Yaddaşlarda yaşayan alim
Sənətşünas Ziyadxan Əliyevin məzarüstü abidəsi ucaldılıb. Abidənin müəllifi heykəltəraş Toğrul Ağayevdir. Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi olan müəllif sənətşünasın dostu olub. Bu abidə gənc heykəltəraşın müəlliminə olan hörmətinin təcəssümüdür.
Tarix hər gün yazılır, abidə isə gələcəyə yadigardır. Tanınmış şəxslərin xatirəsini əbədiləşdirilməsi məqsədi ilə heykəllərin, qəbirüstü abidələrin ucaldılmasında xatirə lövhələri və barelyeflərin hazırlanması onların ruhuna ehtiramın göstəricisidir. Bu ənənə hazırda da öz aktuallığını saxlayır. Bugünlərdə milli təsviri sənətimizin “keşiyini” ləyaqətlə çəkmiş, tədqiqatçı alim, görkəmli sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin məzarüstü abidəsi ucaldılıb.
Gənc heykəltəraşın dostuna dərin ehtiramı
Qəbirüstü abidənin müəllifi heykəltəraş Toğrul Ağayevdir. O, 2000-ci illərdə Azərbaycan Rəssamlıq Akademiyasında Xalq rəssamı Natiq Əliyevdən dərs alıb, hazırda akademiyanın müəllimidir. Heykəltəraşın sənətşünasla tanışlığı tələbəlik illərinə təsadüf edib, sonradan dostluğa çevrilib. Bu abidə gənc heykəltəraşın müəlliminə dərin hörmətin təcəssümüdür.
77 illik ömrünün 43 ilini sənətə həsr edib
Xatırladaq ki, görkəmli alim Ziyadxan Əliyev 77 illik ömrünün 43 ilini sənətə həsr edib. Azərbaycan təsviri sənətinin tədqiqi və təbliği istiqamətində onun mühüm xidmətləri var. Ziyadxan Əliyev sənətşünaslıq sahəsində parlaq iz qoymuş şəxsiyyətlərdəndir. O, həm elmi, həm də pedaqoji fəaliyyəti ilə milli sənət tarixinin öyrənilməsinə və dünya miqyasında tanıdılmasına böyük töhfə verib. Onun araşdırmaları, məqalələri və kitabları bu gün də sənətşünaslıq elminin mühüm mənbələrindən biri kimi dəyərləndirilir.
Ziyadxan Əliyev elmi fəaliyyətinə 1980-ci ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində elmi işçi kimi başlayıb. Sonradan muzeyin “Qərbi Avropa və rus incəsənəti” şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib.
1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1987-ci ildən isə Rəyasət Heyətinin üzvü olub. O, eyni zamanda bir sıra ali təhsil müəssisələrində incəsənət tarixi fənnindən dərs deyərək yeni nəsil sənətşünasların yetişməsinə töhfə verib.
Çoxşaxəli elmi-publisistik fəaliyyət
Ziyadxan Əliyevin elmi-publisistik fəaliyyəti çoxşaxəli idi. O, Azərbaycan təsviri sənətinin müxtəlif istiqamətlərinə həsr olunmuş yüzdən artıq elmi və publisistik məqalənin, kataloqların və kitabların müəllifidir. Onun tədqiqatları xüsusilə Azərbaycan və Avropa rəssamlarının yaradıcılığının müqayisəli təhlili ilə seçilirdi. O, 2006-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 2018-ci ildə sənətşünas “Kaspi” mükafatı ilə təltif edilmişdi.
Aysel Ziyadxanlı