona qədər getməliyik. Xoşbəxtik ki, tariximizin bu şərəfli səhifəsi məhz bizim yaşadığımız dövrə təsadüf etdi. Biz bu gün sizin gözünüzün içinə alnıaçıq baxa bilirik. Allaha şükür edirəm ki, Ali Baş Komandanın başçılığı altında bu məsuliyyətli tapşırığı sizin üzərinizə buraxmadıq. İndi siz dünyanın istənilən bir ölkəsində yaxşı təhsil ala, yaxşı mütəxəssis kimi yetişə bilərsiniz. Siz vaxtınızı buna ayırın”.

Atalıq və komandirlik

“İndiki gənclərlə öz dövrünüzün gəncləri arasında hansı oxşar və fərqli cəhətlər görürsünüz?” - deyə doqquzunculardan biri soruşdu: “Mən bir valideynəm, eyni zamanda bir komandir idim. Müharibə dövründə iki mühüm vəzifənin yükü vardı çiynimdə. Məni ata kimi arxada gözləyən övladlarım və mənimlə döyüşən övladlarım... İkincilərin çəkisi daha ağır idi. Əynimdə mundir olanda düşünmürdüm ki, ata olaraq evə mütləq qayıtmalıyam. Düşünürdüm ki, nəyin bahasına olursa-olsun, bizə həvalə olunan camaatın balasını qorumalıyıq”. A.Mirzəyev hazırkı gənclərin dünyagörüşünü daha yüksək qiymətləndirdi: “Azərbaycan gəncləri sayılıb-seçiləndirlər. Onlar fərqli zamanda böyüyürlər, seçim imkanları daha çoxdur. Bu imkanlardan düzgün istifadə etmək lazımdır”.

Bizim təsəvvürümüzlə sizin reallıq arasındakı fərq 

“Müharibə bizim nəzərimizdə film səhnələridir. Siz isə reallıqda müharibədə olmusunuz. Bizim təsəvvürümüzlə sizin reallıq arasındakı fərq nədən ibarətdir?” - deyə uşaqlardan biri soruşdu. “Ali Hərbi Məktəbdə müdavim olan zaman bizə müharibə kinoları izlədirdilər. O vaxt kinoya baxanda bizi vahimə basırdı. Real müharibə  səhnələri isə daha təsiredicidir, kinoda gördüklərini  müharibənin içində yaşayırsan. Yaralılara kömək edirsən, əsgər dostların gözünün önündə olur... Müharibə səhnəsi film səhnəsi deyil. Bizim canımızda qorxu yox idi. Bunu adama Allah bəxş edir”. 

“Ordumuz şücaətini bütün dünyaya nümayiş etdirdi”

“Bir neçə gün əvvəl ordumuz lokal xarakterli antiterror tədbirləri ilə daha bir missiyanı yerinə yetirdi. Bu barədə nə deyə bilərsiniz?” - deyə şagirdlərdən biri sualına cavab istədi. “Düşmən imzalanmış Üçtərəfli Bəyanata əməl etmirdi”, - deyə hərbçi cavab verdi: “Prezident həmin bəyanatı imzalamışdı ki, biz torpaqlarımızı itkisiz azad edək, amma onlar əməl etmədilər. Azərbaycan ordusu dünyanın heç bir yerində görünməyən uğura imza atdı: Bir sutka tamam olmamış düşmən artıq ağ bayraq qaldırdı. Onlar öz əlləri ilə hərbi sursatı, texnikanı gətirib təhvil verir və geri çəkilirlər. Bununla da ordumuz öz şücaətini bütün dünyaya nümayiş etdirdi”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər