• cümə axşamı, 28 mart, 19:25
  • Baku Bakı 13°C

Azərbaycanda ən bahalı samovarlar kimdədir? - REPORTAJ

07.05.22 02:30 2285
Azərbaycanda ən bahalı samovarlar kimdədir? - REPORTAJ

“Demək olar ki, hər il onun əşyaları gəlir, bərpa edirik. 20-22 ildir ki, bizimlə işləyir. Təzəpir məscidində iri samovar var ki, dəyəri yoxdur. O vaxt Hacı Zeynalabdin Tağıyev gətizdirib. Onu qoruyub saxlayıb. Hər adam o samovarı qoruyub saxlaya bilməz. O, bunun öhdəsindən gəlib”.

Tak, tak, tak... Uzaqdan zəhmətkeş əllərin endirdiyi zərbələrin səsi gəlir. Səsləri izləyərək hərəkət edirik. “Kubinka”nın  “Misgər və qalayçılar” məhəlləsinə çatırıq. Dar küçədə 4-5 qalayçı və misgərlər dükanları açıb müştəri gözləyirlər. Hər dükanda 1 usta var. Yaşları da az deyil. Kimi düşünür, kimi siqaretinin tüstüsündə “boğulur”, kimi də dəmiri döyür. Emalatxanalar, alətlər köhnədir. Nimdaş geyimli ustalar, zəhmətkeş, toza batmış əllər... Qalayın səsindən başqa heç bir hənirti yoxdur. Gözə müştəri də dəymir. Amma onlar sənətlərini yaşatmaq üçün müştəridən çox şagird gözləyirlər. Axı onların gəldiyi, öyrəndiyi mühitdə şagird əlindən yer olmurdu... 

Pul olsa idi...

Yadımdadır, qalayçılardan biri video ilə şagirdlərin cəlb edilməsi üçün çağırış etmişdi. Bir gənc isə həmin videonun altına belə bir rəy yazmışdı: “Bu işdə pul yoxdur. Pul olsa idi emalatxananız müasir, üst-başınız normal olardı, daxmada işləməzdiniz. Gənclərin başını aldatmayın”.

Bu cavabın sənətkara nə hisslər yaşatdığını şərh etmək üçün məncə, heç bir söz kifayət etmir... Bu, “can” verdiyi sənətin ölməsinə şahidlik etməkdir.

Bu səslərdən bilinirdi ki...

Qalayçı Mehman Eyvazov deyir ki, biz dəmirin səsləri ilə böyümüşük. Başqalarını narahat edən səslər bizim üçün musiqidir: “Lahıcda dəmirin səsindən bilinirdi ki, işləyən hansı ustadır. Bu səslər çox adamı narahat edir. “Səs başıma düşdü” deyənlər də az deyil. Amma biz misgərlər və qalayçıların ruhunu dincəldir, bizi şagird olduğumuz dövrə aparır. Bəlkə də elə sonuncu şagirdlər bizlər olduq”. 

Gəlinin cehizi olan mis qablar...

Sənəti atasından öyrənib. Atası 86 yaşına qədər qalayçılıqla məşğul olub və sənətinin sirlərini 3 oğluna da öyrədib. Mehman ortancıldır. 22 ildir ki, qalayçıdır. Bizi də şagird olduğu dövrə aparmasını xahiş edirik. Gülümsəyir və davam edir: “Əvvəllər emalatxanalarda boş dayanan usta görməzdiniz. Hamı “qaynayırdı”. Mis qablara tələbat çox idi. Təsəvvür edin, qızın bütün cehizlikləri mis qablardan olurdu. Kəfgirindən tutmuş qazanına qədər... Qazanlar da hər ölçüdə, 3-4 növ düzəldirdik. Dolma, aş üçün məclis qazanları misdən olurdu. O vaxt paltarları da mis ləyənlərdə yuyardılar. Bir qız üçün misdən 50 növə  qədər qablar hazırlayırdıq. Bunun sayəsində bütün sənətkarlar işləyib qazana bilirdilər. İran, Türkiyə, Çindən qablar gəldikdən sonra işimiz dayandı”.

Dad həmin dad deyil...

Usta deyir ki, müasir çayniklər, qazanlar orqanizmə ziyandır: “Onlar həm çəkidə yüngüldür, həm də qəşəngdirlər. Ona görə də camaat aldanır, alırlar. Amma mis qabların əvəzi yoxdur. Misdən olan çayniklər suyun tərkibindəki daşın 50 faizini özünə yığır. Amma indikilər belə deyil. Tez qaynayır, tez də soyuyur. Bütün daşlı su orqanizmə gedir. Eləcə də yemək qabları. Mis qabda yemək aram-aram bişir, müəyyən mikroblar var ki, ölür və yemək daha dadlı çıxır. Ancaq digər qazanlarda çayda olduğu kimi yemək tez bişir və dadı həmin dad olmur”.

Əvvəllər bu qədər xəstə olmazdı...

Usta insanların tez-tez xəstələnməsini də müasir qazanlara, çaydanlara bağlayır: “Mis qablarda yeməyin saxlanılması zəhərlənmə vermir. Yeməyi ilk gündəki kimi saxlayır. Ancaq alüminiumda yemək bişdiyi gün yeyilməlidir. İndiki qabların tərkibi pisdir. Ona görə insanlar tez-tez xəstələnir. Əvvəllər bu qədər xəstə olmazdı”.

“Tulladıqları qabları indi axtarırlar”

Sevindirici hal odur ki, insanlar yenidən mis qabların hazırlanması üçün sifariş verirlər. Bu sifarişlərin sayı artsa, sənət dirçələ bilər: “95-ci ildən sonra əhali  çətinliklərlə üzləşdi. Təmiz mis qabları metal əridilən yerlərə su qiymətinə verdilər. Son 5-6 ildə insanlar xaricə gedir, bizim mis qabları görür və sifariş edirlər. İndi başa düşürlər ki, mis qabda bişən yemək daha dadlı olur. İnsanlar əvvəllər tulladıqları qabları indi axtarırlar. Lakin qiymət o qiymət deyil. Əvvəllər 10 manata olan qab, indi 100 manatdır. Mis material baha olduğu üçün imkanlılar sifariş edir. Təzələrin hazırlanması 200-300 manata, köhnə qabları qalaylamaq isə 70-80 manata başa gəlir. Ona görə sıfırdan sifariş verənlər azdır”.

“Heç olmasa bayram aşlarını mis qazanda hazırlasın”

İnsanları qınamağına baxmayın, Mehman usta özü də mis qablarını satıb. Səbəb isə həyat yoldaşının həmin qablara lazımi dəyəri verməməsi olub: “Yoldaşım da, mən də bu qablarda yeyərək böyüyən uşaqlarıq. Son vaxtlar yoldaşıma fikir verirdim ki, mis qazanı gizlədib, işlətmir. Deyirəm, niyə işlətmirsən? Deyir ki, ağırdır. Çox pis oldum. Acığımdan mis qazanları yarı qiymətinə ona dəyər verənlərə satdım. İndi mis qazan istəyir. Deyirəm ki, artıq gecdir, bahadır. Evdə istifadə üçün birini saxlamışam. Demişəm, heç olmasa bayram aşlarını o qazanda hazırlasın. Mən yeməyin hansı qazanda bişdiyini dərhal bilirəm. Mis qazanda bişən yeməyin dadını heç nə əvəz edə bilməz”.

“Qızıma cehiz verəcəyəm”

Ustanın hazırda işlədiyi məhsulla maraqlanırıq. Məlum olur ki, qızı üçün cehizlik hazırlayır: “Qızım 9-da oxuyur, oğlum əsgərdir. Onlar üçün miras kimi bu qablardan hazırlayıram. Qızımın 7-8 yaşı olandan mis qazanları alıb saxlayıram. Mən o qabların dəyərini bilirəm. Ona görə də qızıma cehiz verəcəyəm. Qədrini bilsə də canı sağ olsun, bilməsə də”.

Emalatxanada samovarlar diqqətimizi çəkir. 1820, 1850, 1825-ci illərin samovarlarıdır. Qiymətləri 400 manatdan başlayır, 5000-ə qədər qalxır. 

Qiyməti olmayan samovar...

Söhbətimizdən məlum olur ki, ən yaxşı samovar Şeyx Allahşükür Paşazadəyə məxsusdur. O qədər dəyərlidir ki, o samovarın qiyməti yoxdur: “Demək olar ki, hər il onun əşyaları gəlir, bərpa edirik. 20-22 ildir ki, bizimlə işləyir. Məscidin qablarını da hər il təmir etdirir. Bu qablara ən çox dəyər verən, yaşadan insanlardandır. Təzəpir məscidində iri samovar var ki, dəyəri yoxdur. O vaxt Hacı Zeynalabdin Tağıyev gətirib. Onu qoruyub saxlayıb. Məsciddə elə samovar var ki, 50-100 min qiyməti var. Hər yay onları yollayır, təmir edirik. 140 litrlik samovar Təzəpir məscidindədir. Hər il Aşura vaxtları insanlara o samovardan çay verirlər. Digəri isə öz həyətindədir. Hər adam o samovarı qoruyub saxlaya bilməz. O, bunun öhdəsindən gəlib”.

Görün onun ləzzətini...

Yan emalatxanaya keçirik. Misgər Zahid Eyvazov şirniyyat üçün sifariş verilən qab düzəldir. Mehmanın qardaşıdır. Ümumiyyətlə, bu məhəllədə yad yoxdur. Bir nəfər varsa da, sənət doğmalaşdırıb. Axı onlardan başqası yoxdur...

Zahid ustanın evində qıyıb atmadığı mis qablar daha çoxdur: “Gündəlik işlətməyə də əlim gəlmir. Bayramdan bayrama işlədirəm. Xüsusilə Ramazan ayında iftar süfrələrini o qazanların yeməyi ilə açırıq. Mis qabda adi qayğanaq belə fərqlidir.  Yemək bişib 20 dəqiqə qabda qalsın, sonra yeyin. Görün onun ləzzətini... Az qalırsan qabı da yeyəsən”.

Müasir qablarla fərqini belə izah edir: “Digər qablara od dəyir və o qazan istiliyi kənara yaymır. Orta qızır və yandırmağa başlayır. Amma mis qazanda isti kənarlara yayılır. Ortasındakı temperatur kənarlarından azdır. Yemək hərtərəfli bişir”. Samovar çayının sirri isə “dağ” olunan sudadır: “Samovarın vəsiqəsində yazılıb ki, su ən azından 110 dərəcə istilikdə qaynamalıdır ki, dağ olsun.  Bunun çayı da yaxşı alınır. Evdəki çaydanlar suyu dağ etmir axı”.

“İnsanlar “hamısı mənim olsun prinsipi” ilə hərəkət edir”

Zahid usta sənətindən danışarkən kövrəlir. Deyir ki, çox az qalmışıq. Şagird də gəlmir ki, öyrədək: “O vaxt hamı ixtisaslaşmışdı. Bir nəfər cehiz alanda güyümü səndən, qazanı digərindən, qaşığı tam fərqli emalatxanadan alırdı. Hər kəs dolana bilirdi. İndi belə deyil. İnsanlar “hamısı mənim olsun prinsipi” ilə hərəkət edir. Tək sənətdə yox, hər şeydə...”

Usta ilə söhbətləşərkən gözümüzdə əvvəlki sənətkarların mühiti canlanır. İşləyən ustalar, cehiz alan valideynlər, həmin o məşhur tak, tak, tak səsləri... Təsirlisi odur ki, burada 15-20 ildir ki, eyni ustalar fəaliyyət göstərir. Bu sahədə yeni nəfəs yoxdur. Qocalırlar, lakin sənətlərini əmanət edəcək şagirdləri yoxdur. Bəlkə də Bakıda sənətlərinin son təmsilçiləridir. Onları da incidən elə budur. Bir sənətkarın ən böyük ağrısı sənətini yadigar qoyub gedə bilməməsidir. Amma ümidlidirlər. Bu peşəyə də bir gün tələbat olacağına inanırlar. Çünki düşünürlər ki, peşələr heç vaxt unudulmur və peşəsini yaxşı bilən insan daim halal çörəyini qazanır.

Aygün ƏZİZ
Fotolar: Tapdıq Abdullayev/ Global Media

 

banner

Oxşar Xəbərlər