• bazar ertəsi, 09 dekabr, 20:31
  • Baku Bakı 7°C

Azərbaycanın humanizm şapalağı

02.09.23 06:00 2914
Azərbaycanın humanizm şapalağı

Bütün günahkarlar, Qarabağda Azərbaycana qarşı cinayət törətmiş şəxslər, müharibə cinayəti törədənlər gec-tez Azərbaycan qanunlarına görə cavab verməli olacaqlar. Bu, artıq gün kimi aydındır. Mövcud vəziyyət həm birinci Qarabağ müharibəsində, həm də 2020-ci il müharibəsində hərbi cinayətlərə imza atan şəxslərin yuxusuna haram qatıb.


"Laçın" sərhəd-keçid məntəqəsində Azərbaycandan Ermənistana gedən və 2021-ci ildə bayrağımızı təhqir edən 3 erməni futbolçu saxlanılıb. Ötən ay da, Xocalı soyqırımının iştirakçılarından olan Vaqif  Xaçatryanın saxlanılması Azərbaycanın bu məsələdə qətiyyətli olduğundan və heç kəsə güzəştə getməyəcəyindən xəbər verir.

Sözügedən erməni futbolçular 2021-ci ilin dekabr ayında Azərbaycan bayrağını tapdalamışdılar və görüntülər sosial şəbəkələrdə yayılmışdı. Həmin vaxt Azərbaycan Respublikasının dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər maddələri ilə cinayət işi açılmışdı və futbolçular beynəlxalq axtarışa verilmişdi. Görünür, günü top qovmaqla keçən və videonun sosial şəbəkədə yaydıqdan sonra özünü qəhrəman hiss edən ermənilər hansı səhvə yol verdiklərindən xəbərsiz olublar. Azərbaycanın qətiyyətli mövqeyi ilə gec-tez üzə-üzə qalacaqlarını düşünməyiblər.  Elə olmasaydı, barələrində beynəlxalq axtarış çıxarılan üç hay əlini-qolunu sallayaraq Həkəri körpüsünə qədər gəlməzdilər. 

Azərbaycan dünyaya mesaj verir

Baş Prokurorluğun məlumatına görə, istintaqa cəlb edilən şəxslər törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını və gələcəkdə bu kimi hərəkətlərə yol verməyəcəklərini bildiriblər. Qurum təqsirləndirilən şəxslərin yaşını, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmalarını nəzərə alıb və humanizm prinsipi tətbiq edərək onların barəsində cinayət təqibinə xitam verib. Bununla belə, saxlanılan şəxslər inzibati məsuliyyətə cəlb olunublar və 10 gün müddətinə həbs ediliblər. Həbs müddəti bitdikdən sonra isə həmin şəxslər ölkəni tərk edə biləcəklər. Bununla da Azərbaycan dövləti bütün dünyaya humanizm dərsi keçərək, 2 ilini həbsdə keçirməli olan erməni gəncləri sözün əsl mənasında əfv edib. Bu hərəkət beynəlxalq platformalarda həyasızcasına Azərbaycanı anti-humanizmdə ittiham edən dövlətlərə, yolunu azaraq Ermənistan tərəfə keçən və saxta ittihamlarla uzunmüddətli həbsə atılan Azərbaycan əsgərinə qarşı hədyanlıq nümayiş etdirən erməni hökumətinə tərs şapalaq idi. 

Separatçıların başqa qurtuluş yolu yoxdur

Həkəri körpüsündə erməni futbolçuların həbs edilməsi həm də bir mesaj kimi qəbul edilməlidir. Azərbaycan tərəfinin bu addımı vaxtilə haqqında cinayət işi açılmış şəxslərin heç bir halda ədalət məhkəməsindən qaça bilməyəcəyi deməkdir. Bütün günahkarlar, Qarabağda Azərbaycana qarşı cinayət törətmiş şəxslər, müharibə cinayəti törədənlər gec-tez Azərbaycan qanunlarına görə cavab verməli olacaqlar. Bu, artıq gün kimi aydındır. Mövcud vəziyyət həm birinci Qarabağ müharibəsində, həm də 2020-ci il müharibəsində hərbi cinayətlərə imza atan şəxslərin yuxusuna haram qatıb. Vaqif Xaçatryanın həbsindən sonra yuxusu ərşə çəkilən separatçılar futbolçuların həbsindən əməlli-başlı təşvişə düşüblər. Amma unudurlar ki, haraya üz tutsalar da, Azərbaycan ədalətindən qaça bilməyəcəklər. Qarabağdakı separatçılar isə "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedə bilməyəcəklərini hələ Vaqif Xaçatryanın həbsi zamanı dərk etmişdilər. Ən yaxşı halda, bu şəxslər Azərbaycan Ordusunun Xankəndiyə girəcəyi günü və onları həbs edəcəyi saatı gözləməlidirlər. Başqa qurtuluş yolu yoxdur. 

Arayik İrəvana qaçmaq istəyir 

Qarabağdakı erməni separatçıların lideri Arayik Arutyunyan barədə bir müddətdir “istefa” xəbərləri dolaşırdı. O, hər dəfə bu xəbəri təkzib etsə də, Həkəri körpüsündə üç erməni futbolçunun həbsindən sonra gecə saatlarında artıq “istefa” barədə danışmağa başlayıb. Avqustun 31-də o, artıq istefasını açıqlayıb. Görünür, futbolçuların həbsi Arayikin də kürkünə birə salıb. Separatçı lider məsuliyyətdən qurtulmaq üçün çıxış yolu kimi “istefa”nı seçib. Arutyunyan “istefa” verərək tələsik İrəvana, oradan da hansısa ölkəyə qaçmaq niyyətindədir. Amma unudur ki, Azərbaycan ədalətindən qaçmaq qeyri-mümkündür. Futbolçular kimi onun da etiraf və peşmançılıqla dolu açıqlamalarını dinləyəcəyimiz, sonra isə uzunmüddətli həbsə göndəriləcəyi gün artıq çox yaxındır.

Vardanyan da İrəvana qaçmağı planlaşdırır

Erməni separatçılarının “lider”lərindən sayılan Ruben Vardanyan da Qarabağdan çıxmaq üçün bəhanə və yollar axtarır. Son çarə kimi yenidən Rusiyaya sığınaraq, İrəvana keçmək, burada siyasətlə məşğul olmaq niyyətindədir. “Həyat üçün ölkə” partiyasının gizli qurucusu sayılan Vardanyan bunu heç vaxt etiraf etməsə də, İrəvanda keçiriləcək mer və ağsaqqallar şurası seçkilərində bu partiyanın namizədi Mane Tandilyanın dəstəklənməsi üçün müraciət edib. Elə xoruzun quyruğu da bu müraciətdə görünür. Artıq Qarabağda işinin qalmadığını, gec-tez həbs ediləcəyini anlayan Vardanyan dəryada saman çöpündən yapışıb. Bu çöp isə keçiriləcək seçkilərdə partiyanın qalib gəlməsi, Mane Tandilyanın nüfuzundan istifadə edərək, İrəvana köçmək, burada aktiv siyasi fəaliyyət göstərməkdən ibarətdir. Vardanyan bu məsələdə Rusiyadakı ağalarına güvənir. Amma onun Xankəndidən sonra köçəcəyi və fəaliyyət göstərəcəyi yeganə yer Bakı həbsxanası da ola bilər. 

F.Abasoğlu

 

 

banner

Oxşar Xəbərlər