• şənbə, 21 Dekabr, 17:21
  • Baku Bakı 10°C

İki illik zəhmətin təəssüfü - ƏDƏBİ SÖHBƏT

30.12.21 10:15 6300
İki illik zəhmətin təəssüfü - ƏDƏBİ SÖHBƏT
Natiq Məmmədli: "Bu romanda posmodernist elementlər, məqamlar, realizmə ironiya, qloballaşmaya yeni münasibət, dünyanın modern düzəninə, XXI əsrdətərk-silah olunmuş ədəbiyyata fərqli baxış bucağı var”
Bu günlərdə yazıçı, tarixçi, Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin "Sev” adlı romanı nəşr olundu. Yazıçı ilə həmin roman barədə söhbət etdik:

"Bu əsərə bütün ədəbi gücümü qoymuşam”
– Romanda hadisələrin müxtəlif coğrafiyaları əhatə etməsi və süjetin fərqli vətəndaşların iştirakı ilə irəliləməsi metodu barədə nə deyərdiniz?
– Mən romanda XXI əsrin portretini, simasını əks etdirmək istəmişəm. Yaradıcılığıma güclü təsir göstərən Latın Amerikası ədəbiyyatında diqqətimi cəlb edən bir ədəbi metod var idi; bir mətndə unversium yaratmaq, dünyanı bir mətnə sığışdırmaq. Mən də romanımda unversium yaratmağa çalışmışam. Bu ədəbi metoddan istifadə edərkən, gördüm ki, bu metod yazıçının özünü ifadə etməsi üçün qütbləri kifayət qədər geniş olan, sərhədsiz bir məkandır. Eyni zamanda "Sev” romanıma daha geniş planda baxanda, dünyanın nə qədər kiçik olduğunu, hansı küçəsində gəzməsindən asılı olmayaraq insanın hər yerdə insan olduğunu göstərmişəm. Dünya bizim sığınacağımızdır, bu sığınacaqdan kənarda həyatımız yoxdur. İnsanların, hətta cəzaları da oxşardır: Məsələn, romanda sarı yağışlar yağır, o yağış insanların sevgisizliyinə, biganəliyinə qarşı dünyanın özünüifadəsidir, bir növ cəzasıdır.


– Yazıçının təqdim etdiyi dünya, bəzən oxucular tərəfindən real qarşılanır. Siz də "Sev” adlı romanınızda "Sarı Aşıq” dastanının yeni – dekonstruksiya edilmiş versiyasını yaratmısınız. Romanda bu alternativ dastana müraciət hansı ehtiyacdan yarandı?
– Romanın "Sarı Aşıq” dastanı hissəsini xüsusi sevgi ilə yazmışam. Mənə hələ də qaranlıqdır ki, sevgi romanı yazarkən Sarı Aşıq gəlib bu əsərə necə daxil oldu. Romanda belə bir yer var ki, bəlkə, kitab elə aşığın kitabıdır, sadəcə biz orda qonağıq. "Sarı Aşıq” ülvi bir məhəbbət dastanıdır və digər dastanların heç birinə bənzəmir. Sarı Aşığın məhəbbəti ilahi məhəbbətdir, bu baxımdan onun "Sev” romanında peyda olması təsadüfü deyil. Yeri gəlmişkən, bizim beşcildlik Azərbaycan dastanları kitabında "Aşıq və Yaxşı” dastanı yoxdur, o əsəri çox çətinliklə tapıb oxudum. Gördüm ki, bu dastan mənim beynimdəki Sarı Aşıq obrazına tam uyğun gəlmir, ona görə romanın içində belə bir alternativ dastan yazmaq, yaratmaq qərarına gəldim. Bu kitabda mən öz baqajımdan, ədəbi yatırımımdan tam istifadə etmişəm, bu əsərə bütün ədəbi gücümü qoymuşam. Bu romanda posmodernist elementlər, məqamlar, realizmə ironiya, qloballaşmaya yeni münasibət, dünyanın modern düzəninə, XXI əsrdə tərk-silah olunmuş ədəbiyyata fərqli baxış bucağı var.

"Tarix, fəaliyyətini dayandırmış faktdır”
– Tarixçi olsanız da, əsərin tarixi hissələrini publisistik dillə yox, bədii dillə əks etdirmisiniz. Məncə, bu bir tarixçi üçün o qədər də asan məsələ deyil...
– "Sev”dən əvvəl yazdığım "Körpüdə ümid” adlı romanımda Şərqlə Qərbin toqquşmasını tarixi bir fakt kimi götürərək bədii təhlil obyektinə çevirmişdim. Bu romandasa Şri-Lankanın, Yaxın Şərqin, Hindistanın tarixindən və sair məsələlərdən yazmışam. Amma mənim məqsədim hansısa ölkənin, ya da qitənin tarixini yazmaq deyildi. Çünki bu əsərdə­ Azərbaycanın da taleyi var. Əsərdə belə bir cümlə var – "böyük torpaqların kölgəsi düşən balaca torpaqlar”. Bu, bir taledir. Yəni mən, əslində, böyük torpaqların kölgəsi düşən balaca torpaqların taleyini ağ fillərin, armuda oxşayan balaca bir adanın timsalında qələmə almışam, həm də 20 ildən çox davam edən vətəndaş müharibəsi zamanı böyük torpaqların kölgəsində olan torpaqların aqibətini yazmışam. Yəni tarix mənə bədii material üzərində işləyərkən, bir fakt kimi maraqlıdır. Tarix, fəaliyyətini dayandırmış faktdır. Mən onu ədəbiyyatdan üstün, qüvvətli verə bilməzdim.

– Romanda üç ayrı-ayrı zaman - süjetlər vasitəsi ilə - eyni zaman kimi verilir. Sizcə, tarix uzun və təkrarlanan bir indiki zamandırmı?
– Mənim bu əsərdə müəllif kimi ideyam həm də ondan ibarətdir ki, hansısa proses bitib sona çatmayıbsa, davam edirsə, artıq orada zamanın rolu, önəmi yoxdur. Problemin əvvəli, ortası və sonu olmalıdır, əgər problem bitməyibsə, insanlar daim onunla yenidən qarşılaşırlar. O problem müxtəlif libaslarda, formalarda özünü göstərir, insanlarsa çox böyük həvəslə babalarının səhvlərini təkrarlayaraq yaşamağa davam edir. Tarix ona görə təkrarlanır ki, proseslər bitmir, sanki tarix bu xüsusiyyəti ilə – təkrarlanmağı ilə insanları prosesi bitirməyə çağırır. Romanın təhkiyəsi də tələb edir ki, əsərin hissələri indiki zamanda nəql olunsun. Çünki belə olanda əsərin dili yüyürək, çevik təsir bağışlayır. Mən əsərdə ləngərli, cansıxıcı dildən qaçmışam, çalışmışam elə yazım ki, oxucu növbəti səhifəni çevirməyə tələssin, bu baxımdan, inanıram ki, roman XXI əsrin romanıdır, ən yeni əsrin insanı üçün yazılmış əsərdir. XIX əsrdə yaşasaydım, bu əsəri iki, yaxud üç cilddə yazardım.

"Siyasətlə də sevərək məşğul olmalısan”
– Əsər üst qatda məhəbbət romanı təsiri bağışlasa da, daha dərin qatda qlobal məsələləri ehtiva edir. İki qütbə xitab etməyinizin hansısa xüsusi səbəbləri varmı?
– Romanın adının "Sev” olmasına baxıb, ona yalnız məhəbbət romanı kimi yanaşmağı oxucunun ixtiyarına buraxıram. Sevgi bu romanın piar hissəsidir. "Sev”də XXI əsrin insanının həyat ritminin xəritəsini əks etdirmişəm. Texnologiyanın inkişafı bizi dəyişib, mən bu romanı həm də dəyişən insanlar üçün yazmışam. Bu əsərdə ayrı-ayrı obrazların dilindən dünyamızın gələcəyi barədə narahatlığımı bildirmişəm, eyni zamanda dünyanın siyasi parçalanmasını dilə gətirən obrazlar vasitəsilə bütöv bir zamanın çətinliklərini qələmə almışam. Bu əsəri kimsə sevgi romanı, kimsə dastan, kimsə siyasi motivli elementlərlə zəngin əsər kimi oxuya bilər. Bu seçimlər oxucunun ixtiyarındadır. Ancaq oxucunun necə oxumasından asılı olmayaraq, mənim yazıçı kimi məqsədim oxucunu sevgiyə inandırmaqdır. Siyasətlə də sevərək məşğul olmalısan, həyatı da sevərək yaşamalısan.


– Sizin "Ləyaqət düsturu” adlı hekayələr kitabınızda müəllif mövqeyi daha üzdə, "Körpüdə ümid” romanınızda müəllif ideyası daha bariz idi, amma sonrakı hekayələrinizin cəm olunduğu "Bekketə salam”, "Qəhrəmanım sənsən” kitablarınızda bu xətt əvvəlki gücündə olmadı. "Sev” romanınızda isə müəllif, sanki daha görünməzdir, əsərin ideyasını anlamaq, demək olar ki, tamamilə oxucunun ixtiyarına verilib. Yaradıcı təkamül prosesində müəllif mövqeyinizin getdikcə daha dərin qatda bərqərar olması barədə fikirlərinizi bilmək istərdim...
– İndi "Ləyaqət düsturu”ndakı kimi hekayələr yazmaq mənim üçün cəlbedici deyil. Yəni maarifçiliyin təsiri ilə yaranmış tənqidi realizm daha məni o qədər də maraqlandırmır. "Sev” romanı ədəbiyyatda mənim gəlib çıxdığım yoldur. Bundan sonra da, çox güman bu ədəbi yolla davam edəcəyəm. "Sev” romanında hətta keçmiş üslubuma, ədəbi dünyagörüşümə ironiya var.

"Üzərində əlli ilin tozu olan ədəbi söhbətlər heç kəs üçün maraqlı deyil”
– Əsərin həcmi böyük olsa da, dili yüyürəkdir, hətta keçmiş zamanla bağlı süjet də axıcıdır. Gəlin bir qədər də romanın dilindən danışaq...
– Bu yaxınlarda Əkrəm Əylislinin, Nəriman Əbdülrəhmanlının müsahibələrini oxudum. Düşündüm ki, altmışıncı, səksəninci illərin sovet konyunkturası ədəbiyyatının intriqaları bizim üçün nə dərəcədə maraqlıdır? Belə düşünən adam böyük planda nə dərəcədə oxucu üçün maraqlı ola bilər? Estetik planda Azərbaycan ədəbiyyatında çevriliş olmalıdır. Estetik planda Azərbaycan ədəbiyyatı yeni mərhələyə addımlayıb keçməlidir. Mən bu addımların nəinki ləngliyini, heç nəzərə çarpdığını da görmürəm. İndi üzərində əlli ilin tozu olan ədəbi söhbətlər heç kəs üçün maraqlı deyil. Romanın dilinin bu cür yüyürək olmasını isə mən özüm istəmişəm. Düşünmüşəm ki, əsərin adını "Sev” qoyub oxucunu daha dərin qatlara da çəkmək olar. Amma bu o demək deyil ki, mənim romanım əl-əl gəzəcək. Ancaq istəsəydim, əsərimi daha ləngərli bir dildə yaza, mürəkkəb dil kombinasiyaları ilə oxucuya çatdıra bilərdim. Amma mən əsərin daxilində, mahiyyətində sadəlikdən mürəkkəbliyə yol aldım, ona görə də, romanın dili yüyürək, çevik alındı.


– Romanın əsas simvollarından biri olan sakura çiçəyi əsərdəki üç qəhrəmanın həyatından müxtəlif cür keçir. Sanki müəllif bununla oxucuya deyir ki, yalnız məhəbbət icazə verir, ətrafındakı gözəlliyi görə, onun qoxusunu duya və bir ömür xatırlayaraq yaşayasan. Həqiqətən də, belədir?
– Siz bu sualı verirsiniz, mən də düşünürəm ki, belə götürəndə, sakura hara, Sarı Aşıq hara? Şri-Lankanın Kandi şəhəri hara, Tayvan hara, Banqladeş hara, Bakı hara? Kiyevdə Maydan hərəkatı hara, Qolodomor hara? Bəs sakura nə gəzir bu əsərdə? İlk baxışdan bütün bunlar oxucuya xaotik gəlir. Oxucu düşünür ki, bunlar hansı səbəb-nəticə əlaqəsi ilə bir yerə cəmlənib? Romanda Almaniya, Amerikadan gəlmiş qəhrəmanlar var. Əslində, bu, xaos deyil, bütün bunlar bir gül buketinin gülləridir. Sakura Yaponiyada sakuradır, burda isə gilas ağacının çiçəyidir. Bəlkə də, Sarı Aşıq o gilas ağacının dibində nə qədər dastanlar deyib, bayatılar qoşub, kim bilir. Planetimizə kənardan baxanda onun necə yığcam göründüyünü anlayırsan. Hətta düşünürsən ki, onu ovcuna ala bilərsən. "Sev” əsəri dünyaya yuxarıdan baxışdır. Sakura sevgiyə qarşı olan ehtiyacı simvolizə edir. Dünyada, ölkəsindən asılı olmayaraq sevgiyə ehtiyac duymayan insan varmı? Yoxdur.

"İnsanların kökünü kəsmək bu əsrin devizi olmamalıdır”

– Müəllif romanda iki oxşar hadisəni əks etdirir və özü ilə Mariya əhvalatı da, prosesə üçüncü gücləndirici xətt kimi daxil olur. Hər üç aşiq eyni hadisəni – sıxıntını öz mental dəyərləri ilə yaşayır. Bu detal da romandakı "insan hər yerdə insandır” ideyasının davamıdır, yoxsa...?
– Əsərimdəki hər bir obraz bir fərqli ideyanın daşıyıcısıdır. Mariya öz yerini tapmaq istəyən, bu yolda yorulmadan çalışan psixoloqdur, adamdır, eyni zamanda o, öz yolunu axtaran Ukraynanın obrazıdır. Alber Kamyunun "Yad” romanının qəhrəmanı Merso haqqında ədəbi tənqidçilər deyirlər ki, o, sadəcə obraz deyil, ədəbi konstruksiyadır. "Sev” romanındakı obrazların da hər biri konstruksiyadır. Məsələn, Kruzlar ailəsi. Onlar Amerikanın üç nəsil keçdiyi yolu ifadə edirlər. Ata Kruz mühafizəkar kəsimin təmsilçisidir, oğul Kruz bankirdir, dünyanın mahiyyətini pulda görür, nəvə Kruz LGTB üzvüdür, ömrünün mənasını dəbdə görür və Amerikanın prezidenti olmaq istəyir. Yəni bir ailənin timsalında, uğrunda mübarizə gedən demokratiya ağacının bütün mənzərəsi görünür. Avropanın susqunluğunu Tomas və Meryo xalanın lallığında ifadə eləmişəm. Romanda sevgi uğrunda vuruşan çoxsaylı qəhrəmanların vüsala çatdığı məkan kimi isə odlar yurdu göstərilir. Bizim coğrafiyamız elədir ki, burada həmişə yollar kəsişib. Mən öz yurdumu romanda dünyaya belə təqdim eləmişəm.

– Romanda digər əsrləri tarix, XXI əsri isə obraz kimi canlandırmağınız hansı mənanı ifadə edir?
– XXI əsr bizim evimizdir. Biz bu əsrin övladıyıq, sakiniyik. Özümüzlə ötən əsrin stereotiplərini daşısaq da, nə feodal olmalıyıq, nə də avam. Biz bir-birimizi əzməməliyik, indi müharibələrin formatı, qidaların tərkibi dəyişib. İnsanların kökünü kəsmək bu əsrin devizi olmamalıdır. Yaşamağın da yolu ali dəyərdən – sevgidən keçir.
"İki-üç ağsaqqal yazıçımız var ki...”
– "Sev” romanının sloqanının "yalnız sevənlər anlar” seçilməsi çoxmənalı göndərmə deyilmi?
– Mənim romanıma bundan sonra opponentlik etmək istəyən olsa, onlara belə bir cavabım var: "Yalnız sevənlər anlar”. Yəni kim əsəri anlamayıbsa, deməli, heç sevməyib də (gülürük). Həqiqətən də, bu romanda sevgi xətti o qədər güclüdür ki, sevməyən, yaxud sevə bilməyən biri bu əsəri tam anlaya bilməz.

– Bir neçə il düşündüyünüz, bir neçə ilə yazdığınız bu romanı bitirəndən, kitab işıq üzü görəndən sonra hansı hissləri keçirdiniz?
– Hər kitab yazıçının növbəti təəssüfüdür. Bu roman da mənim iki illik zəhmətimin təəssüfüdür. Bu gün kitaba cəmiyyətdə, sosial şəbəkələrdə dəxlisiz bir status qədər reaksiya yoxdur. İki-üç ağsaqqal yazıçımız var ki, bu yaşda az qala bir-birinin ətini yeyirlər, iki-üç nəşriyyatımız var, ancaq kitab satmaq haqqında düşünürlər, kitaba əmtəə kimi yanaşırlar. İki-üç kitab mağazası var, onlarda da kitabları dekorativ əşya kimi satırlar. Bütün bunları düşünəndə o qənaətə gəlirəm ki, hər kitab müəllifin təəssüfüdür. Kitabların inzibati qaydada yayılmasının da əleyhinəyəm, sadəcə olaraq yazan adam oxucunun impulsunu, reaksiyasını görməlidir. Təəssüf ki, o impulsları, reaksiyaları cəmiyyətimizdə, demək olar ki, görmək mümkünsüzdür.
Söhbətləşdi: Fərid Hüseyn

banner

Oxşar Xəbərlər