• bazar ertəsi, 07 oktyabr, 17:58
  • Baku Bakı 23°C

Mir Cəlalın əsərləri dünənimizdən bu günümüzə ədəbi-bədii körpüdür

26.09.20 12:15 2512
Mir Cəlalın əsərləri dünənimizdən bu günümüzə ədəbi-bədii körpüdür
Sentyabrın 28-də görkəmli yazıçı, pedaqoq və alim Mir Cəlal Paşayevin vəfatının 42-ci ildönümü tamam olur. Qırx iki il bəzən bir insan ömrünə bərabər sayılır. Lakin Mir Cəlalın ədəbi və elmi irsi zaman çərçivəsini aşır. Böyük ədibi şəxsən tanıyanlar bu gün onun sadəliyi, xeyirxahlığı barədə ağızdolusu danışır, tədqiqatçılar bu görkəmli alimin irsinə dönə-dönə müraciət edir, ildən-ilə genişlənən oxucu auditoriyası isə yazıçının ədəbi dünyasının sehrinə düşür. Çünki onun əsərləri bu gün də həyatda, cəmiyyətdə, insanlar arasındakı münasibətlərdə bir çox məsələlərin mahiyyətinə bir işıq saçır. Hələ gənc yaşlarımdan tanış olduğum bu əsərlərə hər dəfə müraciət edəndə ondan yeni nəsə öyrənirəm.
Mir Cəlalın ədəbi irsi barədə bu fikirləri filologiya elmləri doktoru, Sankt-Peterburqda Pyotr Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü, Azərbaycanın Əməkdar müəllimi Qafar HüseynovAZƏRTAC-a müsahibəsində deyib. O, həmçinin qeyd edib ki, əlbəttə, yaş ötdükcə insan xəyalən uşaqlıq dövrünə, gənclik illərinə qayıdır, xatirələrə dalır. Yadımdadır, 1975-ci ildə ilk dəfə Azərbaycana gələndə Naxçıvana, qohumlarımıza qonaq getmişdik. O zaman 7-8-ci sinifdə oxuyan xalaqızılarımın dərs əsnasında bir mübahisəsinin şahidi oldum. Azərbaycanda yaşamadığım üçün onların söylədiklərindən yalnız "İtə ataram, yada satmaram” sözlərini tuta bildim, lakin mənasını anlamadım. Bunu görən anam və qohumlarımız mənə həmin ifadənin mənasını izah etdilər. Doğma Vətənə qayıdandan sonra Azərbaycan ədəbiyyatında ilk dəfə oxuduğum kitablardan biri Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” romanı oldu. O vaxta qədər isə Mopassanın, Çexovun, Kortasarın və digər yazıçı və şairlərin əsərlərini oxuyub çox bəyənmişdim. Elə bu əsərdən anladım ki, Mir Cəlal da mənim yazıçımdır.
Mir Cəlal Paşayevin satirik-yumoristik əsərləri və romanları müasir Azərbaycan ədəbiyyatına sanballı töhfədir. Ən başlıcası isə onun əsərləri yaşadığı dövrdən günümüzə ədəbi-bədii körpüdür. Yazıçı cəmiyyətin həyatını, dəyərlərini, qəhrəmanların düşüncə tərzini və davranışını o dərəcədə incəliklə verib ki, oxucu özünü həmin dövrdə hiss edir. Əlbəttə ki, ayrı-ayrı qəhrəmanların davranışı və məntiqi ilə razılaşmamaq olar, onların bu və ya digər hərəkətləri bizi sevindirə və ya əsəbləşdirə bilər. Lakin zaman fərqi getdikcə aradan qalxır və biz onları anlamağa başlayırıq. Yəni Mir Cəlalın qəhrəmanları ozamankı şəraitə "düşmüş” müasirlərimizdir. Respublikamızda 80-ci illərin sonunda və 90-cı illərdə cərəyan edən hadisələr "Bir gəncin manifesti” əsərində Sona xalanın "İtə ataram, yada satmaram” fikrinin aktuallığını bir daha göstərdi: əsrlərdən bəri xalqına məxsus olanı ən çətin vəziyyətdə belə zəiflik göstərib satmaq olmaz.
Bu gün az-az görüşdüyüm qohumlarımızla 45 il əvvəlki söhbəti xatırlayırıq və görürük ki, əsər haqqında, Baharın taleyi haqqında fikirlərimiz dəyişməyib. Polemikanın indi də davam etməsi bu mövzunun müasirliyini bir daha təsdiqləyir.
- Mir Cəlalın əsərləri qlobal dünyada nə dərəcədə aktualdır?
- Yaşadığımız dünyada, problemlər, təəssüf ki, çözülmür, əksinə, dərinləşir. Məsələn, müharibələr, silahlı münaqişələr insanların həyatında sağalmaz yara, dərin iz qoyur - Mir Cəlalın "Yetim” lirik miniatüründə olduğu kimi. Uşağın müvəqqəti himayə üçün verildiyi ailənin qayğısı da onu ovundura bilmir. Altı yaşlı oğlana hər şeyin arxada qaldığını söyləyəndə və yemək təklif ediləndə isə o, əvvəlcə ağlamaq üçün icazə istəyir. Bu əsər mənim üçün bir daş abidədir. Bu, miniatür yox, roman, bəlkə də ondan artıq təsir bağışlayır. Yazıçı əsərdə müharibə, təxliyə, yetimlik, rəhmdillik problemlərini qoyur. İnsanlara müharibənin, düşmənçiliyin, yoxsulluğun, qəddarlığın qarşısını almağın vacibliyini aşılayır. Oğlanın ağlaması sadəcə göz yaşları deyil, bəşəriyyətin, insanlığın fəryadıdır, müharibəni dayandırmaq, gələcək nəslin tərbiyəsinə diqqət etmək üçün bir çağırışdır. Bu məqamda Çingiz Aytmatovun "Ağ gəmi” povestindəki oğlan yada düşür. O, insanların Ana Maralı parçaladığını görəndə daim arzuladığı balıq kimi sularda yaşamağın daha gözəl olduğunu düşünür və xəyalındakı dünyaya getmək üçün İssıkgölün sularında qərq olur.Mir Cəlal, həmçinin diqqətə çatdırır ki, ehtiyac, yoxsulluq uşaqları vaxtından əvvəl "böyüdür” - "Badam ağacları”nda olduğu kimi. Altı yaşlı Ədalətin timsalında oxucu nəinki qızın, gələcək həyatını badam ağacları olmadan təsvir edə bilməyən atanın çəkdiyi iztirabı görür. Cəfər Cabbarlının "Dilarə” hekayəsi də acı sonluqla bitir. Müharibələrin, yoxsulluğun tüğyan etdiyi ölkələrdə, qaçqın həyatı sürən insanların taleyində belə acı sonluq indi də müşahidə olunur.
- Siz uşaqlıq illərindən danışdınız. Mir Cəlalın qəhrəmanları arasında uşaqlar da çoxdur...
- Böyük yazıçı uşaqların davranışını, düşüncə tərzini əks etdirən, ilk baxışda sadə görünən, lakin həlledici anda insanı qətiyyətli addım atmağa sövq edən qısa dialoqlarla, replikalarla müxtəlif problemlərə münasibət bildirir. Hətta bəzən oxucuya göstərir ki, uşaqlardan nəyisə öyrənmək mümkündür. Məsələn, "İki hakim” hekayəsində yazıçının qələmi ilə balaca Tofiq ailə problemini sadə şəkildə həll edir və ailəni dağılmağa qoymur. Bu da özlüyündə bir mənəviyyat dərsidir. Yaxud "Qocaların uşaq söhbəti” hekayəsində iki babanın nəvələri İşığa qayğı göstərmək rəqabətinə balaca qız bağçaya getmək istəyilə son qoyur. Hekayəni ilk dəfə oxuyandan sonra burada təsvir olunanlar mənə çox tanış gəldi: ya bunu başqa bir yerdə oxumuşam, ya da kimdənsə eşitmişəm. Əslində isə heç biri olmayıb. Bu, babalarımıza xas keyfiyyətdir, onların nəvə sevgisidir. Belə hekayəni oxuyandan sonra insan necə də uşaqlıq dövrünə, məktəb illərinə qayıtmaq istəyir.
- Yazıçı, pedaqoq Mir Cəlalın hekayələrində müəllim obrazı barədə nə deyərdiniz?
- Mir Cəlal üçün müəllim müqəddəs peşə sahibidir. O, qəhrəmanını – müəllimi müxtəlif şəraitdə təsvir edərək bu peşənin sahibi üçün ən gözəl dəyərləri ümumiləşdirib. Onun əsərlərini oxuyanda insan müəllim olmaq istəyir. Təəssüf ki, bu gün Azərbaycanda müəllim əməyinə bədii ədəbiyyatda Mir Cəlal yaradıcılığında olduğu qədər yüksək dəyər verən əsərlər azdır. Digər tərəfdən, müəllim adı bəzən arzuolunmaz hadisələrdə çəkiləndə insanın ürəyi ağrıyır. Yaxud gənclər ucqar kənd məktəblərinə işləməyə həvəssiz gedir. Halbuki ucqar yerlərdə müəllimin şəxsiyyəti, peşəkarlığı və istedadı ona bütöv yaradıcılıq laboratoriyası yaratmağa imkan verir - "Ləyaqət” hekayəsində olduğu kimi."Nazik mətləb” hekayəsinin qəhrəmanı isə həvəslə, yorulmadan dərs deyən, nəinki şagirdlərində, onların valideynlərində də xoş təəssürat doğurmağa çalışan, peşəsini qəlbən sevən bir müəllimdir. İyirmi yaşlı bu müəllimin on altı yaşlı şagirdi Zivərə münasibəti də xoşniyyətlidir. Müxtəlif düşüncəli insanların yaşadığı kənddə nə şagirdi üçün problem yaranmasına, nə də müəllim adına xoşagəlməz söz deyilməməsi üçün oranı tərk edir.Onu da qeyd deyim ki, Mir Cəlal təmiz əxlaq, tərbiyə, doğruluq kimi keyfiyyətləri cəmiyyətə təkcə müəllim obrazı vasitəsilə çatdırmayıb. Məsələn, "Yalan yeriməz” hekayəsində Bəşirin faciəli durumuna səbəb olan onun valideynidir. Yəni ona yalan danışmaq evdə anasından keçir və bu, Bəşirdə adət halını alır. Müəllif demək istəyir ki, ananın övladına verdiyi tərbiyədən çox şey asılıdır. Düz danışmaq azad, qorxusuz yaşamaq deməkdir. Bu hekayəni A.Nekrasovun "Xoşəxlaq insan” əsəri ilə də müqayisə etmək olar. Eləcə də Mir Cəlalın "Plovdan sonra” hekayəsində yanlış tərbiyənin doğurduğu fəsadlar öz əksini tapıb.
- Sizin "Mir Cəlalın vedutaları” adlı kitabınız Moskvanın oxucu auditoriyasına təqdim edilib...
- Əslində mən bu barədə yazmağı çoxdan fikirləşirdim. Çünki Mir Cəlalın əsərləri həm bəşəri, həm də milli dəyərləri ehtiva edir. Onun hekayələrində və romanlarında insana, həyata sevgi duyulur. "Leyla” hekayəsi oxucuya sevmək, sevdiyinə sadiq qalmaq, həqiqəti öyrənmək bacarığını aşılayır. Əsl insan müharibə də insan olaraq qalır. Sevgi isə daha da möhkəmlənir. Bu hekayə mənə Konstantin Simonovun "Gözlə məni” şeirini xatırladır. Hər iki müəllif qadının mətanətini, əzmini tərənnüm edib.Bəzən isə həyatın keşməkeşli yollarında zəiflik göstərən insanlar sonda vicdanı ilə üz-üzə qalır - "Vicdan mühakiməsi” hekayəsində olduğu kimi. Körpənin gənc anası tərəfindən atılması və başqalarının götürüb saxlaması, illər sonra buna görə keçirilən peşmanlıq hissi müasir dövrümüz üçün də aktualdır.İstər hekayələrində, istərsə də "Dirilən adam”, "Açıq kitab” və digər romanlarında Mir Cəlal insanın daxili aləminə nüfuz etməyə çalışır, onun mənəvi-əxlaqi dünyasına – gözəlliyə və eybəcərliyə daha çox diqqət yetirir. Bütün bunlar isə ədibin yaradıcılığını bəşəri edir. Eyni zamanda, azərbaycançılıq ideologiyası Mir Cəlalın əsərlərində xüsusi yer tutur ki, xalqımızın mənəvi dəyərlərinin təbliği baxımından onun əsəri yaradıcılığı haqqında Moskvada kitab nəşr edilməsini məqsədəuyğun bildim. Demək istəyirəm ki, Mir Cəlalın aşıladığı keyfiyyətlər dünya oxucu auditoriyası uçun aktualdır. Xatırladım ki, yazıçının 100 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib.Böyük ədibin əsərlərini rəssamlıq sənətində olan veduta janrı ilə müqayisə edərdim. XVI-XVIII əsrlərdə vedutalar şəhəri və onun ətrafını topoqrafik dəqiqliklə təsvir edən əsərlər idi. Ən yaxşı veduta ustaları təsvirin müstəsna dərəcədə həqiqiliyini poetik çalarlarla biləşdirirdilər. Düşünürəm ki, Mir Cəlalın əsərləri Venesiya rəssamlarının tablolarına çox yaxındır. Necə ki o tablolara hər dəfə diqqətlə baxılır və yeni nəsə gözə çarpır, eynən Mir Cəlalın əsərlərini hər dəfə oxuyanda ondan nəsə öyrənmək olur.Nəhayət, ədibin qəhrəmanları şəxsən mənim hərəkətlərim, emosiyalarım, yaşadıqlarım üçün bir ölçü meyarıdır. Düşündüklərim, bəzən özüm-özümlə apardığım mübahisələrdən çıxış yolu yazıçının qəhrəmanları ilə müqayisədə tapılır. Onu oxuyandan sonra bədii ədəbiyyatda öz hisslərimlə, yaşadıqlarımla müqayisə etmək üçün qəhrəmanlar axtarmağa başladım. Məhz bu qəhrəmanlardan sonra mən digər əsərlərdə kimi axtarmaq, kimlə dost olmaq lazım olduğunu anladım. İnsan sevdiyi qəhrəmanlarla isə - qoy ədəbi qəhrəman olsun - həmişə görüşmək istəyir.Qeyd edək ki, müsahibimiz Qafar Hüseynov Qazaxıstanda dünyaya göz açıb. Sovet dövrünün repressiya dalğası onun da qohumlarından yan keçməyib. Hazırda Bakıda yaşayır. Ədəbiyyatşünaslığın bir sıra problemləri haqqında kitabların müəllifidir. Əsərləri Bakı, Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, Aşqabad, Taldı-Kurqan, Daşkənd, Nijnevartovsk və digər şəhərlərdə nəşr edilib.
banner

Oxşar Xəbərlər