• şənbə, 20 Aprel, 08:51
  • Baku Bakı 14°C

Biomüxtəlifliyin itirilməsi heyvanlardan insana keçən xəstəliklərin yayılmasına səbəb ola bilər

23.05.22 18:30 610
Biomüxtəlifliyin itirilməsi heyvanlardan insana keçən xəstəliklərin yayılmasına səbəb ola bilər

Hazırda bioloji növlərin yox olmaq sürəti son on milyon il ərində orta göstəricilərdən onlarca, yüzlərcə dəfə çoxdur və bu sürət artmaqda davam edir. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Bioloji Müxtəliflik Günündə BMT-nin Baş katibi Antonio Qutterreş “təbiətlə mənasız və dağıdıcı müharibə”yə son qoymağa çağırıb.

Baş katib deyib: “Davamlı inkişaf, ölümcül iqlim dəyişmələri təhlükəsinin aradan qaldırılması, torpaqların deqradasiyasının zəiflədilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi və səhiyyə sahəsində tərəqqiyə kömək məqsədlərinə nail olmaq üçün bioloji müxtəliflik son dərəcə zəruridir”.

Bu il dünya ölkələrinin hökumətləri bir yerdə toplaşaraq dəqiq hədəflər və onların reallaşdırılması vasitələri üzrə qlobal tədbirlər sistemi haqqında razılığa gələcəyini bildirən Antonio Qutterreş deyib: “Bu bizim 2030-cu ilə qədər bərpa yoluna düşməyimizə kömək edər. Bu sistem biomüxtəlifliyin qorunub saxlanmasına, geniş ərazilərin, içməli su mənbələrinin və okeanların səmərəli müdafiəsi, rasional istehlakın və istehsalın təşviqi, iqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitə zərər vuran subsidiyalardan imtina edilməsi üçün təbiəti müdafiə tədbirləri əsasında təbiətlə harmoniya şəraitində həyat üçün zəruri olan genişmiqyaslı və mütərəqqi dəyişikliklərin həyata keçirilməsinə kömək etməlidir”.

Baş Katib vurğulayıb: “Biz 2050-ci ilə qədər olan dövr üçün “Təbiətlə həyatın harmoniyası” Konsepsiyasını reallaşdırarkən ədalət və insan haqlarına hörmət prinsiplərinə müvafiq hərəkət etməliyik. Bu, zəngin bioloji müxtəlifliyin cəmləndiyi ərazilərdə çoxsaylı yerli xalqlara daha çox aiddir. Bu gün ortaq səylərimizə Yer üzündə bütün canlı aləmin gələcəyini təmin etmək üçün hər kəsi fəaliyyətə çağırıram”.

Bəşər sivilizasiyasının mövcudluğu bioloji müxtəliflik resurslarından birbaşa asılıdır. Təqribən 3 milyard insan üçün heyvan mənşəli zülalların 20 faizini balıqlar, insanın qida rasionunun 80 faizdən çox hissəsini bitkilər təmin edir. İnkişaf etməkdə olan ölkələrdə kənd yerlərində yaşayan insanların 80 faizə qədəri ilk tibbi yardım göstərilməsi üçün ənənəvi dərman bitkilərinə ümid edir. Eyni zamanda, bu gün təqribən 1 milyon heyvan və bitki növü məhv olmaq təhlükəsi qarşısındadır. Bioloji müxtəlifliyin itirilməsi hamı üçün təhlükə mənbəyidir. Sübut edilib ki, bu itki heyvanlardan insana keçən xəstəliklərin (zoonozların) geniş yayılmasına gətirib çıxara bilər.

Biomüxtəliflik sahəsində bu gün mövcud olan mənfi meyillər aradan qaldırılmasa, yaxın vaxtlarda həmin meyllər Davamlı İnkişaf Məqsədlərinin 80 faizinə nail olmaqda tərəqqini qorxu altına ala bilər.

banner

Oxşar Xəbərlər