• çərşənbə axşamı, 05 noyabr, 11:05
  • Baku Bakı 11°C

Əsl həkimlik də yaradıcılıq kimidir - ƏDƏBİYYAT

23.07.22 05:00 9464
Əsl həkimlik də yaradıcılıq kimidir - ƏDƏBİYYAT

Tofiq Nurəli: “Sözün bu yerdə çox aciz olduğunu hiss edən, o dünyanı görüb-gələn pasiyentlər həkimin üzündən yox, məhz əlindən öpməklə duyğularını çatdırmaq istəyirlər. Çünki dünyada insan həyatından qiymətli heç nə yoxdur və olmayacaq”

“Kaspi” qəzeti “Şəfalı söz” adlı yeni ədəbi layihəyə start verir. Layihəmizdə tanınmış həkim yazarlarla müsahibələri təqdim edəcəyik. Budəfəki qonağımız tanınmış endokrinoloq, sevilən şair Tofiq Nurəlidir. O, 1953-cü ildə Quba rayonunun Yerfi kəndində anadan olub. 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışıb. İlk kütləvi səhiyyə qəzetini “Şəfqət” – indiki “Tibb qəzeti”ni yaradıb və 1991-1995-ci illərdə həmin qəzetin baş redaktoru işləyib. Tofiq müəllimin “Yarpaqlarım ağrıyır”, “Darıxan misralar” və sair şeirlər kitabları ədəbi mühit və oxucular tərəfindən rəğbətlə qarşılanıb. 

– İxtisasca həkim olmağınız poetik yaradıcılığınıza mənfi və müsbət mənada hansı təsirləri göstərib?
– Müsbət təsir odur ki, qeyri-filoloji təhsillilər, əksərən daha çox informasiyalı olur, düşüncələri, həyata baxışları, təcrübələri xeyli fərqlənir. Mənfi tərəfi isə odur ki, məşğul olduğun peşə və yaradıcılıq bir-birinə ciddi şəkildə mane olur. Bu təsiri aşmaq çox böyük enerji bahasına başa gəlir. Bu mənada Anton Çexov və Xalid Hüseyni ən doğru seçimi ediblər, yəni həkimlik sənətini atıblar. Qəti əminliklə bildirirəm ki, onlar həkim kimi zəif olublar. Əsl həkimlik də yaradıcılıq kimidir,  istəsən də ata bilmirsən. 


– Hansısa pasientlərinizin həyatından ilhamlandığınız, təsirləndiyiniz və sonra duyğularınızı sözə çevirdiyiniz olubmu?
– Konkret ünvanlı olmasa da, yəqin ki, olub. 


– Həkimlik fəaliyyətiniz dönəmində hansısa məqamlarda yaradıcı insan həssaslığınızın həkim soyuqqanlılığına üstün gəldiyi anlar olubmu? 
– Həkimlikdə bu, mümkünsüzdür, çünki xəstəyə əlavə ziyan vura bilərsən. Bir də ki, həkim xəstənin yanında istər-istəməz anındaca səfərbər olur.


– Həkimlik fəaliyyətinizlə bağlı hansısa şeirləriniz varmı? Öz həyat tərzinizi, peşənizi haçansa poetik şəkildə ifadə edibsiniz?
– Tələbəliyin sonlarında “Onkologiya xəstəxanasından fraqmentlər” silsiləsi yazmışam. Sonralar da olub, daha çox isə ayrı-ayrı şeirlərdə peşədən gələn duyumlar, deyimlər olub. “Bir həkimin keçdiyi yol” adlı nəsr əsərim var. Özümün həkimlik yolumu və qismən də bu iki sənətin qovuşduğu, kəsişdiyi məqamları yazmışam. “Mini-roman” da demək olar. Bax, bu söhbətimizdə qoyulan bütün sualların cavabları həmin əsərdə var. Tibb işçiləri gününə aid “Doktor” adlı bir şeirim də var:

Nə qədər yenilmisən
bulud örtən ay kimi?
Qapılmısan özünə
kədərli lay-lay kimi?
Gözlərinlə dinmisən
sözün qurtaran zaman.

İndi necəsən, doktor?
Çox idimi səhvlərin?
Nahaq gedən oldumu?
Öz-özünə əvflərin,
Dünya səni yordumu?!.

İndi necəsən, doktor?
Kiminlə bölüşmüsən
Çəkdiyin əzabları?
Bu əzab bölünürmü?
Vicdan tərəziləri
Heç gözə görünürmü?!.
Çoxmu minmək istədin
ünvansız bir qatara?
Baş götürüb gedəsən
sonsuz sonsuzluqlara...

İndi necəsən, doktor?
Sən nə qədər tənəyə,
ağrıya tuş gəlmisən.
Sən bu böyük sənətə
bir eşq kimi gəlmisən...
Tanrım səni əliylə
gör qaldırıbdır hara!
Günəş sənin dalınca
girir palatalara!
Səninlə ümid gəlir,
səninlə həyat gəlir,
səninlə bir ad gəlir - doktor!
Səni tay eyləmirəm
mən heç nəylə, heç kimlə.
Əməlinlə, eşqinlə
əl-ələ tutub qoşa
yaşa doktorum, yaşa!


– Dünyada həkim olan yazarlar çox olub. Onların yaradıcılıq nümunələri sizə bir köynək daha yaxındır, yoxsa onların mətnlərini digər yazarların əsərləri ilə bir tutursunuz?
– Əsərlərdə həkimliklə bağlı peşədən gələn məqamlar olanda doğmalıq hiss edirsən, qalan hallarda isə digər yazarların əsərləri ilə eyni təsiri bağışlayır. Ümumən, müəllifin başqa ixtisas yiyəsi olduğunu tez duyuram. Əsərlərini oxuduğum həkim-yazarlar içərisindən isə yalnız Abbas Səhhəti özümə daha doğma sayıram. Onun haqqında oxuduqlarım, əsərləri məndə belə bir təəssürat yaradıb ki, biz biri-birimizə çox oxşayırıq.                                  

                                   
– Başqasına şəfa verməyin, sağaltmağın fəlsəfi, yaxud rəmzi mənasını yaradıcı insan kimi necə mənalandırırsınız?
– Şəfa verməyin fəlsəfi, yaxud rəmzi mənasını ancaq duymaq, hiss etmək, anlamaq olar, burada söz xeyli aşağı mərtəbədə dayanır. Sözün bu yerdə çox aciz olduğunu hiss edən, o dünyanı görüb-gələn, bir sıra pasiyentlər həkimin üzündən yox, məhz əlindən öpməklə duyğularını çatdırmaq istəyirlər. Çünki dünyada insan həyatından qiymətli heç nə yoxdur və olmayacaq.  Hər insan bir dəfə yaşayır. Bu sərt həqiqəti bütün varlığınla dərindən duyanda isə danışmırsan, susursan... Təsadüf deyil ki, hələ qədim yunanlar insanları “fanilər” adlandırırdılar, yəni, “puç olub gedənlər”. Həkim üçün ən ağır hal bilirsiniz nədir? Gözü görə-görə xəstənin qarşısında çarəsiz duruma düşmək, illah da ki, bu xəstə lap yaxın adam ola. Başıma gəlib, yəqin ki, başqa həmkarlarımın da. Yəni həkim də müəyyən yerə qədər gedə bilir, ondan o yana həkimlik yol bitir. 

Söhbətləşdi: Fərid Hüseyn

 

banner

Oxşar Xəbərlər