• şənbə, 21 Dekabr, 16:59
  • Baku Bakı 10°C

"Bizim haqqımızı klassiklər yox, müasirlərimiz verməlidirlər" - MÜSAHİBƏ

25.09.21 10:30 7484
"Bizim haqqımızı klassiklər yox, müasirlərimiz verməlidirlər" - MÜSAHİBƏ
Ramiz Əskər: "Ömrümün çoxunun boşa keçdiyinə yüz faiz əminəm”
Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, filologiya elmlər doktoru, professor, əməkdar jurnalist, Şöhrət ordenli Ramiz Əskər dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin "Xəmsə”sini Azərbaycan dilinə tərcümə edib və görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında dörd kitab yazıb. Ramiz müəllimin tərcümə etdiyi 25.513 beytdən ibarət "Xəmsə” – "Heyrət ül-əbrar”, "Fərhad və Şirin”, "Leyli və Məcnun”, "Səbayi-səyyar” və "Səddi-İskəndəri” haqqında, eləcə də professorun müəllifi olduğu kitablar barədə söhbət elədik:
– Ramiz müəllim, fikir verdim ki, siz şairin adını "Nəvayi” kimi yazırsınız. Niyə?
– Bizdə daha çox "Nəvai” forması işlənir, ancaq bu, doğru deyil. Doğrusu, "Nəvayi” olmalıdır. Ərəb əlifbası ilə yazılanda orada "ye” hərfi, yəni "y” var. Xətai də, Nəvai də məhz "y” ilə yazılmalı və tələffüz edilməlidir. Sonra, "xəmsə” sözü dırnaqda, üstəlik də böyük hərflə yazıla bilməz. Bu, janrın adıdır. Trilogiya, epopeya kimi bir sözdür.


– Əlişir Nəvaini oxuculara necə təqdim edərdiniz?
– Qiyasəddin Mir Əlişir Nəvai türk dünyasının divan ədəbiyyatı sahəsində ən böyük şairi və mütəfəkkiridir. Otuz iki əsəri var. Beş dastanı, yəni xəmsəsi, beş divanı, təzkirələri, dil və ədəbiyyata dair əsərləri, dini-fəlsəfi-təsəvvüfi risalələri, tarixi və bioqrafik əsərləri var. Çağatay ədəbiyyatının ən qüdrətli şairidir. Bu il onun 580 illik yubileyidir.

- Əlişir Nəvaninin "Xəmsə”sini bütövlükdə Azərbaycan dilinə tərcümə etməyiniz hansı ehtiyacdan yarandı və əsərlərin dilimizə tərcüməsi nə qədər müddətə başa gəldi?
– Bildiyiniz kimi, mən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiriyəm. Əvvəllər BDU-da bu sahə ilə bağlı iki kafedra vardı: Türk xalqları ədəbiyyatı və Türkologiya. Sonra həmin kafedraları birləşdirdilər. Biz bu gün tələbələrə türk xalqları ədəbiyyatından dərs deyirik. Əlişir Nəvai bəhsinə gəlib çatanda məlum olur ki, şairin çox az əsəri dilimizə tərcümə olunub. Düzdür, 1947 və 1979-cu illərdə Nəvainin "Fərhad və Şirin” məsnəvisini və seçilmiş əsərlərini dilimizə çeviriblər. Buna tərcümə demək olmaz, sanki Nizami Gəncəvini farscadan dilimizə çeviriblər. Nəvai əsərlərinin nə qafiyəsini, nə rədifini, nə də vəznini saxlayıblar. Ona görə də, mən bu qərara gəldim ki, Nəvainin "Xəmsə”sini doğru-dürüst şəkildə tərcümə edim ki, tələbələr və türk xalqları ədəbiyyatı ilə maraqlananlar onları oxuya bilsinlər. Özbəklər Nəvainin ildönümünü hər il böyük təntənə ilə qeyd edirlər. İki il əvvəl Nəvainin adını daşıyan şəhərdə şairin 578-ci ildönümünü keçirəndə məni həmin şəhərin fəxri vətəndaşı seçdilər. Orada elm adamları, ictimai xadimlər dedilər ki, sən Babur adına beynəlxalq mükafat laureatısan, "Baburnamə”ni Azərbaycan dilinə tərcümə edibsən, Nəvainin də əsərlərini dilinizə qazandır. Onlara söz verdim ki, bir neçə adamla birgə "Xəmsə”ni tərcümə edərəm. Amma qonorar verilmir deyə, heç kimi bu məşəqqətli işə cəlb edə bilmədim. Ötən il tərcümə etdiyim mənzumələrdən bir nüsxə (siqnal nüsxəsi) çap etdirib Özbəkistana apardım. Özbəkistan Prezidentinin humanitar məsələlər üzrə müşaviri Xeyrəddin Sultanov o kitabları məndən alıb dövlət başçısı Şövkət Mirziyoyevə göstərdi. Daşkənddə məni Özbəkistan Yazıçılar İttifaqına üzv seçdilər və dedilər ki, mənim tərcüməmi Özbəkistanda da çap edəcəklər. Bu ilin noyabrında Özbəkistanda Əlişir Nəvainin 580 illik yubileyinin təntənəli bağlanış mərasimi olacaq. Məncə, bu kitabları çap edib oxuculara verəcəklər.


–Kitabların içərisində sponsorlar Əskər soyadlı insanlar – sizin ailə üzvləriniz, yaxınlarınız və qohumlarınızdır. Niyə aidiyyəti təşkilatlar belə bir unikal nəşrin çapına lazımı dəstəyi vermədilər?
– Tərcümələr hazır olandan sonra Azərbaycan Milli Elmlər Akademiyasına müraciət elədim. Məlum oldu ki, AMEA əməkdaşlarının kitabları qala-qala, Bakı Dövlət Universitetinin müəlliminin tərcümə elədiyi əsərləri çap etmək doğru çıxmaz. Ona görə də ailə üzvlərimi – övladlarımı və qardaşlarımı sponsor qismində bu işə cəlb etdim.

–Tərcümə zamanı dillərin fərqindən doğan hansı problemlərlə üzləşdiniz?
– Bizim dilimiz türk dillərinin oğuz qrupuna, özbək dili isə karluk qrupuna aiddir. Məsələn, biz deyirik: "Ramizi”, onlar deyirlər: "Ramizni”, biz deyirik: "Ramizin”, onlar deyirlər "Ramiznin”, biz deyirik: "Ramizə”, onlar deyirlər "Ramizgə”. Bütün bunlar tərcümə zamanı qafiyə quruluşunu, əruz qaydalarını pozur. Açıq və qapalı hecalar bir-birinə uyğun gəlmir. Bütün "a”lar özbəkcə "ə”, "o”lar "a” kimi oxunur. Özbək əlifbasında "o” var, "ö” yoxdur, "u” var, "ü” yoxdur, "i” var, "ı” yoxdur. Tərcümə zamanı bilmədiyin sözləri lüğətdə tapmaq zülmdür. Sovet dövründə türk xalqlarının əlifbaları arasında elə fərqlər yaradıblar ki, onlar bir-birlərinin sözlərini fərqli oxuyub, fərqli tələffüz etsinlər. Ə.Nəvainin əsərlərini anlamaq üçün Daşkənddə dörd cildlik lüğət tərtib edilib. Ona görə, mən tərcümə etdiyim hər kitabın sonunda 60-70 səhifə lüğət vermişəm ki, oxucular bilmədikləri sözləri tapa bilsinlər.


– Belə bir fikir var ki, "klassiklər heç kəsə borclu qalmır”, yəni onların yolunda çəkilən əziyyət gec-tez öz maddi və mənəvi bəhrəsini verir. Türk dünyasının bir çox klassiklərini dilimizə qazandıran bir alim və tərcüməçi kimi bu fikirlə razısınızmı?
– Yox, razı deyiləm. Klassiklərin bizə borcu yoxdur, bizim haqqımızı klassiklər yox, müasirlərimiz verməlidirlər. Çünki klassiklər heç kəsin qarşısında öhdəlik daşımırlar. Mən Mahmud Kaşğarlının "Divanü lüğat it-türk” əsərini dilimizə çevirdim. Ona görə kim mənə qonorar verdi? Heç kim. Amma özbək alimi, elmlər namizədi Salih Mütəllibov "Divanü lüğat it-türk”ü özbəkcəyə tərcümə etdi, ona müdafiəsiz elmlər doktoru adı verdilər. Dedilər ki, o əsərin hər cildinə yazdığın ön söz, son söz, qeyd və şərhlər kifayət edir ki, sən elmlər doktoru olasan, sonra da akademik seçdilər. Mənə isə Azərbaycanda dedilər ki, get doktorluq dissertasiyası yaz, sonra da müdafiə elə, "Divan”ı tərcümə edibsən, lap yaxşı. 2022-ci ildə 9 cilddə olan üç kitab tərcümə etmək fikrindəyəm: Fəzlullah Rəşiddədinin "Came ət-təvarix” əsərini, türkmənlərin üç cilddə "Goroğlu” dastanını və Şövkət Sürəyya Aydərmirin "Makedoniyadan Orta Asiyaya Ənvər Paşa” kitablarını. Qonorar almaq ehtimalım yoxdur, barı çapını edələr. O kitablar ölkəmizə çox gərəklidir. Ancaq onların gərəkli olduğunu çoxlarına izah etmək olmur.

- Amma bildiyimə görə, siz türk dünyasının bütün ədəbi mükafatlarını alıbsınız?
- Almışam. Məsələn, Türkiyənin "Türk kültürünə xidmət” və "Qızıl alma”, Özbəkistanın "Babur”, Türkmənistanın "Altın əsr”, Ukraynanın "Bəkir Çobanzadə”, Türk Akademiyasının "Vilhelm Tomsen” mükafatını, TÜRKSOY-un, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın və Tatarıstanın medallarını almışam. Bunun üçün soydaşlarımıza təşəkkür edirəm.


– Əlişir Nəvai yazdığı "Xəmsə”də Nizami Gəncəvi, Əbdürrəhman Cami, Xacə Himmət, Əmir Xosrov Dəhləvi və Əşrəf Marağaidən bəhrələndiyini "Mühakimət ül-lüğəteyn” əsərində aşkar yazır, ancaq o bəhrələnmələrin mahiyyətini xırdalamır. Sizcə, o yararlandığı ayrı-ayrı "Xəmsə”lərdən hansı məziyyətləri əxz edib?
– Nəvai hər əsərində hökmən Nizami Gəncəviyə, Əmir Xosrov Dəhləvi və Əbdürrəhman Camiyə fəsillər həsr edib. Onlara xitabən yazıb ki, mən həqiri də öz sıranızda görün, çünki mən də "Xəmsə” yazmaq yolunda can qoydum. Əmir Xosrov Dəhləvi bu əsəri on iki ilə, Nizami Gəncəvi otuz ilə, Cami ilə Nəvai isə iki il yarıma yazıblar. Nəvai bu əsəri yazmaq üçün vəzirlikdən istefa verib, sonra Sultan Hüseyn Baykara onu çağırıb ki, əsəri yazıb bitirdin, yenidən öz vəzifənə qayıt. Nəvai "Xəmsə”ni yazıb sultana təqdim edir. Sultan deyir ki, çoxdandır bizim aramızda bir mübahisə var, gəl onu həll edək. Sultan soruşur ki, mən mürşidəm, yoxsa sən? Nəvai söyləyir ki, siz mürşidsiniz, biz müridik. Sultan deyir ki, əgər elədirsə, gəl min ata. Nəvai bunun səbəbini soruşanda sultan deyir ki, sən bu işi ki görübsən, türkcə "Xəmsə” yazıbsan, mən sənin atının yüyənindən tutub sarayın həyətində gəzdirəcəyəm. Bütün saray əhli bu hərəkətə məəttəl qalır. Sultan deyir ki, sən o qədər böyük adam, o qədər böyük şairsən ki, mən sənə ehtiramımı hamının gözü qarşısında bildirməliyəm.

– "Xəmsə”lər arasındakı fərq məsələsinə qayıdaq...
– Nəvainin "Xəmsə”sinin süjetləri fərqlidir. Firdovsi "Şahnamə”də fars hökmdarlarını qabardırsa, Nəvai türk hökmdarlarını önə çıxarır. Yaxud Nəvai Fərhad obrazını Xosrovdan üstün tutur. Fərhad Nizaminin əsərində daşyonandır, Nəvainin məsnəvisində isə Çin fəğfurunun oğludur. Nizaminin "Yeddi gözəl”ində hər hekayəni bir gözəl danışır, Nəvainin "Səbayi-səyyar” əsərində isə hekayələri müxtəlif iqlim yollarından gələnlər söyləyir.Nəvai "Heyrət ül-əbrar”da 63 babda süjetlər verir, Nizami "Sirlər xəzinəsi”ndə 20 hekayət söyləyir. Nəvai hekayələrin birində nəql edir ki, oğru lağım atıb bir evə girir, ev sahibi isə namaz qılır. Oğru evdən xeyli əşya götürüb onları bir çuvala yığır, ancaq çuval lağıma sığmır. Ev sahibi namazını yarımçıq qoyub oğruya kömək edir. Oğru çıxıb gedir, yarım saat sonra ağlaya-ağlaya qayıdıb gəlir və ev sahibinin müridi olmaq istəyir.


– Nəvainin "Səbayi-səyyar” əsəri "Xəmsə”nin eyni mövzulu əsərləri sırasında ən çox fərqlənir. İstərdim bu barədə danışasınız...
– Çünki əsərin qəhrəmanı Bəhram şah qəhrəmanlıq surətinə çox uyğundur. Buna görə də, onun obrazını müxtəlif süjetlərə şaxələndirmək mümkündür. Nizaminin əsərindəki Fitnə surətinin alternativi Nəvainin Dilaram obrazıdır. Ancaq onların hekayətləri arasında da fərqlər çoxdur. "Xəmsə” yazmaq ənənəsi süjetlərə görə yox, "Xəmsə”nin ehtiva etdiyi mənaya görədir. Yəni əsərlərin adları, süjetləri fərqli olsa da, ehtiva etdikləri mənalar, demək olar eynidir. Hər "Xəmsə” müəllifinin öz etik-estetik və sənət kredosu var və hər kəs əsas fikrə, məqsədə, qayəyə müxtəlif yollarla gəlir.

– Sizcə, Ə.Nəvainin "Səddi-İskəndəri”ndəki 89 hissədən bəzilərinin İskəndərə aid olmamağı ilə əsər nə itirir, nə qazanır?
– Nəvainin digər dörd əsərdə demək istədiyi bəzi fikirlər vardı ki, onları "Səddi-İsgəndəri” məsnəvisinə daxil edib. Yaxud onu narahat edən bəzi problemlər, ideyalar vardı ki, onları ayrıca risalə kimi yazmaq əvəzinə bu əsərində ifadə edib. Ona görə də, bu məsnəvidə kənar süjetlər çoxdur. Amma deməzdim ki, əsər bu məsələyə görə nə isə itirir.

– Ramiz müəllim, tərcüməçisi olduğunuz, yaxud qələmə aldığınız 81 kitabınız var. Bu qədər əmək, zəhmət ötən illər içərisində sizi yormayıb ki?
– Yorğunam. Çox yorğunam. Məşhur mahnıda deyildiyi kimi:
İllər yorğun, mən yorğun,
Boşa keçmiş sənələr,
Məndə hicran yarası,
Məndə bitməz çilələr.
İllər çox sürətlə keçir. Bir də baxırsan ki, illər ötür və sən bu illər ərzində arzuladığın qədər iş görə bilməyibsən. Mahmud Kaşğarlı deyir ki, ömrə heyf deyil, ömür onsuz da necə olsa keçəcək, – nərd oynasan da, kitab oxusan da, əsas əməyə heyfdir. Çünki əmək verdiyin işlərin, bəzən boşa getdiyini düşünürsən. Bu mənada, mən ömrümün çoxunun boşa keçdiyinə yüz faiz əminəm. Məsələn, ötən illərə baxanda özümdən soruşuram ki, nə üçün "Azərbaycanın səsi” radiosunda işləmişəm, niyə səkkiz il "Odlar yurdu” qəzetinin baş redaktoru olmuşam? Axı bütün bu işləri məndən yaxşı görən adamlar tapılardı. Mən Moskva Dövlət Universitetini bitirib Elmlər Akademiyasında işləməli idim, bu halda daha çox kitab yazar, elmi adımı daha tez ala bilərdim. Bəlkə də, indi akademik idim. Amma bir iş də var ki, mənə sovet konyunkturasına uyğun qeyri-milli, mənasız mövzular verə bilərdilər. Məsələn, deyərdilər ki, namizədlik işi kimi filan əsərdə filan inqilabçının surətini yaz. Sonra da Azərbaycan sovet romanında bolşevik surətini doktorluq işi kimi işlə. Nəticədə mənasız mövzularda elmi iş müdafiə edərdim və dövr dəyişəndən sonra zəhmətim boşa gedərdi. Yəni məsələnin bu tərəfini də düşünürəm. Onda şükür edirəm...
Söhbətləşdi: Fərid Hüseyn
Fotolar: Tapdıq Abdullayev/Qlobal Media Group
banner

Oxşar Xəbərlər