Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur
Cəlil Cavanşir: "İntellektual, ağıllı, ziyalı, çoxbilmiş görünməyə
çalışmıram”
Müsahibimiz gənc yazar Cəlil Cavanşirdir. Onunla ədəbiyyatdan və son
illərdə yazdığı əsərlər haqqında danışdıq.
– Cəlil, salam! Necəsən? Uzandıqca uzanan karantin günləri necə keçir?
– Salam, Rəvan. Yaxşıyam deməyə tərəddüd edirəm, çünki yaxşı olduğumdan əmin deyiləm. İlin bu ayları – may, iyun, iyul – mənim üçün hədsiz ağır keçir. Səhhətimlə bağlı problemlər nədənsə bu aylarda özünü büruzə verir. May ayı başlayandan hiss edirəm ki, əsəblərim qaydasında deyil. Bir tərəfdən də karantinin uzanması bütün həyatıma mənfi yöndən təsir edir. Mümkün olduğu qədər pozitiv olmağa, özümü motivasiya etməyə çalışıram. Əslində, karantin günlərim minlərlə insandan daha maraqlı, daha rəngli, daha mənalı keçir, naşükürlük etmək istəməzdim. Sadəcə, əvvəllər bundan daha maraqlı həyat yaşadığımı bildiyim üçün, karantin həyatımdan məmnun deyiləm. Həvəsim olanda yazıram, oxuyuram, filmlər izləyirəm, sevdiyim işlərlə məşğul oluram. Dostlarla əvvəlki rahatlıqla görüşə bilmirik. Xəstəlik xofu da bir yandan narahat edir. Sevdiyim əyləncə məkanları, kinoteatrlar, teatrlar, kafelər bağlıdır. Stressdən qaçmaq üçün sığındığımız yerlərin hamısı fəaliyyətini dayandırıb. Xülasə, karantin günləri ürəyimcə keçmir. Darıxdırıcı, sıxıcı bir dönəmdəyəm.
– Yaradıcı
şəxslər üçün belə hadisələr fürsət olsa da, bəzən monoton, sıxıcı keçən ev
şəraiti yazmağa, mütaliəyə mane olur. Həvəs qalmır sanki. Səndə necədi,
yaradıcı prosesdə bir durğunlaşma oldu?
– Bu cür fövqəladə hadisələr yaradıcı insanların
həyatına daha ciddi, bəzən də müsbət yöndən təsir edir. Karantindən əvvəl iş
rejimim o qədər ağır idi ki, "fürsət olsa günlərlə yataram” deyə düşünürdüm.
Amma elə karantinin ilk günlərindən sıxılmağa başladım. Ümumiyyətlə azadlığımı
məhdudlaşdıran hər şey məni darıxdırır, narahat edir. Karantindən öncəki ağır
iş rejimində daha məhsuldar olduğumu düşünürəm. Yazmağa, oxumağa ən əsası
yaşamağa daha çox fürsətim olurdu. Karantin dönəmi daha çox düşünmək, müşahidə
etməklə keçir. Karantinin ilk günlərində bir kinossenari üzərində işləyirdim.
Vaxtım nə qədər bol olsa da, hələ də bu ssenarini tamamlaya bilməmişəm. İdeya,
qeydlər, süjet xətti – hər şey hazırdır. Sadəcə fikirlərimi cəmləyib, yazı
prosesini davam etdirə bilmirəm. Hiss edirəm ki, bu cür durğunluq məni narahat
edir. Qeyri-müəyyənlik, narahatlıq yazı prosesinə çox mane olur. Bəzən günlərlə
eyni kitabı götürüb, vərəqləyib sonra bir kənara atıram. Mütaliədən əvvəlki
kimi zövq ala bilmirəm. Boşluğu filmlərlə doldurmağa çalışıram. Hələ ki, mənə
motivasiya verən yeganə şey uzun müddətdir baxmaq istəyib, baxa bilmədiyim
filmləri rahat-rahat izləməyimdir.– Ədəbiyyatımızın
ən çox darıxanlarından birisən. Hərdən deyirlər ki, şairlər eyni mövzuları
təkrarlayır, elə darıxmaq, sevmək, bir qədər sentimental hisslər həddindən
artıq çox və eyni qəlibdə işlənir. Bir şair kimi bu cür fikirlərə münasibətin
necədi?
– Mən darıxmağımı daha səmimi, daha rahat, komplekssiz
və çılpaqlığı ifadə edən adamam. "Bunu yazsam, bunu bölüşsəm məni qınayarlar”
xofu ilə yaşamıram. Yazmaq üçün hıqqanmıram. İntellektual, ağıllı, ziyalı,
çoxbilmiş görünməyə çalışmıram. Hiss etdiklərimi ən sadə şəkildə ifadə edirəm.
Qlobal, dünyəvi, bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur.
Yazdıqlarımla qazandığım sevgidən də məmnunam. Sevgimi, darıxmağımı hiss
etdiyim kimi ifadə edirəm. Sentimentallıq məni narahat etmir. Haqqımda deyilən
tənqidləri də, qeybətləri də eyni rahatlıqla qarşılayıram. Ədəbiyyatımızda
şair, şeir bolluğudur. Hamı iddialı davranır, fərqli görünməyə, yeni söz deməyə
çalışır. Olsun... Bütün bu proses ədəbiyyat üçün faydalıdır. Şeirlə bağlı
konkret düstur, qəlib, sistem yoxdur, ola bilməz. Çünki, oxucu qəzəli də sevir,
sərbəst şeiri də. Sentimental şeirin də, intellektual şeirin də oxucusu var. Bu
gün yazılanların hansının ədəbiyyat olmasını zaman göstərəcək. Mən bu
səs-küyün, xaotikliyin içində öz içimdən gələn nəğməni oxuyuram, öz hisslərimi
yazıram. – Azərbaycan
poeziyasının bugünkü vəziyyətini necə qiymətləndirirsən? Nələr çatışmır?
– Yuxarıda qeyd etdiyim kimi, hər cür rəng, hər cür
səs, hər cür nəfəs var poeziyamızda. Hər şey var – bütün "-izm”lər, bütün
tendensiyalar poeziyamızda var, davam etdirilir, yazılır, oxucuya təqdim
olunur. Çatışmayan bütövlük, sistematiklikdir. Şəxsən mənim şeir yaradıcılığım
xaotik, qarışıq və sistemsizdir. Bilirəm ki, ədəbiyyat tarixində xatırlanmaq
üçün konseptual və sistemli yaradıcılığa ehtiyac var. Uzun illərdir izlədiyim
5-6 imza var ki, sistemli, bütöv poeziya yaradır. Şeirimizin indiki durumunu
qiymətləndirmək həqiqətən çətindir. Bu işi ədəbiyyatşünaslara buraxaq. Şair
prosesi hərəkətə gətirən çarxın bir dişidir, kənardan özünü gömək şair üçün
çətindir. İstedadlı, intellektual şairlərimiz var, amma poeziyamız qızıl
dövrünü yaşamır. Hələ də Ramiz Rövşən havasından çıxa bilməmişik. Üfüqdə ümid
var və mən şeirimizin gələcəyinə inanıram.– İndi daha çox roman və konseptual mətnlərin
aktuallığı göz önündədi. Şeir oxuculara maraqlıdırmı, səncə?
– Şeir gözə dəymir düşüncəsi, şeirə haqsızlıqdır.
Bayağı zövqün diktəsi ilə, şeir ikinci plana keçmiş kimi görünə bilər, amma
şeir ədəbiyyatda hələ də aktualdır, ədəbi cərəyanların inkişafı və formalaşmasında
da poeziyanın müstəsna rolu var. Mahnılardan müasir "stand up”lara, reklam
mətnlərindən düşük "tik-tok” videolarına, musiqili meyxanadan roka qədər bir
çox müasir bayağı trendlər şeirin imkanları ilə manipulyasiya edir. Poeziyanı,
şeiri müasir "sənət” öz içində əridir. Bayağılığa xidmət etdiyi üçün, müasir
şeirin ədəbi prosesdə əsas funksiyası unudulur. Şeir, bütün dövrlərdə aktualdır
və ədəbiyyatın aparıcı xəttidir. Son yüz ildə şeirin populyar olmaması,
satılmaması, şeir kitablarının tirajının az olması bizi narahat etməlidir, amma
qorxutmamalıdır. Kapitalizm bayağılığı, bəsitliyi satır, onu trendə və brendə
çevirir, qəbul etdirir və biz də buna boyun əyirik. Halbuki, həyatımızda,
yaşantımızda şeir üçün təmiz bir yer saxlamalıyıq. Nəsr nümunələrinə, daha
doğrusu, kapitalizmin bizə təbliğ etdiyi motivasiya, psevdopsixalogiya,
psevdoelmi və marketinq kitabları, bu gün ciddi ədəbiyyatdan daha populyardır.
Şeir ciddi, ruhunun təmizliyini qoruya bilən, şüurunu şeytana təslim etməyən
oxucuya maraqlıdır. – Kitab sənayesinin çatışmazlıqları hansılardır?
Niyə bizdə mərkəzləşmiş kitab sistemi yoxdu?
– Mən illərdir kitab işinin içindəyəm. Nəşriyyatlarda
müxtəlif vəzifələrdə çalışmışam və davam edirəm. Kapitalizm üçün bizim müqəddəs
bildiyimiz kitab sadəcə əmtəədir. Yəni, kitabı ən çox sevən naşir belə, ona
qazanc yeri kimi baxır. Bu məsələdə hansısa addımlar atılmasa, nəşriyyatlara,
naşirlərə güzəştlər olunmasa kitab bazarı normal şəkildə formalaşmayacaq.– Son
kitabın "Azğın”ın satışı və ya oxucuların marağı səni qane edirmi?
– Bəli. Son romanıma oxucu marağı məni qane edir. Həm
satış, həm də oxucuların münasibəti ürəyimcə oldu. Azərbaycanda ədəbi mühiti və
kitab bazarını dərindən tanıdığım üçün böyük gözləntilərim yox idi, ona görə də
romanın çapından sonrakı proses məni xeyli məmnun etdi. Həm satış, həm də
reaksiyalardan razıyam. – "Azğın”
romanı sənin yaradıcılıq mərtəbənin harasında dayanır?
– "Azğın” mənim sayca üçüncü romanımdır və bu romanın
çapından sonra nəsr yazmaqla bağlı qənaətlərim yerinə oturdu. Artıq nasir kimi
yaradıcılığımın üfüqlərini daha dəqiq görə bilirəm. Yaradıcılığımda tamamilə
yeni bir mərhələ başlayacaq, bunu artıq hiss edirəm. Yaş, təcrübə və
müşahidələrim daha ciddi əsərlər yaza biləcəyimə inamımı möhkəmləndirir. Yəqin
ki, növbəti romanımda "Azğın”ın yaradıcı həyatımdakı yerini daha dəqiq
müəyyənləşdirəcəm.– Mənə
elə gəlir ki, o roman məhz elə avtobioqrafik romandır....
– "Azğın” romanında bioqrafik detallar var, amma
cüzidir. Ola bilsin mənim həyatım
kənardan belə görünür, bunu etiraf edirəm. Sadəcə bu mənim yazıçı olaraq
çaşdırıcı manevrimdir. Romanımda bioqrafik detallar kimi görünən detalların
müəyyən qismi məşhur əsərlərdən "pastiş”, müəyyən qismi isə dekonstruksiyadır.
Mən "Azğın”da illüziya yaratmışam. Romanın qəhrəmanı mən deyiləm, sadəcə
müəyyən məqamlarda qəhrəmanım mənə bənzəyir. Xüsusilə intihar və s. məsələlər
illüziya yaratmaq üçün işlənmiş məqamlardır. Romanımda dəlilərin, həkimin
prototipi var, amma əksər qəhrəmanlar sadəcə təxəyyülümün məhsuludur. Mən
fərqli bir mühitdə, fərqli ailədə böyümüşəm. Seçdiyim dövr, qəhrəmanın peşəsi,
intihara meylliyi, psixoloji problemlərinin olması bioqrafik roman təəssüratı
yaradır və bunu bilərəkdən etmişəm. Əslində, sevinirəm ki, istədiyimə nail
olmuşam. Bu məqamı öz uğurum hesab edirəm. Dəxli yoxdur, ya özümüzü yazaq, ya
da başqasını. Biz inandırıcı olanda, oxucu qəhrəmanla dialoqa girə biləndə, nə
yazdığımızın fərqində olanda uğurlu oluruq.– Onlarla
kitab tərcümə etmisən. Tərcümə prosesi yaradıcılığına necə təsir göstərir?
– Mən tərcüməçiliyi yaradıcılığımın bir hissəsi hesab
edirəm. Tərcümə işindən, tərcümə prosesindən zövq alıram. Tərcüməçilik şəxsi
yaradıcılığıma çox müsbət təsir edir. Yaza bilməyəndə enerjimi tərcümə ilə
kompensasiya edirəm və bu, məni qoruyur– Yəqin
ki növbəti kitabını hazırlayırsan...
– Sonuncu kitabım "Eşq və intihar” mart ayında nəşr
olunub. Təəssüf ki, pandemiya və karantin bu kitabın təbliğatına və oxuculara
əlçatan olmasına ciddi problem yaratdı. Kitabı oxuculara istədiyim,
arzuladığım, planlaşdırdığım kimi təqdim edə bilmədim. Kiçik və lazımlı bir
kitab olsa da, satışı demək olar hələ ki uğursuzdur. Cəmi 5-10 oxucum əldə edə
bilib. Belə bir dönəmdə "Eşq və intihar” kitabınn təbliğatını qurmağı düzgün
hesab etmədim. Amma xüsusilə gənclər üçün nəzərdə tutduğum bu kitabın
təbliğatı, təqdimatı böyük ehtimalla karantin dönəmi bitdikdən sonra mümkün
olacaq. Hekayələrimdən ibarət "Gənc şairin dilemması” adlı kitabım da çapa
hazırdır. "Eşq və intihar” öz oxucusunu tapsa, satışı gözlədiyim kimi olsa,
hekayələr kitabımı da çap etdirəcəyəm.– Bundan
sonra ağlında yazmaq istədiyin kitabların planı hazırdı, yoxsa yazmaq səndə
spontan alınır?
– Planlaşdırıb yazdığım kitablar var. Müasir
Azərbaycan şeiri və şeirimizdəki ciddi imzalarla bağlı bir araşdırma üzərində
işləyirəm. Son 20 ildə poeziyamızda ortaya çıxan imzaların yaradıcılığı
haqqında esselər toplusu olacaq. Daha çox gənc nəsli əhatə edəcək. Eyni zamanda Kamal Abdullanın "Yarımçıq əlyazma” romanı
haqqında 2016-cı ildə yazdığım kitab da çapa hazırdır. Yəni, növbəti ilin
sonuna qədər çap etdirəcəyim kitablarla bağlı panım var. Amma çox vaxt
planlarım pozulur, kitab çap etməyim spontan alınır. Məsələn, "Azğın” romanı
"Sola dönmək qadağandır” və "Miladdan sonra” kitablarından əvvəl çapa hazır
idi, amma çapı gecikdi. Ümumiyyətlə, həyatımda heç nə planlı alınmır. – Son
olaraq, səncə, koronavirus ədəbiyyatda ötən əsrlərin fəlakətləri kimi iz
qoyacaq, yoxsa tez unudulacaq?
– Düşünürəm ki, bu dönəm ədəbiyyatda çox dərin iz
qoyacaq. Belə bir qlobal problemin ədəbiyyatdan yan keçməsi mümkün deyil. Ola
bilsin ki, insanlar gündəlik qayğıların məngənəsində bu dönəmi 1-2 ilə unutsun,
amma ədəbiyyatın koronavirusu unudacağını düşünmürəm. Böyük ehtimalla bu dövrün
özünəməxsus konspiroloji ədəbiyyatı yaranacaq. Ehtimallar, fərziyyələr, şəhər
əfsanələri bu dövrü gələcək nəsillərə fərqli formada təqdim edəcək. Hələ ki, bu
prosesin içindəyik, gələcəyin necə olacağını zaman göstərəcək.Söhbətləşdi: Rəvan Cavid