• çərşənbə, 16 Oktyabr, 02:52
  • Baku Bakı 16°C

Əyləncə platformasında ədəbiyyat 

09.07.22 05:30 8077
Əyləncə platformasında ədəbiyyat 

“Ola bilər, insanlar desinlər ki, bütün platformalardan müraciət vacibdir. Mübahisə etmirəm, amma “TikTok”a girən adamın ədəbiyyat axtarmadığı, ədəbiyyat ardınca getmədiyi son dərəcə dəqiqdir. Hər cür, hətta anormal və absurd videoların yayıldığı yer ədəbiyyatın yeri deyil”.

Son illərdə internet, virtual dünya, sosial şəbəkələr həyatımıza elə daxil olub ki, bundan sonra onlardan qurtulmaq, inanmıram ki, mümkün ola. Bəlkə heç bu bizə lazım da deyil. İndi nəinki həyatımız, hətta bütün işlərimiz də az qala oradan idarə olunur. Və son zamanlarda sosial şəbəkələrdə “TikTok”un önə keçdiyini, “Facebook” və “İnstaqram”ı geridə qoyduğunu hamımız görürük. Bu baxımdan ədəbiyyatın da artıq müəyyən qədər “TikTok”a inteqrasiya  etdiyinin şahidi oluruq. Yeniyetmələr və gənclər bütün günü vaxtlarını internetdə keçirirlərsə, ədəbiyyatın da ora gəlməsi yaxşı olardı, yoxsa... Maraqlıdır, görəsən, minlərlə, bəlkə də, milyonlarla gəncin toplaşdığı “TikTok”da ədəbiyyatın yeri varmı? Bəzən kimlərinsə şeir dediyini, hekayəsi haqda qısa danışdığını da görürük. Bununla bağlı yazıçı Tural Cəfərov və qiraətçi Xəzər Süleymanlı fikirlərini bizimlə bölüşdü.

Köklü dəyişiklik oldu 

“Elə bir zamanlar vardı ki, eyni telekanala həm baba, həm ata, həm də nəvə baxırdı” deyir Tural bəy: “Məsələn, ata üçün futbol, baba üçün muğam, nəvə üçün cizgi filmi vardı, ana üçün hər hansı bir başqa veriliş. Bütün bu verilişlər bir kanalın üzərindən yayımlanırdı. Yəni bir kanalda hamıya çatacaq, hamıya yetəcək verilişlər, informasiyalar ötürülürdü. Amma sonra köklü dəyişiklik oldu. Xüsusən də, bu, Amerikada başladı. 90-cı illərdən bizdə də peyk antenaları, türk kanalları, eləcə də özəl rus kanalları yayımlanmağa başladı. Və beləliklə, hamının bir kanala baxmağı tarixə qovuşdu”.

“Tiktok” sosial platformaların kanalizasiyasıdır

 Tural Cəfərovun fikrincə, eynən həmin proses sosial mediada da baş verir: “İlk vaxtlar sosial medialar çıxanda, istər “Youtube”, istərsə də “Facebook” olsun, demək olar ki, hamı buradaydı.  Zaman keçdikcə digər sosial platformalar da əhəmiyyət qazanmağa başladı və insanlar ora axışdılar. Ədəbiyyat üçün də sosial media əhəmiyyətli rol oynayır. Amma bizdə “Tvitter” bir o qədər populyar deyil, “İnstaqram” və “TikTok” daha məşhurdur. “TikTok”u digər platformalardan ayıran əsas cəhət budur ki, Amerikanın deyil, Çinin sosial platformasıdır. Çin dünyada şəffaf bir ölkə kimi tanınmır. Yəni onun nə edəcəyi bilinmir. “Facebook" daha çox ictimai-siyasi müzakirənin getdiyi bir məkandır. “Youtube”da hər şey var və daha çox ümumi platformadır. “İnstaqram” daha çox qlamur həyat tərzi keçirən, siyasi proseslərlə çox da maraqlanmayan, orta gəlirli, orta təhsilli insanların toplaşdığı yerdir. “TikTok” isə,  əsasən, yeniyetmələrdir. Fellini deyirdi ki, televiziya incəsənətin bütün növlərinin kanalizasiyasıdır. Bu baxımdan “TikTok” da sosial platformaların kanalizasiyasıdır. Amma mən bununla “TikTok”un əhəmiyyətini aşağı salmaq istəmirəm. Bu şəbəkə sosial media kimi son dərəcə güclüdür. Özüm də gənclərlə daim ünsiyyətdəyəm, 19-20 yaşlı tələbələrə dərs deyirəm. Çoxunun orda olduğunu görürəm. İndi yenə də yeni nəslin gətirdiyini ondan əvvəlki nəsil bəyənmir”. 

 

Kimsə orda fəaliyyət göstərirsə...

Tural bəy əmindir ki, “TikTok” əsla və əsla ədəbiyyat məkanı ola bilməz: “Ola bilər, insanlar desinlər ki, bütün platformalardan müraciət vacibdir. Mübahisə etmirəm, amma “TikTok”a girən adamın ədəbiyyat axtarmadığı, ədəbiyyat dalınca getmədiyi son dərəcə dəqiqdir. Mənə elə gəlir ki, ədəbiyyat hər yerdə var, “TikTok”dan başqa. Hər cür, hətta anormal və absurd videoların (qeyd edim ki, mən onlara pis baxmıram) yayıldığı yer ədəbiyyatın yeri deyil. Amma kimsə orda fəaliyyət göstərirsə, mən onlara uğurlar arzu edirəm”. 

“İllərdir yaradıcılığı ilə şöhrət tapa bilməyənlər...” 

Qiraətçi Xəzər Süleymanlı isə hesab edir ki, bu gün bir çox sənət adamları kimi şair və yazarların da sosial şəbəkələrdəki aktivliyi normaldır: “Çünki hər şey vizual müstəviyə keçib. Mən bu prosesə bir neçə il öncə başlamışam. O zamanlar təkcə “Facebook” və “Youtube” üzərindən səsləndirdiyim şeirləri paylaşmaqla kifayət qədər ciddi diqqət görə bildim. Sonra “İnstaqram” və “TikTok” da əlverişli məkana çevrildi. Bu gün minlərlə insan sosial şəbəkədə şeir dinləyir, şeir paylaşır və şeir səsləndirir. Əslində, gözəldir. Amma bəzən gənc şairlər, yazarlar özlərinə aid olmayan tərzdə videolar hazırlayırlar. Bəziləri özünü vayner, bəziləri yumorist kimi aparır. Bunu qəbul edə bilmirəm. Bir tərəfdən də haqq qazandırıram. Çünki illərdir yaradıcılığı ilə şöhrət tapa bilməyən, lori dildə desək, “qabağa gedə bilməyən” həmin kəslər məşhur olmaq istəklərini bu yolla gerçəkləşdirə bilirlər. “Facebook”dakı deyingənliklərini “İnstaqram və “TikToka” daşımaqla uğur qazanacaqlarına inanırlar”.

Xəzər Süleymanlı deyir ki, yaradıcılığı sosial şəbəkələrdən başlayıb deyə, çox rahatdır: “İstənilən platformada özüməm. Eyni tərz və eyni istiqamət. Ona görə, insanlarda ikrah hissi yaradacağıma, onların zövqünə pis mənada təsir edəcəyimə inanmamışam. Əksinə, hər gün daha çox maraq və sevgi hiss edirəm. Bu mənada müasir dövrlə ayaqlaşmaq vacibdir. Yaxşıdır”.

Xanım Aydın

banner

Oxşar Xəbərlər