• cümə, 29 Mart, 04:24
  • Baku Bakı 7°C

Bədəndə olan bioloji aktiv nöqtələrə təsir etməklə müalicə üsulu

22.03.23 09:15 383
Bədəndə olan bioloji aktiv nöqtələrə təsir etməklə müalicə üsulu

Son illər qeyri-farmokoloji müalicə üsullarına maraq əhəmiyyətli dərəcədə artıb. Mütəxəssislər bunu insanların dərmanların istifadəsi zamanı yan təsir riskini və bədən allergiyasını azaltmaq istəyi ilə əlaqələndirirlər. Həmin üsullardan biri də bədən nöqtələrinə təsir etməklə orqanizmdə olan ağrılardan azad olmağın müalicəsidir. Şərq təbabətinin ən qədim və çox müraciət olunan həmin üsulu akupresura adlandırılır. Bu zaman insanın daxili sistemi və orqanları ilə energetik bağlı olan bioloji aktiv nöqtələr masaj edilir. Aktiv nöqtələrə təsir edilməsi isə barmaqlar və hər hansı bir vasitə ilə həyata keçirilir. Nəticədə enerji tarazlığı bərpa olunur, əzələ və əsəb gərginliyi aradan qaldırılır.

AZƏRTAC xəbər verir ki, akupresura üzrə mütəxəssis Natiqə Məmmədova deyib: “Bədən nöqtələrinə təzyiq edilməklə baş nahiyəsinə siqnal göndərilərək müalicə üsuluna başlanılır. Bədəndə müəyyən nöqtələrə saat əqrəbi istiqamətində dairəvi təzyiq göstərməklə qısa vaxt ərzində ağrılardan dərmansız şəkildə azad olmaq olar. Çox vaxt bioloji aktiv nöqtələr insanın müəyyən bədən hissələrində yerləşir”.

Mütəxəssis əldə olan nöqtələrin masaj edilməsi ilə hansı xəstəliklərdən qurtulmağın mümkün ola biləcəyini açıqlayıb: “Baş barmaqdan aşağıda onurğa ağrıları, ikinci barmaqda depressiya və sinir problemləri, üçüncü barmaqda mədə, dördüncü barmaqda menustrasiya və miqren ağrıları, beşinci barmaqda ürək ağrıları, əlin içərisində isə şəkər xəstəlikləri ilə əlaqədar nöqtələr yerləşir”.

Onun dediyinə görə, masaj vasitəsilə bir çox onurğa xəstəliklərini - skolioz, kifoz, osteoxondroz, baş ağrıları, miqren, bədən və əzələ ağrılarından xilas olmaq olar. Bunun üçün sadəcə həmin orqanlarla bağlı olan bədən nöqtələrinə təzyiq göstərmək kifayətdir.

Bədən nöqtələrinə təsir etməklə nəinki xəstəlikləri müalicə etmək, həmçinin arıqlamaq da mümkündür. Orta əl barmağında mədə ilə bağlı nöqtələrin olduğunu deyən mütəxəssis son illər həmin üsulla çəki atmaq üçün müraciətlərin çox olduğunu bildirdi. “Bədəndə iştaha kəsmə nöqtələri var. Qulaq ardında, qarında və ayaq altında nöqtələr var ki, həmin nöqtələrə təzyiq edilərək üç gün ərzində iştahanı kəsmək olur”, - deyə Natiqə Məmmədova vurğulayıb.

Qeyd edək ki, akupresura masajını hər kəs özü də edə bilər. Bunun üçün bədəndə olan nöqtələrin yerini bilmək və masaj etməyin qaydalarını öyrənmək kifayətdir.

banner

Oxşar Xəbərlər