AZE | RUS | ENG |

Yazıb-yaradanlar məişət qayğıların­dan uzaq durmalıdırlar

Yazıb-yaradanlar məişət qayğıların­dan uzaq durmalıdırlar
Azad Yaşar: “Dünya yazar­la­rın­dan hələ heç kəs bu qədər orijinal fikri, belə yığcam şəkildə, təqdim eləməyib”

"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz şair və tərcüməçi Azad Yaşardır.  Onun sevdiyi əsər Renarın "Gündəlik” əsəridir.   – Hansı məziyyətlərinə və bədii keyfiyyətlə­rinə görə Jül Renarın "Gündəlik” əsəri sizin sevdiyi­niz əsərdir? – Əslində sevdiyim əsərlər çoxdur, yüzlərlə əsəri ana dilimizə sevə-sevə çevirmişəm, sadəcə olaraq sizin layihədə ən müxtəlif janrlarda əsərlərin təqdi­matı olsa da, gündəlik və aforizm nümunəsi heç olmamışdı. "Gündəlik”lə ilk tanışlığım ikinci kursda oxuyanda, düz 40 il öncə baş tutub. Memarlıq fa­kül­təsində oxusam da, həm şeir yazır, həm tərcü­mə­lər edir, həm rəsm çəkir, həm də layihələr işlə­yirdim. Jül Renarın məzəli deyimlə­rin­dən auditoriyada ara-sıra misal gətirdiyimdən tələbə yoldaşla­rım­dan bəziləri də bu kitaba maraq salmış, onu mən­­dən alıb oxumuşdular. İlk dəfə bu əsərdən ki­çik bir bölüm – cəmi 70 sə­hifə –  1974-cü ildə istedadlı jurnalist və tərcüməçi Rəfail Nağı­yev tərəfindən dilimizə çevrilib. 2014-cü ildə "Zero” layihəsi həmin nəşri cib formatında təkrarlayıb. 2015-ci ildə isə Cəlal Bəydilinin tərcüməsində çıxan "Aforizmin iki zirvəsi” adlı 77 səhifəlik kitabda Jül Renarın və polyak yazarı Stanislav Yeji Letsin aforizmləri bir arada təqdim olunub. Amma mən bu kitabın 1887-1910-cu illəri, təxmi­nən 24 illik dövrü əhatə edən və 1965-ci ildə Mosk­va­da çap olunan versiyasını sonralar Rusiyada ya­şayıb-işlə­yər­kən əldə etdim və anladım ki, dilimizə çevrilən qisim dəryadan bir damla imiş.   1991-ci ildə yazdığım "Qəribə qoxusu var pulların” şeirinə epiqraf kimi Renarın "Xoşbəxtlik pulda deyil­sə, onu qonşunuza verin” ironik deyimini epiqraf kimi seç­­mişdim. Həmin şeirin sonluğunda mən tanıma­yanlara Renarın bunu zarafatla dediyini isə belə açıq­lamışdım:   Nə qədər üzü pis olsa da insanın bu ucuz vaxtında xoşbəxtlik hələ ki puldadır həm də. Odur ki, pul kisənizin ağzını açıb yoldan ötənə paylamayın hələ üstəlik taleyiniz sınıqsa, tavanınızdan damırsa, ümidləriniz corabınız kimi yamaq-yamaqsa, çaşıb küyə gedərsiniz, bilməyənlər qoy bilsin çox baməzə kişi olub Jül Renar.   – Bu əsərdə xüsusi seçdiyiniz bir hikmətli fikir han­sıdır və niyə? – Renar aforizmlərinin mərhum jurnalist Rəfail Na­ğı­yev tərəfindən edilən tərcüməsini daha uğurlu sayıram, amma onların da indi qismən retuşa, re­daktəyə ehtiyacı var, çünki aradan 45 il ötüb və di­limizin ifadə gücü o vaxta nəzərən artıb. 12 il boyu baş redaktoru olduğum sosial mövzulu həftəlik qəzetin hər sayında mütləq maraqlı bilgiləri və aforizmləri öz tərcüməmdə geniş oxucu auditori­yası ilə payla­şır­dım. Sonradan həmin aforizmləri bir araya gəti­rib, qruplaşdıranda 500 səhifəlik bir kitab çıxdı or­ta­ya. Orada Jül Renara da geniş yer ayırmışam və mən özüməqədərki tərcümə versi­ya­sın­dan istifadə et­mə­mişəm və bizim oxucuya hələlik məlum olma­yan aforizmləri çatdırmağa üstünlük vermişəm. O ki qaldı bir hikmətli kəlama o, budur: "İnsanları mə­safədən çox sükut ayırar”.
 
– Bəs bu gün necə, bir janr kimi aforistikaya maraq böyükdürmü?
– Bir neçə il əvvəl tanınmış ədəbiyyat alimlərin­dən biri demişdi ki, XXI yüzil kiçik nəsr əsərlərinin, hətta aforizmlərin əsridir, sosial şəbə­kə­lərdəki sta­tus­larda tanınmış ədəbi əsərlərdən ən maraqlı de­yim­lərin və aforizmlərin sitat kimi qoyulma­sı da bunun bir sübutudur.
 
– Jül Renarın "Gündəlik” əsəri mənə bir az da günümüzdəki Facebooku xatırlatdı. Bu əsəri "Fa­cebookun əcdadı” hesab etmək olarmı?
– Həmin alim öz fikrini onunla əsas­lan­dı­rırdı ki, yüksək texnologiyaların geniş yayıldığı indiki dövr­də insanların irihəcmli kitablar oxumağa vaxtı və həvəsi qalmır. Aforizm isə önəmli həyat ha­disələri və faktları haqda böyük təcrübəyə əsas­la­nan bədii fikrin yığcam, gözəl və orijinal tərzdə ifa­də­sidir. Bu baxımdan "Gündəlik” qələm sahibləri və Facebook üçün əsl xammal sayıla bilər.
 
– Jül Renarın həyatı da qəribə olub...
–  Əsl adı Pyer-Jül Renardır. Uşaqlıq dövrü çətin keçib, 9 yaşına çatana qədər atasının ardınca anası da canına qəsd edib. Babat lisey təhsili alandan sonra iş həyatına başlayıb, redaksiyalarda işləyib, Fransa sosialistlərinə qoşulub, "Humanite” qəzeti üçün yazılar yazıb, bu sayədə Şitri-le-Min şəhərciyi­nin meri seçilib. Ədəbiyyatda özünü Qustav Floberin və realist ənənənin davamçısı sayıb, Viktor Hüqoya və Gi de Mopassana xüsusi rəğbət duyub.      Bir neçə pyes yazsa da, nisbətən tanınan əsərləri avtobioqrafik xarakterli "Kürən” (1894) povesti və haqqında danışdığımız "Gündəlik”dir. 1907-ci ildə Qonkur Akademiyasına üzv seçilib. Ömrü boyu beyindaxili təzyiqdən əziyyət çəkib və elə bundan da vəfat edib. 
J.P.Sartr, "Yeni roman”, və ya "Antiroman”) cərəyanının – A.Rob-Qriye, K.Simon, N.Sarrot, M.Bütor, M.Düras, S.Bekket və s. –  və "OULİPO” qrupunun təmsilçiləri
– J.Perek, İ.Kalvino, R.Keno, M.Dyuşan, J.Rubo – öz üslublarını yaradarkən Renardan təsirləndiklərini, onun ideyalarından bəhrələndiklərini dönə-dönə etiraf ediblər. Məşhur fransız bəstəkarı Moris Ravel onun "Təbiət hadisələri” adlı miniatürlər silsiləsinə simfonik variasiyalar bəstələyib. Bir çox dillərə çevrilən və doğma anasının qəddarlığın­dan bəhs edən "Kürən” po­ves­tinin motivləri əsasında isə 5 dəfə bədii film çəkilib.  
Həyatda ikən layiq olduğu qiyməti ala bilməyən yazar ölümündən sonra ona ucaldılacaq abidənin üzərinə bu cümlənin yazılmasını xahiş eləmişdi: "Jül Renara – onun laqeyd həmvətənlərindən”.
 
– Renar bu əsərin əlindən bezar idi: Əsəri ya­za-yaza qeyd edirdi ki, "Bu "Gündəlik” məni əl­dən sa­lır. Onu yaradıcılıq adlandırmaq olmaz. Hər gün sevgi ilə "məşğul olmaq” hələ sevmək de­mək deyil”. Müəl­lifin öz əsərinə bu cür müna­si­bəti ilə razısınız­mı?
 
– Bu etiraf onun öz əsərinə nə qədər enerji və diqqət sərf etdiyini, onun üzərində necə əsdiyini göstərir. Aforizmləri ilə tanınan Mişel Montendən fərqli olaraq, Renar özündən əvvəlki yazarlardan iqtibaslar etmir, təkrarsız və son dərəcə sərrast olmağa çalışır.
Təbiət təsvirləri, bitkilər və heyvanlar aləmi, qadın­lar və kişilər barədə sərrast deyimlər və ilan boğazından çıxmışa bənzəyən, sarsıdıcı təsvirlər var "Gündəlik”də. Yazılmağa başlandığı vaxtdan 130 ildən çox ötməsinə baxmayaraq, dünya yazar­la­rın­dan hələ heç kəs bu qədər orijinal fikri, həm də belə yığcam şəkildə, özü də tək cild­də oxuculara təqdim eləməyibdir.    
 
– Bayronun gündəlikləri sayəsində şairin este­tik baxışları formalaşıb, Stendalın "İtaliyaya 1811-ci il səyahəti” gündəliyi onun üçün tam bir roman materialı olub. Jül Renarın "Gündəlik” əsəri ədəbiyyat tarixində öz layiqli qiymətini və yerini alıbmı?
–  Renarın gündəliyinə ən yüksək qiymət verən məşhurlardan biri Ç.Dikkensdən sonra ən çox oxunan ingilis yazarı və dramaturqu Uilyam Somer­set Moemdir. Özü hədsiz cilalanmış üslub sahibi olan və fransız ədəbiyya­tına sıx tellərlə bağlılıq duyan bu yazıçı özü də 91 illik ömrü boyu gündəliklər və qeyd dəftərləri tutub. Buna görə də Renarın aforizm və müşahidələrinə tərəfsiz qiymət vermək iqtidarında olub. O, yazır:
"Bu, həqi­qətən heyrətamiz bir kitabdır... Jül Re­na­rın səmimiyyəti heç bir hədd-hüdud tanımır, "Gün­də­lik”də o, özünü, əslində, olduğundan daha yaxşı göstərməyə əsla can atmır... "Gündəlik” əsəri oxucuya görünməmiş həzz verir. Ondan ayrıla bilmirsən. O, hazırcavablıq, nüfuzedicilik və müdriklik xəzinəsidir... Ədəbiyyata bu qədər cani-dildən xidmət edən ikinci bir insan çətin tapılar”. 
 
– Yazıçılardan bir çoxlarının gündəliyi sanki qara­lama xarakteri daşıyır. Yəni oxucudan ötrü nəzər­də tutulmayıb və buna yaradıcılıq demək olmaz. Jül Renarın "Gündəlik” əsəri isə ədəbi janr yüksəkliyin­dədir. O bu əsər haqqında yazırdı: "Bu, həyatda etdiyim ən yaxşı və ən lazımlı bir şeydir”. Sizcə, niyə Renar öz əsəri barədə belə yüksək fikirdə idi?
– Renar özünə qədər gündəlik tutan yazarlardan fərqli olaraq, bunu bir ədəbi janra çevirə bilib. Bunların hamısının əsasında isə onun misil­siz müşahidə bacarığı, çevrəsinə həssasiyyəti və sözlərdən xəsisliklə yararlan­ma­sı dayanır. Onun qeydlərində, aforizmlərində çox vaxt bir şeirin, bir hekayənin, bir səhnəciyin rüşeymini və ya bitkin şəklinə, hansısa ədəbi surətin xarakteri, zahiri cizgi­ləri və vərdişləri haqda zərgər dəqiqliyi ilə işlənib ta­pıl­mış təfərrüatlara, cəmiyyət həyatı ilə, ədəbi mü­hit­lə əlaqədar gizli məqamlara və etiraf­lara rast gəl­mək mümkündür. Əlbəttə, əgər çox er­kən – 46 ya­şın­da dünyasını dəyişməsəydi, o, bütün bu təfər­rüatlardan gələcək əsərlərində yararlana bilərdi.  Aforizm elə janrdır ki, onun barəsində uzun-uzadı danışmaqdansa, onu səs­lən­dirmək daha məsləhət­lidir, çünki o –  əsl "fihi-ma-fih”dir, yəni "İçindəki içindədir”. Bu­rada sitat gətirəcəyim aforizm­lər öz tərcüməm­də­dir:  "Həyat. Onu getdikcə daha az anlasam da, daha çox sevirəm”. "Vacib olan sadəcə yaşamaq deyil, bəxtəvər yaşa­maq daha vacibdir”. "Qəfəsdəki quş hələ bilmir ki, o, uçmağa da qadir­dir”. "Ölüm də rəhmdildir – o, bizləri özüylə bağlı qayğı­lar­dan həmişəlik xilas eləyir”. "Yalana qarşı bəslədiyim nifrət hissi mənim təxəyyü­lü­mü sıfıra endirib”. "Məzar başında söylənən təriflər. Mərhum sağlığın­da bun­ların yarısına da həsrət idi”. "Bəzilərinə özünün bədbəxt olması az gəlir, istəyirlər ki, başqaları da qarabəxt olsun”.
 
– Renarın "Gündəlik”lərindən də görünən so­sia­list düşüncəsi, realizmi. sizcə, nədən qay­naq­lanırdı?
– Jül Renarın özünüifadə tərzindəki daxili alicə­nab­lıq və dəqiqlik ona, təbii ki, haqqı nahaqqın aya­ğına verməməyi diktə edib. Buna görə də onun bütün insanların bioloji baxımdan olmasa da, sosial baxımdan cəmiyyətdə bərabərliyi ideyasını irəli sü­rən sosializmə rəğbət bəsləməsi, bu fikrin daşıyıcı­larına qoşul­ma­sı normaldır. Həm də XIX əsrin son­la­rında sosialist nəzəriyyə indiki qədər gözdən düş­mə­mişdi, kapita­lizm və imperializm onun nailiyyət­lərini hər nə qə­dər əlçatmaz kimi təqdim etsələr də, sonradan öz­lərini ayaqda tutmaq üçün ondan bir çox cəhətləri əxz eləməli oldular. Təsadüfi deyil ki, J.Renarın 100 illik yu­bileyini də fransız xalqı və Fransa Kommunist Par­tiyası geniş qeyd edib. Bu­nun bir səbəbi isə ya­zarın ömrü boyu burjua əxla­qı­nı, harınlığını aman­sız şə­kildə qamçılaması idi.     
 
– İntihara cəhd edib, anası da əqli çatışmaz­lıq­dan əziyyət çəkib və dünyadan erkən köçüb. "Rena­rı  əzabları yazıçı edib”, "O öz taleyi haq­qında düşünməkdən yazıçı oldu” deyirdi müa­sirləri. Siz onun əzablarının izlərini "Gündəlik”­lərində müşahidə etdinizmi?
– Əzabsız, məşəqqətsiz yüksək səviyyəli sənət adamı olmaq imkansızdır, çünki digər peşə-sənət sahibləri ilə müqayisədə ilham pərisinin himayəsi altında yazıb-yaradanlar daim məişət qayğıların­dan uzaq durmalıdırlar ki, sənətə, yaradıcılığa, ye­niliklər etməyə köklənə bilsinlər. 
 
– "Mən hətta iflic olandan sonra da başqaları­nın yerişini yamsılayacağam” deyən Jül Renar, sizcə, bu əsər­də həddən artıq tənqidi, ironik mövqe sərgi­lə­mir ki?
- Bu əsərin öz müəllifinin ölümündən xeyli sonra – 1925-27-ci illərdə işıq üzü görməsi tamamilə qa­nu­nauy­ğundur, yoxsa Renarın sivri dillə sancdığı həmkar­ları və real şəxslər ara­sından özünə nə qədər düş­mən qazanacağını bir Allah bilərdi. Amma bu tən­qid də təkcə yazarın çevrəsinə qarşı yönəlməyib, bəlkə də, əsəri oxucu­la­ra daha çox sevdirən cəhət­lərdən biri də məhz özünü­tən­­qid dozasının sərtliyidir. Aşağıdakı misallar buna sübutdur: "Özüm barədə düşünməyəndə mən yerli-dibli düşün­mü­rəm”. "Get-gedə daha təvazökar olmama rəğmən, öz təvazökarlığımla daha tez-tez öyünməyə başlamı­şam”. "İndidən bilirəm ki, müharibə qızışsa, mən mütləq vətənpərvərlərin sırasında olacağam”. "Öz ömrümdən mən azı min il itirmişəm”. "İl boyu hər günümü eyni sözləri təkrarlamaqla keçirirəm: "Hər anın qədrini bilməliyəm”.  "Hər məşhur kişinin ardında mütləq onun əzablarına qatlaşan bir qadın var”
 
– Bəzən bu kitabı "yaradıcılıq laboratoriyası” da adlandırırlar. Sizcə, niyə?
– Bu, son dərəcə haqlı müşahidədir, çünki XIX əsrin sonu və XX əsrin ilk rübündə, hətta iki dünya müharibəsindən sonra meydana çıxan sənət cərə­yanları üçün xarakterik olan detallara, onlara təkan verəcək rüşeymlərə "Gündəlik”də gen-bol rast gəlmək olur. Məsələn, əsərdəki qeydlərdə abstrakt düşüncənin  – "Zürafəni görəndən sonra şeytanın da var olduğuna zərrəcə şübhən qalmır”, "Yüz min qəlb görəsən nə qədər insan demək­dir?”, – absurd ədəbiyyatın – "Bütün heyvanlar danış­mağı bacarır, təkcə başqalarını yamsılayan tutuqu­şundan baş­qa”, "Ah, kaş təkbaşına toy səyahətinə çıxmaq mümkün olaydı!” –, qara yumorun – "Dəfn arabasını görən Tristan Bernar arabaçıya səsləndi: "Ey, məni də apararsan?”, "Özüm üçün o qədər uca qəsrlər ucaltmışam ki, uçsalar belə, onların vira­nələri ilə keçinərəm”, "Canına qəsd etmək istə­yən­lər adətən öz foto­larını cırmaqla kifayətlənirlər”, "Ölülərin söhbəti: – Hələ yatırsan? – Hə, bəs sən? – Mən də elə. Amma bircə onu anlaya bilmirəm ki, səhərlər yuxudan niyə oyana bilmirəm” –, ironik detektivin – "Əllərini yuyandan sonra qatil sabun köpükləri buraxmağa girişdi”, "Kəkliklər elə təlaşla pırıldayıb havaya qalxırlar ki, sanki kimsə onları cinayət başında yaxalayıbdır”, "Evində kişi zənci nökər saxlayan bir kübar xanım qaradərili uşaq doğduğu üçün əri cin atına minib deyir: "Tezliklə bu çağanın rəngi dəyişməsə, mən bəzi adamları bu evdən qovmalı olacağam” –  mistikanın – "Əhvalı qəflətən fənalaşan kitab rəfdən düşüb, yerə sərildi”, , trillerin  – "Üstündəki bitləri öldürmək­dən ötrü qabana atəş açmaq”, "Mübahisədən qan fışqırdı”, sürrealizmin  – "İn­san öz köklərini başının içində, beynində gəzdirir”, futurizmin – "Zürafə kimi, atın da nadir heyvan sayılacağı günə çox az qalıb”, "Çərpələng­dən fotoların çəkiləcəyi günə bir şey qalmayıb”, fantastikanın  – "İki teleqraf dirəyi arasında öz torunu quran hörümçə­yin məqsədi söhbətlərimizi dinləməkdir”, "Sivişib aradan çıxmağa can atan fikri yaxalayıb, kağıza salmaq”, "Dəmir yolu relsi üçün qulançardan yararlanmağı düşünən uşağın fantaziyası ilə müqayisədə bizim xəyal gücümüz bir heçdir”, horrorun  – "Gecə – göz­ləri oyulmuş gündüzdür”, animasiyanın  – "Külək sə­hi­fələri vərəqləsə də, oxumağı bilmir”, "Frak gey­miş qaranquş” və sairənin ip uclarına rast gəlirik. Yazı sənəti haqda müşahidələri də o qədər sarsı­dı­cıdır ki, bunlarla hesablaşmaya bilmirsən: "Üslub – bütün məlum üslubları yerli-dibli unutmaqdır”, "Yazmaq da danışmağın bir növüdür, nə qədər da­nışsan da, sözünü kəsmirlər”, "Kitablarım – bir mə­nada özümə ünvanladığım, amma başqalarının da oxumasına izn verdiyim məktublardır”, "Mən nəsr­də şair olmağı arzulayıram... Nəsr əsəri misra­lara ayrılmamış bir şeiri xatırlatmalıdır”...     Bundan başqa, əsərdə vizuallıq bəzən özünün maksimim həddinə çatır. Hərdənbir biz 5-10 kəlmə ilə bir portretin  – "Əcəb portretdir – onun heç vaxt danışmayacağına inanırsan”, "O, elə çirkin idi ki, üz-gözünü bürüşdürəndə az-çox gözəlləşirdi”, "Dərddən qəflətən yaşlanan insanın çöhrəsi gölmə­çə­nin səthini əsən küləyin qırışdırmasına bənzə­yir”, bir mənzərənin  – "Otlayan atlar quyruqlarını yel­lə­­məklə qüruba enən günəşlə sağollaşırlar”, "Günəş öz şüalarını milçə kimi işə salmaqla pənbə buludlar toxuyur”, "Gözəgörünməz bir caynağın izini xatırla­dan şimşək”, "Sən demə, bu boyda tufan bapbala­ca sərçənin quyruğundakı tükləri pırpızlatmaqdan ötrü qopubmuş”, bir karikaturanın – "O cür iri kəlləsi var, amma beyni noxud boyda­dır”, "Hər fikrinlə əlüs­tü razılaşanlara tədricən nifrət bəsləməyə baş­la­yırsan”, bir şarjın  – "Sırf qolları olmadığı üçün bu maneken özünü Miloslu Veneraya tay tutur”, "Əlini-əlinə sürtən milçək”, "Dəvəquşu dimdiyi qədər öz quyruğundan da eyni məsafədədir” və s. yaradıl­dı­ğı­na şahid oluruq. Musiqi sənəti ilə bağlı qeydlər isə Jül Renarın bu sənət sahəsinə də nə qədər dərindən aşina oldu­ğu­nu göstərir. Buna aid bir misala baxaq: ”Qulaqla­rımın təbiətdə var olan bütün səsləri qoruyub sax­la­yan bir balıqqulağı olmasını istərdim”.  Hələ fizika, kimya, astronomiya, psixologiya və sair elm sahələri ilə bağlı aforizmləri demirəm. Bu yerdə onu da vurğulamağı özümə borc bilirəm ki, Jül Renar Oksford və ya Sorbonna Universitetini bitirməmişdi, adicə liseyi bitirəndən sonra Parisdəki Ekol Normalda oxumaq fikrinə düşsə də, valideyn­lə­ri­nin və maddi imkanlarının yoxluğu üzündən bu niyyətindən daşınmış, amma durmadan öz üzərin­də işləmiş, mütaliəyə hədsiz düşkün olmuşdur.  
 
– Jül Renar yazır: "Nə qədər çox oxusan, özünü başqalarına o qədər az oxşadarsan”. Geniş yayılmış düşüncəyə görə, insanlar kitab oxuduqca obrazlara bənzəməyə çalışır, onların fikirlərini mənimsəyir və həqiqi "mən”lərindən uzaqlaşıb başqa birinə çevri­lirlər. Bu sitata münasibətiniz necədir?
– İnsanoğlunu özünü oxuduğu, həyatda və ekran­da gördüyü şəxslərə, bədii surətlərə bənzətmək cəhdləri ancaq nisbi xarakter daşıya bilər. O, rastına çıxan, ona təqdim olunan nümunələrdən yalnız müəyyən impuls, təkan alır, onun öz "mən”indən qoparaq, qarşısındakının kopyasına çevrilməsi imkansızdır. Hətta ata-anası eyni olan və eyni tər­biyəni alan övladlar da bir-birinin tam oxşarı deyillər, buna nə qədər can atsalar da, səyləri bihudə olar. Elə Allahın böyüklüyü də ondadır ki, heç vaxt və heç nədə özü-özünü təkrarlamır. Jül Renar isə oxuduğu mətnləri təkrarlamaqdan qaçmağın "reseptini” də oxucularıyla bölüşür: "Yad­da­şı­mın ən misilsiz cəhəti – oxuduqlarımı dərhal unutmamdır”.
 
– İlk çapından yüz ilə yaxın müddət ötməsinə baxmayaraq, əsərin bu qədər aktual qalmasının səbəbi nədir?
– "Gündəlik”dəki ilk qeydlərini yazar hələ 23 yaşın­da ikən qələmə almağa başlayıb və onun vaxtsız ölümü bu misilsiz işi ya­rım­çıq qoyub. Fransız ədəbiyyatı dünya söz sənətinin yüksək inkişafa malik qollarından biridir və bunun sübutu üçün təkcə onu xatırlatmaq yetərlidir ki, ədəbiyyat üzrə Nobel mükafatına layiq görülənlər arasında bu dildə yazıb-yaradanlar böyük əksəriyyət təşkil edirlər – 14 nəfər. İnanıram ki, vaxtsız vəfat etmə­səydi və ya sağlığında çap olunsaydı, təkcə  "Gün­də­lik” ona Nobel mükafatı vermək üçün yetərli olardı. Nobel Komitəsinin bu namizədin seçilməsi haqda qısa xarakteristikası da yəqin belə olardı: "Həyatın yetərincə qısa, amma ən dolğun tanıtımı­na görə”... Təsadüfi deyil ki, kitab Fransada ilk dəfə çap olu­nanda rəyçilər onu yekdilliklə "Səmimiyyətin son həd­di” adlandırmışdılar. Bu, Renarın 1900-cü il üçün qeydləri ilə birəbir səsləşir: "Gündəlik” əsərimi vərəqləyirəm. Deyəsən, bu, həyatım boyu yazdıqları­mın ən üstünü və ən faydalısıdır”. Kitabı aktual edən də onun barəsində söhbət boyu toxunduğumuz məqamlardır. Sizin bu layihə çərçivəsində müzakirəyə çıxarılan əsərlər arasında "Gündəlik” yeganə kitabdır ki, on­da dəqiq bir süjet və ya süjetlər silsiləsi həm var, həm də yoxdur, cürbəcür personajlar həm var, həm də yoxdur. Əsas personaj isə arzu, xəyal və yaşan­tıları ilə özünü olduğu kimi ortaya qoyan Jül Renardır.   Söhbətləşdi: Fərid Hüseyn  

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775