• şənbə, 30 Noyabr, 08:53
  • Baku Bakı 8°C

Balkanlarda Türkiyə küləyi əsir

01.10.22 00:00 1237
Balkanlarda Türkiyə küləyi əsir

Türkiyə üçün Balkanlar və Şərqi Avropa son 10 ildə xarici siyasətin mühüm tərkib hissəsinə çevrilib. Rəsmi Ankaranın region ölkələri ilə sıx əlaqələri yaranıb. Bölgədə baş verən siyasi dəyişikliklərə baxmayaraq, Türkiyə əvəzedilməz bir aktor kimi müsbət imicini qoruyub saxlayır.

Balkanlar Türkiyənin xarici siyasətinin prioritetlərindən birinə çevrilməkdədir. Qardaş ölkə artıq bölgədə sabitləşdirici, vasitəçi və investisiya qoyan imici ilə seçilir. Bölgədə Qərbin, xüsusilə Avropanın müəyyən oyunlar oynamaq cəhdi açıq görünür. Türkiyə də bu məkrli oyunların reallaşmaması üçün əlindən gələni edir. Xarici işlər naziri Mövlud Çavuşoğlunun dediyi kimi, Türkiyə bölgənin ötən əsrin 90-cı illərinin qanlı günlərinə qayıtmasının qarşısını almaq üçün hər cür səy göstərir. Region dövlətləri ilə ikitərəfli əlaqələri inkişaf etdirmək istəyən Ankara qlobal və regional hadisələri, bunların bölgəyə, Balkanlara, Kosovoya və Türkiyəyə təsirlərini dəyərləndirməkdədir. Türkiyənin Şərqi Avropa və Balkanlarda mümkün siyasi və hərbi böhranların qarşısının alınmasında mühüm rol oynadığı danılmaz faktdır. Bölgədəki geosiyasi boşluqları ağıllı addımlarla dolduran prezident Ərdoğanın da bu planda mühüm rolu var. Ərdoğan Balkanlarda Bosniya-Hersoqovina, Albaniya və Makedoniyaya, Şərqi Avropada isə Polşa və Ukraynaya etdiyi səfərlərlə Türkiyəni Şərqi Avropa və Balkanların ən nüfuzlu oyunçusu edib.

Bölgənin gələcəyini oxuyan lider

Əvvəla ondan başlayaq ki, Bosniya və Herseqovinadakı serblərin təxribatları və Ukraynada ABŞ-Avropa (NATO) və Rusiya arasında gedən müharibə fonunda Ərdoğan gələcəyi çox yaxşı görərək Türkiyəni bu bölgədə baş verən kritik hadisələrə hazır edib. Əslində, Türkiyənin qərəzsiz siyasəti Ərdoğana Bosniya və Herseqovina ilə Serbiya, Ukrayna ilə Rusiya arasında vasitəçi olmaq imkanı verir. Bəs Balkanlarda və Şərqi Avropada, Ukraynada Türkiyə necə qlobal aktor oldu? Birinci, ona görə ki, Türkiyə üçün Balkanlar və Şərqi Avropa son 10 ildə xarici siyasətin mühüm hissəsinə çevrilib. Türkiyənin region ölkələri ilə sıx əlaqələri yaranıb. Baş verən siyasi dəyişikliklərə baxmayaraq, Türkiyə əvəzedilməz bir aktor kimi regionda müsbət imicini qoruyub saxlayır. Bunun da səbəbləri var.

Birincisi, Türkiyə heç bir siyasi məcburiyyət tətbiq etmir, bölgə ölkələrinin daxili və xarici siyasətləri çərçivəsində verdiyi qərarlara qarışmır. İkincisi, Türkiyə xarici siyasətin “regional sahiblik” və “inklüzivlik” prinsiplərinə uyğun olaraq, müsbət inkişafları yaxından izləyir və bölgənin öz problemlərini həll edə biləcəyi hər hansı təşəbbüsü dəstəkləyir. Üçüncüsü, Türkiyə başladığı layihələrlə hökmranlıq yaratmağa çalışmır. Bu, onu bir növ “yumşaq güc” alətinə çevirir. “Qazan-qazan” prinsipi çərçivəsində həm bölgəyə, həm də investorlara fayda gətirən işlərə stimul verir. Dördüncüsü, Türkiyə məsələlərə yalnız kimlik və din baxımından baxmır. Təbii ki, rəsmi Ankaranın bölgə müsəlmanları ilə daha çox maraqlandığını söyləmək olar, lakin regional məsələlərə diqqətlə və balanslı yanaşılır. Sonuncu, Türkiyənin bölgədə sülh və sabitliyi qoruması üçün dağıdıcı deyil, konstruktiv bir baxışı var. İllərdir Qərb mediasında qərəzli işıqlandırılsa da, Türkiyənin bölgədə gizli bir gündəmi yoxdur.

Balkanlar Türkiyə üçün niyə vacibdir?

Bundan əlavə, Balkanları Türkiyə üçün dörd əsas faktora görə vacib hesab etmək olar. Birincisi, tarixi bağlar, ikincisi, Türkiyədə yaşayan Balkan əsilli əhali, üçüncüsü, Balkanlardakı türk və müsəlman icmaları və, nəhayət, regionun geosiyasi yeri. Balkanlarda gərginliyin artmasından narahat olan Ankara bölgənin bütün dövlətləri ilə yaxşı münasibətləri olan, hər kəslə danışa bilən bir ölkə olaraq səylərini davam etdirməkdədir. Təsadüfi deyil ki, Türkiyə prezidenti Tayyib Ərdoğan ilin əvvəlindən ikinci dəfədir ki, region ölkələrinə səfər edir. Bölgənin narahatlıq yaradan dövlətlərindən hesab edilən Bosniya və Hersoqovinanın ərazi bütövlüyünün çətin və incə təməllər üzərində dayandığını əksəriyyət təsdiqləyir. Onun dayanıqlı olması Rusiyadan, Avropa İttifaqından və Türkiyədən asılıdır. Bu amillər Balkan geosiyasətinin əsasıdır. Bu xüsusda Türkiyə özünün Balkan regionundakı varlığını mobilizə edir, apardığı siyasətlə Serbiya, Xorvatiya, Bosniya və Hersoqovina ilə münasibətlərini yaxşılaşdırır. Ankara əməkdaşlıq layihələrini realizə edir (məsələn, Sarayevo-Belqrad avtomagistralı) ki, Balkanlar bir daha 1990-cı illərdəki kimi münaqişə vəziyyətinə düşməsin. Əbəs deyil ki, bu yaxınlarda Bosniya və Hersoqovinanın Prezident Şurasının üzvləri Türkiyəni bölgədə “sülhün və sabitliyin qarantı” kimi gördüklərini bəyan etdilər və Ərdoğanın vasitəçiliyinə olduqca müsbət yanaşdıqlarını vurğuladılar.

Ərdoğanın əsas prioritetlərindən biri

Ərdoğanın Balkanlara səfərində regionun üç dövləti ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi də əsas prioritetlərdən olub. Xüsusi qeyd etmək gərəkdir ki, Türkiyə son illərdə Balkanlarda iqtisadi varlığını da gücləndirib. Bosniya və Serbiyadakı bosniyalı müsəlman icmaları Ankara ilə sıx əlaqələr saxlayır və türk şirkətləri Balkan regionunda infrastruktur layihələrinə investisiyalar qoyur. Bosniya və Herseqovinada olarkən Ərdoğan bildirib ki, iki ölkənin Xarici işlər nazirliklərinə vizasız rejimin yaradılması ilə bağlı göstəriş verilib. O, həmçinin ticarət dövriyyəsinin 627 milyon dollara yüksəldiyini qeyd edib və əlavə edib ki, ölkələr bunu 1 milyard dollara çatdırmağı planlaşdırır. Belqradda isə Ərdoğan “Açıq Balkanlar” təşəbbüsünü dəstəkləyib. Xorvatiyaya səfəri zamanı biznes forumunda çıxış edən Türkiyə prezidenti ikitərəfli ticarətin həcminin ötən il bərpa olunduğunu və pandemiyadan əvvəlki səviyyələri keçərək 900 milyon dollara çatdığını qeyd edib. Ölkələr bu rəqəmi 5 milyard dollara çatdırmaq istəyirlər.

Ümumiləşmə aparsaq, Türkiyə Balkanlarda öz mövqelərini daha da gücləndirmək niyyətindədir. Ankaranın aktiv siyasəti həm də bölgə ölkələrini Türk Dövlətləri Təşkilatında (TDT) görmək istəyi ilə bağlıdır. Qurumda müşahidəçi üzv presedenti buna imkan verir. Türkiyə bu ölkələri də TDT çətiri altına toplamaqla Avropadan Mərkəzi Asiyaya qədərki coğrafiyada təsir gücünü artıra bilər. 

Azər NURİYEV

 

banner

Oxşar Xəbərlər